2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Nardaran işi” – 3: “Nə fikirləşdilərsə, paltarlarımı zorla çıxarmağa başladılar”

“Məndən “Bandotdel”də (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin – red.) Taleh Bağırzadənin əleyhinə ifadə almağa çalışırdılar. Tələb edirdilər deyim ki, onun göstərişi ilə bəzi dövlət əhəmiyyətli obyektləri, o cümlədən BMCMİ binasını partlatmalıydım. Belə ifadə versəm, işim yüngülləşəcəkdi. Əks halda, ağır maddələrlə uzunmüddətli həbsə göndəriləcəyimi demişdilər. Onlara cavab verdim ki, mənim dinim, şəxsiyyətim, vicdanım günahsız adamın üzünə durmağa imkan vermir”. Bunu Nardaran işi üzrə üçüncü qrupun tərkibində mühakimə edilən Lənkəran sakini Elman Ağayev məhkəmənin 27 mart iclasında deyib.

Bu qrupdakı 12 nəfərdən 11-i ötən məhkəmələrdə ifadə verib. Sonuncu ifadə verən Elman Ağayev olub.

Saytların yığılması Saytlarin yigilmasi

“Paltarlarımı zorla çıxardılar…”

Elman Ağayev və onunla birgə mühakimə olunanlara terrorçuluq, dövlət çevrilişinə cəhd, qanunsuz silah-sursat saxlama kimi 10-dan çox ağır maddə ilə ittiham verilib. O bu ittihamların yalan olduğunu, özü də daxil, bu işdə hakim önünə çıxarılanların heç bir günahının olmadığını deyir.

Elman Ağayev həbs tarixçəsini belə açıqlayıb: “Noyabrın 29-da (iki il öncə – red.) Lənkəran Şəhər Polis İdarəsi rəisinin müavini Elçin Səfərov və serjant Hüseyn Hüseynov evimə gəldi. Oturub çay da içdik. Elə bu məqamda səs-küy eşitdik, qadınlar qışqırdı. Çıxanda gördüm ki, 20-30 nəfər əlisilahlı həyətə dolub. O zaman polis idarəsinin rəisi olan Möhübbət Hüseynov da orada idi. Dedim, bunlar Lənkəranda ikinci Nardaran hadisəsi törətmək istəyirlər, amma buna imkan vermərəm. Məni əvvəl polis bölməsinə apardılar, amma fikirləşdilər ki, birdən camaat toplaşar. Biləsuvara apardılar, oradan da Bakıya – “bandotdel”ə gətirdilər. Məni orada 21 gün saxladılar, işgəncə verdilər. Bu qədər uzun müddət saxlayırdılar ki, işgəncələrin izləri getsin”.

İşgəncələrdən danışan Elman Ağayev deyir ki, BMCMİ-nin şöbə rəisi Kərim Əlimərdanovun otağında 14 nəfər beysbol sopasıyla döyüb. Onun sözlərinə görə, az sonra Əlimərdanov da əməkdaşlarına qoşulub: “Mənə dedilər ki, guya evimdən silah, “Taleh Bağırzadənin müraciəti” adlı kitabçalar çıxıb, onların özümə məxsus olması haqda ifadəyə qol çəkməliyəm. Dedim ki, axı evimdə silah, ümumiyyətlə, qanunazidd əşya olmayıb. Bu cavabdan sonra Kərim Əlimərdanov otağındakı şkafdan xüsusi rezin dəyənək çıxarıb, başıma-başıma vurdu. Eyni zamanda o biri dörd nəfər də böyür-başıma dayanmadan zərbələr endirirdi. Zərbələrdən müvazinətimi itirdim. Bir az döyməyə ara verib, pıçıldaşdılar. Nə fikirləşdilərsə, paltarlarımı zorla çıxarmağa başladılar, məni şərəf və ləyaqətimi alçaldan hərəkət edəcəkləri ilə hədələdilər. Fikirlərindən daşındılar. Ardından Kərim Əlimərdanov telefonu götürüb dedi ki, imzalamasam, ailə üzvlərimi “bandotdel”ə gətirəcəklər. Bu təzyiqlərdən sonra evimə və üstümə baxış keçirilməsi, guya kitabçaların aşkarlanması haqda protokollara imza atdım”.

Elman Ağayev deyir ki, haqqında həbs qərarı verilməsi üçün məhkəməyə aparılanda yeriyə bilmir, iki nəfər qoluna girərək, onu sürüyə-sürüyə aparırdı. Hətta məhkəmədə də ayaqüstə dayanmağa taqəti olmasa da, Nəsimi Rayon Məhkəməsində həbs qərarı verən hakim Babək Pənahov onun bu halına əhəmiyyət verməyib.

“Mən Quran əhliyəm, amma “terrorçu” damğası vururlar”

Təqsirləndirilən Ağayev kimlərəsə “Taleh Bağırzadənin müraciəti” adlı kitabça paylaması haqda deyilənləri də yalanlayaraq bildirib ki, belə kitabça heç mövcud olmayıb. Onu Taleh Bağırzadə və digər inanclıların həbsindən sonra düzüb-qoşublar: “Taleh Bağırzadə özü də ifadəsində deyib ki, onun bütün çıxışları lentə alınıb, internetlə sürətlə yayılırdı, ona görə də kitabça buraxmağa ehtiyacı yox idi. Həmin kitabçada Nardaran hadisələrinə işarə olunur. Əgər kitabça Taleh Bağırzadənin həbsindən əvvəl hazırlanmışdısa, orada necə həmin hadisədən bəhs oluna bilərdi? Belə çıxır ki, Taleh Bağırzadə ya o kitabı Nardarandakı 40 dəqiqəlik əməliyyat zamanı yazıb paylayıb, ya da “bandotdel”in zirzəmisində hazırlayıb.

Mən ilk dəfə kitabçanı istintaq materialları ilə tanışlıq mərhələsində müstəntiqdə görmüşəm, cibindən çıxarıb mənə verdi. Orada prezidentin və dövlətin ünvanına nalayiq sözlər yazılmışdı. Taleh Bağırzadənin danışıq tərzinə bələdəm. Deyə bilərəm ki, orada yazılanlar onun sözləri deyil, ola da bilməz. Üstəlik, mən özüm də ilahiyyatçıyam, yaraşmaz ki, düşüb kitabça paylayım”.

Heç bir cinayət törətmədiyini deyən Elman Ağayev ifadəsinin sonunda hakimlərdən bəraət hökmü istəyib: “Bizdən məscid partladan, polis öldürən çıxmaz. Mən Quran əhliyəm, amma “terrorçu” damğası vururlar. Məni həbs eləyənlər özlərini yerimə qoysunlar, nə çəkdiklərimi bilsinlər. Evlər yıxan Akif Çovdarov özü bu gün görün hardadır? Çünki evlər yıxanı bir gün Tanrı yıxır. Mənim vicdanım təmizdir, sizləri də vicdanınızla baş-başa buraxıram”.

Məhkəmə aprelin 3-də davam edəcək.

azadliq.org

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button