Sosial

Nədən on illərdir bir mənzili bir neçə adama satmaq olur?

Son vaxtlar tikinti şirkətlərinin bir mənzili bir neçə nəfərə satması məsələsi ilə bağlı yeni-yeni şikayətlər eşidilir. Aprel ayında “Sahil-S İnşaat” Mənzil Tikinti Kooperativin (MTK) rəhbəri bu iddia ilə həbs olunub. Bu günlər isə daha iki qurumun rəhbərliyinə qarşı eyni ittiham verilib.

Belə məsələlərlə bağlı şikayətlər illərdir eşidilir. Bunu doğuran səbəblər nədir? Aldandıqları deyilən adamların hüquqları necə qorunur?

Bakı sakini Eldar Yusif AzadlıqRadiosuna bildirib ki, 2018-ci ildə “Sahil-S İnşaat”dan mənzil alıb: “Firma bankında maliyyə arayışı əsasında orada ev almışam və sonra məlum olub ki, məndən başqa bu ev başqa iki nəfərə satılıb. Onların bu mənzili hansı sənəd əsasında aldıqları məlum deyil”.

Vətəndaş deyir ki, evin tikintisində çoxsaylı podratçılar iştirak edib: “Onlar da onlara qanunsuz şəkildə verilən maliyyə arayışları əsasında müxtəlif yollarla dəfələrlə satış həyata keçiriblər. Lakin onların heç biri məsuliyyətə cəlb olunmur”.

Onun sözlərinə görə, MTK-nın rəhbərliyi həbs olunsa da, öz pulunu geri ala bilmir.

Bu şikayətə, hələlik, “Sahil-S İnşaat” MTK-nın rəhbərliyi və onların vəkillərindən münasibət almaq mümkün olmayıb. Şirkətin rəhbərliyinin məhkəməsi də, hələlik, başlamayıb.

Baş Prokurorluqdan “Turan”a bildirilib ki, 2019-2021-ci illər ərzində tikinti (MTK) dələduzluğu ilə bağlı 20-dən artıq iş istintaqı tamamlanaraq məhkəməyə göndərilib. Qeyd olunub ki, müraciətlərin hamısı obyektiv araşdırılır və əsaslı şübhələr yarandığı halda, bütün təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri həyata keçirilir.

Daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov isə agentliyə bildirib ki, son illər belə halların sayı əksinə, azalıb: “Bu hallar 2007-dən başlayaraq 2018-ci ilə qədər çox olmuşdu. 2018-ci ildə Mülki Məcəllədə bir balaca düzəlişlər oldu, tikinti şirkətləri bir az rəsmiyə keçdilər”. Onun sözlərinə görə, üstəlik, bəzi tutulanlar oldu və bu da müəyyən qorxu yaratdı.

Ekspert deyir ki, qanunda müəyyən boşluqlar var: “Həmin şirkətlər boşluqları tapıb özlərinə sərf edən müqavilələr imzalayırdı”.

E.Azadovun vurğulamasına görə, aprel ayında təsdiqlənən Korrupsiya ilə mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planında tikinti şirkətlərinin satdığı mənzillərin reyestri olacaq: “Bu korrupsiya sisteminə nəzarət üçün yaranır”.

İqtisadçı Natiq Cəfərli də AzadlıqRadiosuna bildirib ki, bu məsələdə qanunvericilikdə boşluqların olmasının ciddi rolu var: “Vətəndaşların çoxu da öz hüquqlarını bilmir və hüquqi qüvvəsi olmayan kağız parçası ilə mənzil aldıqlarını düşünürlər. Qanunvericiliklə isə yalnız çıxarışı olan mənzillər satıla bilər. Amma iş orasındadır ki, MTK-ların daxili müqavilələrlə də mənzil satmasına qadağa yoxdur və şirkətlər bundan sui-istifadə edir”.

Onun fikrincə, bu vəziyyətdən iki çıxış yolu var: “Bir çox ölkələrdəki kimi, dövlət reyestrinə düşməyən binalarda mənzillərin satışı qadağa oluna bilər. Yaxud da Fövqəladə Hallar Nazirliyi binaların təhvil prosesini tezləşdirməlidir. Bu gün Bakıda minlərlə vətəndaş illərdir təhvil alınmayan binalarda yaşayır”.

İqtisadçı qeyd edib ki, Azərbaycanda böyük layihələri həyata keçirən tikinti şirkətlərinin arxasında həmişə hansısa dövlət məmuru dayanır: “Bunsuz, təəssüf ki, biznes qurmaq ya mümkün deyil, ya da həddindən artıq çətindir. Məmurlara arxalanan iş adamları və ya başqalarının adına açılmış məmur şirkətlərinin daha rahat və cəzasız davranmasının şahidi oluruq”.

24 saat” “
Nədən on illərdir bir mənzili bir neçə adama satmaq olur?
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button