24saat.org Natiq Cəfərli: Azərbaycanın xarici borc sürətlə artır - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
Natiq Cəfərli: Azərbaycanın xarici borc sürətlə artır

‘Bu gedişatla 2020-ci ildə xarici borc ÜDM səviyyəsinə çatacaq”

Azərbaycan Beynəlxalq Bankı ASC-nin sağlamlaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinin növbəti mərhələsi olaraq, 2017-ci il iyulun 18-də başa çatan səsvermə nəticəsində öhdəliklərin 93,9%-nə sahib olan kreditorlar bankın kreditorlar qarşısında xarici valyutada öhdəliklərinin 2 mlrd. 265,9 mln. dollar məbləğində hissəsinin dövlət öhdəlikləri ilə əvəz edilməsinin xeyrinə səs verib.

APA bu barədə Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatına istinad edərək məlumat yayıb.

Hesabatda bildirilir ki, səsvermənin nəticələri həm kreditorlar, həm də bank üçün məcburi xarakter daşımaqla yanaşı, bankın kreditorlar qarşısında öhdəliklərinin dövlətin üzərinə ötürülməsi üçün Azərbaycan Respublikası tərəfindən kreditorların xeyrinə 2 mlrd. 265,9 mln. dollar məbləğində xarici valyutada dövlət qiymətli kağızlarının (istiqrazlareının) emissiyasını nəzərdə tutub.

Bununla əlaqədar olaraq “2017-ci il dövlət büdcəsi haqqında” qanuna xarici dövlət borclanmasının yuxarı həddinin (limitinin) 4,5 mlrd. manat məbləğinədək artırılması barədə düzəliş edilib.

Yeni xarici borclanma limiti bankın xarici kreditorlar qarşısında öhdəliklərinin tənzimlənməsinə dair könüllü restrukturizasiya planına uyğun olaraq hökumətə 2 mlrd. 265,9 mln. dollar məbləğində xarici valyutada denominasiya edilən dövlət istiqrazlarının emissiyasını həyata keçirməyə imkan verib, Azərbaycan Beynəlxalq Bankı ASC-nin xarici kreditorlar qarşısında öhdəlikləri dövlətin üzərinə keçib.

İqtisadçı Natiq Cəfərli Meydan TV-yə deyib ki, yalnız dövlətin yox, dövlət subyektlərinin imzaladığı kredit müqavilələrində zamin dövlət olur. Bu mənada istənilən şirkət, dövlət qurumu krediti qaytara bilməsə, problemlər yaşansa, dövlət bütün məsuliyyəti üzərinə götürməyə məcburdur.

“Çünki dövlət zamin dayanmasa, heç bir maliyyə institutu Azərbaycan şirkətlərinə kredit vermir. Beynəlxalq Bankın götürdüyü 3,2 milyard dollar xarici borc var idi, sonradan həmin borcun 1 milyardın Neft Fond tərəfindən verildiyi məlum oldu. Məsələ ondadır ki, xarici kreditorlarla danışanda kimin verdiyi borc çoxdursa, onun səsi daha keçərli sayılır. Bunu rəsmi Bakının danışıqlarda rolunu gücləndirməsi üçün etmişdilər”.

Natiq Cəfərli hesab edir ki, borcun müsbət tərəfləri barədə danışmaq yersizdir.

“Mənfi tərəfləri Azərbaycanın sürətlə borclanmasıdır. İki il əvvəl Azərbaycanın xarici borcunun ÜDM-ə nisbətdə 8 faiz idi, bu, dünyada ən yaxşı göstəricilərdən biri idi. Amma indiki rəsmi rəqəmlərə görə xarici borcumuz ÜDM-in 20,1 faizidir. Burda söhbət ancaq dövlət borcunu qeyd edilib. Amma dövlətin borcu qədər SOCAR-ın xarici borcu var, bundan əlavə, “Azərenerji”, “AZAL”, “Azərsu”, “Azərdəmiryol” və digər iri dövlət şirkətlərinin də xarici borcu var ki, zamin dövlətdir. Hamısını toplayanda ÜDM-in 60 faizini ötür. Deməli, xarici borc sürətlə artır, yaxın 2-3 ildə yeni borc müqavilələri də imzalanacaq, əsasən də, Cənub-Qaz Dəhlizini bitirmək üçün”.

Onun sözlərinə görə, bu gedişatla 2020-ci ildə xarici borc ÜDM səviyyəsinə çatacaq.

“Əgər ölkənin gəlirlərinin yalnız enerji sektorundan asılı olduğunu götürsək, bu, çox təhlükəli haldır. Yəni xarici borcu qaytarmaq üçün yenidən yük dövlət büdcəsinin üzərinə düşəcək və nəticədə digər sahələrə ayrılan vəsait də azalacaq. İlk dəfə idi 2018-ci ildə xarici borcun qaytarılması üçün dövlət büdcəsinin 12 faizi nəzərdə tutulub. Bu rəqəm tədricən artacaq”.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.