Loading...
Loading...
SEÇMƏ

“Nərmin işi” üzrə məhkəmədə qalmaqal: “Yalan danışan şərəfsizdir…”

İlkin Süleymanovun əleyhinə ifadə verən şəxs 6 saylı cəzaçəkmə müəssisəsindən Gəncəyə təkrar niyə gətirilib?

Tovuz rayonunun Dondar Quşçu kəndində 2019-cu ilin noyabrında 11 yaşlı Nərmin Quliyevanın itkin düşməsi, 47 gün sonra kənddə yandırılmış meyitin tapılmasıyla bağlı məhkəmə prosesi davam edir. Gəncə Ağır Cinayətlər Məhkəməsində iyunun 8-də keçirilən məhkəmə iclasına Nərminin əmisi Arif Quliyev yenidən çağırılıb. Azyaşlı uşaq sonuncu dəfə evlərindən bu əmisigilə gödəkçə aparmaq adıyla çıxıb.

Ötən məhkəmə iclasında Dondar Quşçu kənd sakini Ürfət Əliyev Arif Quliyev haqqında ifadə vermişdi. Demişdi ki, kənddə yanmış meyit tapılmamışdan iki-üç gün əvvəl – yanvarın 3-ü və ya 4-ündə Arif onlara gəlib, ayıq-sayıq olmasını, gecə Nərminə aid nəsə, o cümlədən paltar, ayaqqabının onların qapısına atıla biləcəyini deyib. Əgər belə bir hal baş versə, dərhal ona xəbər verməsini istəyib:
“Düzü, bilmədim ki, niyə belə deyir…”.

Ayın 8-də Arif Quliyev məhkəmədə bildirib ki, qonşuluqda yaşayan Ürfət Əliyevə belə söz deməyib:

“Mən onlara yanvarda yox, noyabrda getmişəm. Onda uşağı hər yerdə axtarırdıq, onlara da uşağı axtarmağa getmişdim. Mən elə söz deməmişəm”.

Ürfət Əliyev isə Arif Quliyevin bu cür danışmasına təəccüblənib:
“Niyə yalan deyirsən? Sən deyildinmi gəlib o sözü deyən? Ayıbdır. Ad gününə görə yanvarın 1 və 2-də mənim qonaqlarım vardı. Ona görə dəqiq yadımdadır ki, ayın ya 3-ü, ya da 4-ü idi. Yoldaşım gəldi ki, Arif səni çağırır, çıxdım, onda dedi…”.

Arif Quliyev özü də təsdiqləyib ki, bu kənd sakini ilə aralarında heç bir problem yoxdur, əksinə, Ürfət Əliyevi yalan danışmayan biri kimi tanıyır.

Vəkillər Nərminin əmisindən soruşublar ki, əgər uşağı axtarmağa getmişdisə, niyə evə keçib baxmayıb? O bildirib ki, yalnız həyətə baxıb.

“Sizcə, oğurlanan uşağı həyətdə saxlayardılar? Axtarmağa getmişdinizsə, evə baxardınız, niyə baxmadınız?”, – bu suala isə cavab verməyib.

Məhkəmədə 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhbus Rəvan İsmayılov da dindirilib. 22 nəfərə qarşı dələduzluq ittihamıyla məhkum edilən Rəvan İsmayılov Bakı İstintaq Təcridxanasında bir neçə ay İlkin Süleymanovla eyni kamerada olub.

İstintaq dövründə İlkin Süleymanovun kamera yoldaşlarından da ifadələr alınıb. Onlardan ikisini Rəvan İsmayılov və Baxşəli Qəhrəmanovu məhkəməyə çağırılacaq şahidlər siyahısına salsalar da, digələrini daxil etməyiblər. Bu iki nəfərdən İlkin Süleymanovun yatarkən sayıqlaması, uşağı öldürdüyünü etiraf etməsi haqda ifadə alınıb. Digər kamera yoldaşları isə ifadələrində bildiriblər ki, İlkin Süleymanov əksinə, təqsirsiz olduğunu deyirdi.

Bu iki nəfər məhkəmədə dindiriləndən sonra vəkillər digər kamera yoldaşlarını da tapıb məhkəməyə gətirdilər. Onlar isə bildirdilər ki, yalandır, İlkin Süleymanov bu cinayətlə əlaqəsi olmadığını deyir.

Rəvan İsmayılovun Bakı İstintaq Təcridxanasında Rauf adlı vəzifəli şəxslə münasibəti olduğunu, mütəmadi həmin şəxsin ona 100 manat pul göndərdiyini də bildirdilər. Əlavə etdilər ki, Rəvana da müəyyən iformasiyalar verirdilər:

“Məsələn, o, kamerada dedi ki, Zakir Qaralovu çıxaracaqlar. Bir ay keçdi, çıxardılar. Bizə də təəccüblü gəldi ki, hardan bilir? Onun özü bizə demişdi ki, İlkinlik bir şey yoxdu, o uşağı orqan mafiyası aparıb…”.

Gözdən qaçırmayın:  Vaşinqton Bakı ilə Yerevanın sülhlə bağlı addımlarını dəstəkləyir

Əxlaqsız yuva saxlama ittihamıyla bir neçə il əvvəl həbs edilən Baxşəli Qəhrəmanovun adı bundan əvvəl də mediada hallanıb. O, “jam.az” saytının baş redaktoru Fikrət İbişbəylinin (Fərəməzoğlu) həbsi zamanı onun da əleyhinə ifadə vermişdi.

Rəvan İsmayılov həbsdə olduğuna görə bundan əvvəl onlayn qaydada dindirilmişdi. İyunun 8-də isə o, Gəncə Ağır Cinayətlər Məhkəməsinə gətirilib.

İlkin Süleymanovun vəkilləri hakim Dadaş İmanovdan soruşub ki, Rəvan İsmayılovun təkrar dindirilməsi haqda vəsatət verilmədiyi halda, hansı zərurətlə o, Bakıdan – 6 saylı cəzaçəkmə müəssisəsindən Gəncəyə etap olunub?

Hakim iddia edib ki, prokuror ötən məhkəmədə Rəvanın təkrar dindirilməsi üçün vəsatət verib. Vəkillər isə etiraz edərək, prokurorun belə bir vəsatətinin olmadığını bildiriblər:

“Olubsa, bizim niyə xəbərimiz yoxdur? Niyə müzakirəyə çıxarmamısınız o vəsatəti? Hər dəfə deyirsiniz ki, prosesdə audioyazı gedir, təqdim eləyin bizə o hissəni, əmin olaq ki, prokuror belə bir vəsatət vermişdi…”.

“Olubsa, bizim niyə xəbərimiz yoxdur? Niyə müzakirəyə çıxarmamısınız o vəsatəti? Hər dəfə deyirsiniz ki, prosesdə audioyazı gedir, təqdim eləyin bizə o hissəni, əmin olaq ki, prokuror belə bir vəsatət vermişdi…”.

Vəkillərin dediklərindən sonra hakim Dadaş İmanov əsəbiləşib, qışqırıb və deyib ki, Rəvan İsmayılovu öz təşəbbüsü ilə gətirdib. Bu zaman da vəkillər ondan soruşub ki, məhkəmənin marağı nədir ki, İlkin Süleymanovun əleyhinə ifadə vermiş şəxsi təkrar dindirmək üçün Bakıdan – cəzaçəkmə müəssisəsindən Gəncəyə gətirdir?

Hakim israr edərək, Rəvan İsmayılovu dindirib. O bildirib ki, İlkin Süleymanovun təqsirsiz olması, Nərminin orqan mafiyası tərəfindən Gürcüstana aparılması haqda digər kamera yoldaşlarına heç nə deməyib. İlkin özü isə kamerada uşağı öldürdüyünü etiraf edib.

Bu zaman məhkəmədə iştirak edən digər iki kamera yoldaşı Rəvan İsmayılovu yalan danışmaqda ittiham edib: “Yalan danışan şərəfsizdir…”.

Hakim Dadaş İmanov qəzəblənib, bunu deyən şahidi “həyasız” adlandırıb. Az sonra isə onun məhkəmə zalından çıxarılmasına göstəriş verib.

Vəkillər hakimi prosesi qərəzli aparmaqda, İlkin Süleymanovun əleyhinə ifadə verən şahidə şərait yaradıb, onun söylədiklərinin əksini deyən şahidlərə isə danışmağa imkan verməməkdə qınayıblar.
Məhkəmə prosesi iyunun 14-də davam edəcək.

1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur.

İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.

İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub.
Baş Prokurorluq isə işgəncə iddialarını təkzib edib.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button