2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Nardaran işi: “Dustaqlar Kürdəxanıdan çıxarılır, amma məhkəməyə gətirilmir”

Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və Nardaran işi üzrə onlarla birlikdə mühakimə olunan daha 16 nəfər aclıq aksiyasını davam etdirir. Onlar öz məhkəmələrində iştirak etmələrinə bu yolla etiraz edirlər.

Nardaran işi üzrə dekabrın 21-də keçirilən məhkəmə iclasında yenə də təqsirləndirilən şəxslərin özlərinin iştirakına imkan verilməyib. Müdafiəçilər bugünkü iclasda məhkəmədə Taleh Bağırov və digərlərinin iştirakının təmin olunması haqda vəsatət qaldırıblar. Vəkil Yalçın İmanov deyib ki, təqsirləndirilən şəxslərin məhkəmədə iştirakına imkan verilmir, amma onlar hər dəfə Kürdəxanıdakı istintaq təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilir, səhərdən axşama qədər soyuq zirzəmidə saxlanılır: “Nəticədə təqsirləndirilən şəxslərdən dördünün səhhətində ciddi problemlər yaranıb. Əgər bu adamların məhkəmədə iştirakı təmin olunmursa, onları gətirib soyuq zirzəmidə saxlamağın məqsədi nədi? Bu, işgəncənin bir növüdü. Bu adamlar həm saxlanılan gün, həm də ondan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində kifayət qədər işgəncələrə məruz qalıblar. Onlara məhkəmədə də işgəncə veriləcəksə, daha nəyi araşdıracağıq?”

Saytların yığılması Saytlarin yigilmasi

PSİXOLOJİ DURUM

Başqa bir vəkil Cavad Cavadov Nardaran dustaqlarına bu münasibəti Avropa Konvensiyasının 3-cü (işgəncələrin, qeyri-insani və ləyaqəti alçaldan rəftarın qadağan olunması) maddəsinin pozuntusu kimi qiymətləndirib.

Müdafiəçi Zibeydə Sadıqova isə hesab edir ki, məhkəmə adamları cəzalandırarkən onların psixoloji durumunu da nəzərə almalıdı: “Bu adamlar iki ay Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıblar, işgəncələrə məruz qalıblar. Günahları olmadan bir ildən artıqdır ki, ailələrindən uzaq düşüblər”.

Əlövsət Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin etməyib.

Təqsirləndirilən şəxslər özləri də məhkəmədə iştirakla bağlı müraciət göndəriblər. Amma hakimlər bu müraciəti də rədd edib.

Təqsirləndirilən şəxslər onlara ən çox işgəncə verənlərdən biri kimi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı İbrahim Kazımovun adını çəkirdilər. O, iki dəfə dindirilmək üçün məhkəməyə çağrılsa da, hər ikisində dava düşdüyündən dindirmə yarımçıq qalmışdı.

“HAMISI YALANDIR”

İş materiallarına görə, İbrahim Kazımov Nardaran əməliyyatı zamanı təqsirləndirilən şəxslərdən Rasim Cəbrayılovu saxlayıb. Rasimin vəkili Zibeydə Sadıqova ötən iclaslarda İbrahim Kazımovun yenidən məhkəməyə çağrılması, müdafiə etdiyi şəxslə onun arasında çarpaz dindirmə keçirilməsi barədə vəsatət qaldırmışdı. Vəsatət təmin olunmuşdu.

Bu gün İbrahim Kazımov yenidən məhkəməyə çağrılıb. Bu səbəbdən təqsirləndirilən şəxslərdən yalnız Rasim Cəbrayılov məhkəmə zalına gətirilib. Dindirmə zamanı onların dedikləri arasında ziddiyyətlər yaranıb. İbrahim Kazımov iddia edir ki, Rasim Cəbrayılovu həyətdə saxlayıblar, həmin vaxt o, tapançadan bir neçə dəfə atəş açıb, gülləsi qurtarandan sonra onun əlindən silahını alıb zərərsizləşdirib.

Rasim Cəbrayılov isə deyir ki, o, yalan danışır, onu mətbəxdə saxlayıblar, əlində də heç nə olmayıb: “Necə olur, mən beş-altı metrliyindən güllə atıram, sənə dəymir, həyətdə qumbara partlayır, sənə dəymir. Allaha and olsun, hamısı yalandı. Orada nə qumbara atılıb, nə də bizim tərəfdən atəş açılıb. Bu yalanlarınıza görə cəhənnəm odunda yanacaqsız”.

“ELƏ BİL YERƏ BİR KİSƏ KARTOF TÖKMÜŞDÜLƏR”

Rasim Cəbrayılov əlavə edib ki, onları tutub mebel maşınında “bandotdel”ə apararkən yolda dəhşətli işgəncələr veriblər: “Avtomatın qundağı ilə başımıza o qədər vurdular ki… Elə bil yerə bir kisə kartof tökmüşdülər, bunlar da üstümüzdə gəzirdilər, təpik, şillə vururdular. Bunlar idarədə də kişiyə yaraşmayan hərəkətlər eləyib. Ermənilərin bizə eləmədiklərini bunlar elədi”.

İbrahim Kazımov işgəncə barədə deyilənləri təkzib edib.

Məhkəmədə həmçinin Nardaran əməliyyatından bir neçə gün sonra həbs olunan şəxslər üzərində aparılmış ekspertizanın rəyləri elan olunub. Rəylərdə Taleh Bağırov və digər təqsirləndirilən şəxslərin üzərində xəsarət izləri aşkarlandığı, onlardan bəzilərinin bədənində güllə qaldığı, aşkarlanan xəsarətlərin onlar saxlanıldığı gün – 2015-ci il noyabrın 26-da yetirilməyə uyğun gəldiyi qeyd olunub.

Məhkəmə prosesi dekabrın 23-də davam edəcək. (azadliq.org)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button