Now Reading:
Nəsimi rayonunda daha bir yaşıllığın başı üstünü təhlükə aldı

Bu ilin aprel ayında Bakının Nəsimi rayonu, 4-cü mikrorayon, Əlisgəndər İsgəndərov küçəsində beş mərtəbəli binalarının həyətindəki çoxillik meyvə ağaclarının kəsilməsilə bağlı məlumat vermişdik. Virtualaz.org-un bu məsələni işıqlandırmasından sonra sakinlərin şikayətləri əsasında araşdırma aparıldı və ağacların kəsilməsi dayandırıldı. Ərazinin aid olduğu Nəsimi Rayon İcra Hakimiyyətindən həmin ünvanda yaşıllıq zolağı və park salınacağı bildirilsə də, sakinlər ərazinin bir neçə şəxsə bina tikintisi üçün satıldığını deyirdilər.

Təxminən 8 aylıq nisbi sakitlikdən sonra ötən gündən ərazidə tikinti işlərinə hazırlıq başlayıb. Bu barədə virtualaz.org-a yaxınlıqda yaşayan sakinlər məlumat veriblər. Onların sözlərinə görə, tikinti ilə bağlı ərazidəki bütün ağacları kəsəcəklər.

Sakinlərin şikayəti əsasında sözügedən ünvana yollandıq. Bina tikintisi üçün nəzərdə tutulan yerdə iri gövdəli, sağlam şam ağacının kökündən qoparıldığını gördük. Sakinlər tamamilə sağlam olan ağacın kökünün kimyəvi maddələrlə çürüdülərək aşırıldığını deyirlər: “Artıq tikintiyə başlayıblar. Başlayıblarsa, deməli buradakı bütün ağacları da kəsəcəklər. Aprel ayında bar verən ağacları qırdılar ki, park salırıq. Sonra siz yazdınız, bir müddət ara verdilər. İndi bu ağacların hamısını qıracaqlar. Baxın, bu şam ağacı görün necə sağlam ağacdır. Onun kökünü kimyəvi maddələrlə qurudublar. Qalanlarını da belə edəcəklər. Bəs icra hakimiyyəti burada yaşıllıq salırdı? Armaturla salacaqlar yaşıllığı?!”, – deyə sakinlər sual edirlər.

Bina tikintisi üçün təmizlənən sahəyə tikinti materialları, armatur tökülmüşdü Bina tikintisi üçün hər şey hazır olsa da, hələ işə başlamamışdılar. Ərazidə usta və fəhlələri də görmədik. Şikayətçilər deyirlər ki, tikinti materialları bura gecə saatlarında xəlvəti gətirilib: “Yəqin ki, tikinti də gecələr aparılacaq, səs-küy çıxmasın”, – deyə sakinlər bildirirlər.

Hazırda ərazidə yaşı 50-yə çatan iri gövdəli şam ağacları, onlarla müxtəlif meyvə ağacı var. Sakinlər ehtimal edirlər ki, yaxın vaxtlarda onları da eyni üsullarla məhv edəcəklər.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.