“Nə olur, atırlar hakimiyyətin üstünə”
‘Təhqir hakimiyyətdən başlamayıb”
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzovun “Yeni Müsavat” qəzetində müraciəti yayılıb. Müraciətin doğurduğu sualları nəzərə alaraq YAP-çı deputatla əlaqə saxladıq.
– Siyavuş müəllim, sizin məlum müraciətiniz bir sıra media orqanlarda və sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib. Bunlardan xəbərdarsınızmı?
– (gülür) Oxuyuram.
– Müraciətinizə müxalifətçilərin reaksiyası belədir ki, təhqir və şantajları hakimiyyəıt başlayıb. Onlar Əhəd Abıyevin Milli Məclisdəki çıxışlarını və Hafiz Hacıyevin açıqlamalarını xatırladırlar.
– Hər bir deputat istənilən çıxışı edə bilər. Bunun hakimiyyətə nə aidiyyatı var?!
– Deputat hazırda icra başçısıdır və bunu əsas gətirib onun tapşırığı hakimiyyətdən aldığını iddia edirlər. Bunu əsaslı saymırsınızmı?
– Nə olur, atırlar hakimiyyətin üstünə. Kim kiminlə yola getmirsə, deyir hakimiyyət edir, nəyə əsasən?!
– Siz özünüz ümumiyyətlə, Əhəd Abıyevin dediklərini necə qiymətləndirirsiniz?
– Hər bir şəxs dediyinə cavabdehdir.
– Bəs YAP-çıların AXCP sədri Əli Kərimlinin yaşadığı binanın qarşısındakı aksiya və orda səsləndirilən təhqiramiz şüarları necə şərh edərdiniz?
– Kimsə aksiya edibsə, onun YAP-a nə aidiyyatı var.
– O zaman Vidadi İsgəndərlinin atasının məzarınıın təhqir olunmasını necə izah edərdiniz?
– Əvvəla, onu sübut etsinlər ki, kimsə bunu edibdir. Ümumiyyətlə, mən elə şeyin əleyhinəyəm. Mən dini baxımından əsaslandırmışdım ki, belə şeyin əleyhinəyəm.
– Hakimiyyətin tənqidçiləri bildirirlər ki, təhqirlər hakimiyyətdən başlanıb?
– Xeyr, elə deyil, təhqir hakimiyyətdən başlamayıb.
– Məsələn, İlham Əliyev müxalifətçiləri ünsür, həyasız, naftalin iyi verən adlandırıb…
– Özünüzdən elə şeylər düzəltməyin.
– Sizin müraciətinizin ardınca müxalifətlə bir masa arxasında bu məsələləri, təhqirlərə son qoymaqla bağlı müzakirələr aparmaq niyyəti mümkündürmü?
– İstənilən vaxt istənilən şəxslərlə oturmağa hazırıq.
Meydan TV