2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Nərmin işi”: İlkin Süleymanovun xeyrinə olan ekspert rəyi iş materiallarından yoxa çıxıb

Yayımlandı: 6 Oktyabr 2022 15:48

“Kimsə, hansısa maraqlı qüvvə meyitin üzərindən olmayan cins şalvarı ekspertizaya təqdim edib”

Tovuz rayonunun Dondar Quşçu kəndində azyaşlı Nərmin Quliyevanı öldürməkdə ittiham olunan İlkin Süleymanovun işi üzrə məhkəmə prosesi ilyarıma yaxındır ki, davam edir. Onun işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyilə baxılır.

Saytların yığılması Saytlarin yigilmasi

Son məhkəmə iclaslarında cinayət işində olan sənədlər elan edilir, ziddiyyətli hallar araşdırılırdı. Oktyabrın 6-da məhkəmə iclası qapalı keçirilib.

Vəkil Zabil Qəhrəmanov bildirib ki, məhkəmə iclasında şəxsi həyata aid məsələlər müzakirə olunduğuna, iş materiallarındakı bu haqda sənədlər araşdırıldığına görə iclas qapalı keçirilib. Məhkəmədə həmçinin İlkin Süleymanovun telefonuyla bağlı ekspert rəyi tədqiq olunub.

Həmin rəydə iddia olunur ki, İlkin Süleymanovun telefonundan internetdə cizgi filmlərinə, porno görüntülərə baxılıb. Vəkillər İlkin Süleymanovun telefonuna müdaxilə edildiyini, saxta sübut yaratmaq üçün müxtəlif internet səhifələrinə baxıldığını vurğulayıblar.

Vəkil vəsatət qaldırıb ki, 2020-ci il yanvarın 6-da axşam saat 20 radələrindən sonra İlkin Süleymanovun telefonunun harada olduğunu müəyyənləşdirmək üçün mobil operatora sorğu göndərilsin, hansı anten dairəsinin əhatəsində olduğu araşdırılsın. Ekspert rəyində var ki, İlkin Süleymanovun telefonundan yanvarın 8-də də porno görüntülərə baxış olub. Amma İlkin Süleymanov bildirib ki, yanvarın 6-da axşam saat 20 radələrində meyit tapılandan sonra onu da polis şöbəsinə aparıblar, telefonunu əlindən alıblar və o vaxtdan buraxılmayıb.

Vəkil Zabil Qəhrəmanov, Foto: Meydan TV

“İlkinin əleyhinə tutarlı sübutlar olmadığına görə dolayı sübutlar yaratmağa cəhd göstərilib. Təsəvvür edin, “Tom Cerri”yə cəmi 1 saniyə baxılıb. 1 saniyə ərzində uşağa nəyi göstərə bilərdi? Yaxud işdə bir tərəfdən iddia olunur ki, Nərmin ayın 4-də öldürülüb, amma o biri tərəfdən də ekspert rəy verir ki, yanvarın 5-də də cizgi filminə baxılıb? Ayın 5-də Nərmin öldürülmüşdüsə, nə ehtiyac vardı cizgi filminə baxmağa? Telefonun tədqiq olunması məsələsilə bağlı da suallar var. Telefona giriş üçün parol olub. O parol İlkindən necə alınıb? İstintaq orqanı onun parolunu götürüb. Lakin işdə onun götürülməsini təsdiqləyən sənəd yoxdur. Müstəntiq prosessual şəxsdir, parolu götürürsə, bu rəsmiləşdirilməlidir”, – vəkil Zabil Qəhrəmanov bildirib.

Məhkəmədə o da məlum olub ki, İlkin Süleymanovun işi ilə bağlı Moskvadan alınmış ekspert rəyi iş materiallarında yoxdur. Hərçənd, həmin rəyin işə əlavə olunması haqda protokol var.

“Moskvadan məşhur rusiyalı ekspert Panov bu hadisə ilə bağlı rəy verib. O rəylə işin halları arasında ziddiyyət var. Məsələn, ekspert rəyi var ki, guya meyit 5 dəqiqə ərzində yanıb o vəziyyətə düşüb. Panov isə rəy verib ki, meyitin o vəziyyətə düşməsi üçün 1-2 saat vaxt lazım idi. Başqa vacib məqamlar da var. Panovun rəyi istintaq dövründə bizdən alınıb, protokolla işə əlavə olunub. İndi məlum olur ki, işin içində o rəy yoxdur. İlkinin xeyrinə olan ekspert rəyi niyə yoxa çıxmalıdır?”, – İlkin Süleymanovun qardaşı Adil Süleymanov bildirib.

Adil Süleymanov deyir ki, məhkəmədə cins şalvar müəmmasına da aydınlıq gəlməyib. Ekspertiza Nərminə aid olduğu iddia edilən cins şalvarın üzərindən İlkin Süleymanovun geyiminin liflərinin tapılması haqda rəy verib. Lakin o cins şalvarın ekspertizaya necə gedib çıxması aydın deyil. Çünki meyitin üzərindən tapılıb qablaşdırılan paltarlar arasında cins şalvar yoxdur.

“Kimsə, hansısa maraqlı qüvvə meyitin üzərindən olmayan cins şalvarı ekspertizaya təqdim edib və üzərində İlkinə aid liflər tapılması haqda rəy alınıb. Bu, birbaşa sübut edir ki, hansısa qüvvənin işidir. O qüvvə ki, istintaqa müdaxilə etmək imkanı var. Kim eləyibsə, cinayətdə də onun əli var. Nərminin əmisi arvadı Nailə Quliyeva istintaqa iki dəfə ifadə verir və deyir ki, hadisə günü Nərmin gətirib ərinin kurtkasını qaytaranda uşağı görməyib. Çünki bir gün əvvəl qızına toy eləmişdilər, başı yır-yığışa qarışmışdı. Birdən-birə nə olursa, kim onu öyrədirsə, məhkəmədə ifadəsində deyir ki, Nərmin bizə kurtkanı gətirib verəndə onu gördüm, əynində cins şalvar vardı. Vəkillər ondan həmin gün özünün, ərinin nə geyindiyini soruşanda deyir ki, yadımda deyil. Kimdir Nailəni öyrədən? Təkcə Nailənin bu dediklərilə bağlı gerçək araşdırma aparılsa, ondan soruşulsa ki, niyə yalan ifadə verir, bu cinayətin də üstü açılar. Əgər bu məsələlər araşdırılmırsa, hansı ədalətdən danışırıq”, – Adil Süleymanov əlavə edib.

Adil Süleymanov. Foto: Meydan TV

Məhkəmə prosesi oktyabrın 12-də davam edəcək.

1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur.

İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.

İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub.

Baş Prokurorluq isə işgəncə iddialarını təkzib edib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button