SEÇMƏ

“Nərmin işi”ndə aparıcı Zaur Baxşəliyevin dindirilməsi istənilir

Məhkəmədə videogörüntülər tədqiq olunur

Tovuz rayonunun Dondar Quşçu kəndində üç il əvvəl 11 yaşlı Nərmin Quliyevanın oğurlanması, 47 gün sonra kənddə yandırılmış meyitin tapılmasıyla bağlı məhkəmə araşdırmaları davam edir. Azyaşlını oğurlayıb öldürməkdə ittiham olunan İlkin Süleymanovun məhkəməsində cinayət işinin materiallarında olan videogörüntülər tədqiq olunur.

Bu işi Gəncə Ağır Cinayətlər Məhkəməsində Dadaş İmanovun sədrlik etdiyi hakimlər kollegiyası araşdırır.

Noyabrın 29-da məhkəmə iclasında İlkin Süleymanovun həbsindən sonra evlərinə gətirilib, orada çəkilmiş görüntülər təhlil olunub. Həmin görüntülərə ötən məhkəmə iclasında baxılıb. Bu dəfə o, vəkillərin və hakimlərin həmin çəkilişlə bağlı suallarını cavablandırıb.

İlkin Süleymanov bildirib ki, sözügedən video 2020-ci il yanvarın 14-də çəkilib. Soyuq qış günündə hadisə yerinə tərliklə gətirilməsi də təsadüf olmayıb:

“Yanvarın 14-də tərlik geyinib küçəyə çıxmaq ağlabatan deyil. Mənim ayaqqabım vardı, amma işgəncədən ayaqlarım elə vəziyyətə düşmüşdü ki, ayağıma ayaqqabı geyinə bilmirdim. Ona görə tərlik geyindirib gətirmişdilər. Mən o evə daxil olanda gördüm ki, orada əşyalar əvvəlki kimi deyil, qarışdırılıb. Yadınızdadırsa, məhkəmədə dindirmələrdə məlum oldu ki, polislər yanvarın 9-dan 10-na keçən gecə bizim evimizə qanunsuz soxulublar. Güman edirəm ki, onda qarışdırıblar. Çəkilişdə də görünür, uşağın saxlandığı iddia olunan həmin otaqda dəzgaha qoşulmaq üçün faza keçir. Atam məhkəmədə dindiriləndə demişdi ki, dekabrda qalxıb o otaqda fazanı qoşub, bəzi işlər görüb. Həmin vaxt otaqda heç kim olmayıb. Bacım oğlu Nicat yanvarın əvvəlində o otağa qalxıb, anamın paltosunu gətirib ki, geyinib yas yerinə getsin. O da bildirdi ki, otaqda heç kim olmayıb. Videoda görünür, pərdənin arxasında həmin paltarlar var. Əvvəl ifadədə demişdim ki, bilmirəm, bu cinayəti niyə törətmişəm. Sonra övladlığa götürmək məsələsi ortaya çıxdı. Əlbəttə, bu da uydurmadır. Övlad kimi baxmaq istədiyim uşağı soyuq otaqda, əl-ayağı bağlı saxlamaq absurddur”.

Məhkəmədə o da məlum olub ki, 6 yanvar 2020-ci ildə – yanmış meyit tapılan gün səhər saat 10-dan günorta saat 15.00-a qədər İlkin Süleymanov kəndin başqa sakminləri ilə birlikdə Gəncədə yas mərasimində olub. Amma videoçəkilişdə həmin gün haqqında danışarkən bu barədə heç nə deyilmir. İlkin Süleymanov bunu belə izah edib:

“O videoda danışdıqlarım hamısı uydurmadır. Həmin gün real baş verənlər onları maraqlandırmırdı”.

Kadrlardan o da görünür ki, İlkin Süleymanov həyətə daxil olanda ailənin daimi yaşadığı evə tərəf getmək istəyir, müstəntiq qoymur:

“Düşünürdüm ki, bəlkə ətrafda ailəmdən, qohumlardan kimisə görərəm, başıma gələnləri deyərəm. Deyərəm ki, bu cinayəti mən eləməmişəm. Düzü, bilmirəm, onu da deməyə cəsarət edəcəkdim, yoxsa yox. Çünki onların əlində idim. Amma evdə də, küçədə də heç kimi görmədim”.

Gözdən qaçırmayın:  Gültəkin Hacıbəyliyə xüsusi ittiham qaydasında cinayət işi açıblar

Məhkəmədə Xoşqədəm Hidayətqızının aparıcılığıyla “Xəzər TV”də yayımlanan “Səni axtarıram” proqramında 2019-cu ilin sonunda Nərmin Quliyevanın itkin düşməsinə həsr olunmuş reportaja da baxılıb. Həmçinin uşağın valideynlərinin başqa bir internet televiziyasına müsahibəsilə bağlı da müzakirələr aparılıb.

Məhkəmədə uşağının meyitini kənardan gördüyünü, hətta meyitxanada tanınmada özünün yox, qardaşının iştirak etdiyini deyən Şərif Quliyev müsahibədə isə deyir ki, qızının meyitini yaxından özü görüb, üzdən tanıyıb. O iddia edib ki, uşağın üzü yanmamışdı.

Amma cinayət işinin materiallarındakı fotolarda üz nahiyəsinin tam yandığı və tanınmaz halda olduğu görünür.

Xoşqədəm Hidayətqızı və Zaur Baxşəliyev. Mənbə: “kulis.az”

Nərminin özündən böyük bacısı Şəbnəm Quliyeva Xoşqədəm Hidayətqızına deyir ki, həmin gün bacısı xəstə olub, bu səbəbdən məktəbdən də icazə alıb tez gəlibmiş. Amma məhkəmədə Şərif Quliyevdən və qızı Şəbnəmdən həmin gün Nərminin xəstə olub-olmadığını soruşanda onların hər ikisi xəstə olmadığını demişdi.

VəkillərAzad Azərbaycan” telekanalında (ATV) Zaur Baxşəliyevin aparıcı olduğu proqramda Nərminin meyitinin tapılmasıyla bağlı onun çatdırdığı məlumatların da araşdırılmasını istəyib. Onlar Zaur Baxşəliyevin məhkəməyə çağırılıb dindirilməsi məsələsini qaldırıblar:

“O deyir ki, Nərminin başına dəmirlə 5 zərbə vurulub. İttihamda isə daşla vurulduğu yazılıb. İlkin də ifadəsində daşla bir zərbə vurduğunu deyir. Bu da işin faktiki hallarına uyğun gəlmir. Ekspert rəylərinə əsasən, xəsarətlərin formasına baxanda başdakı zərbələrin dəmirlə vurulduğunu demək olar. Zaur Baxşəliyev bir də deyir ki, Nərmin meyit tapılmamışdan 5 gün əvvəl öldürülüb. Gəlsin, görək bu məlumatları ona kim vermişdi…”.

Hakim bildirib ki, Zaur Baxşəliyevlə bağlı vəsatət yazılı şəkildə veriləndə məhkəmə ona münasibət bildirəcək.

“Nərmin işi” üzrə məhkəmə araşdırmaları davam edir.

1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur.

İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.

İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub.

Baş Prokurorluq isə işgəncə iddialarını təkzib edib.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button