2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Naxçıvan muxtariyyəti niyə ləğv edilməlidir? – Tarixçinin cavabı

Azərbaycanın tərkibindəki Naxçıvan Muxtar Respublikasında (NMR) korrupsiyaya uğramış yüksək vəzifəli məmurların həbsi, ölkənin əsas hissəsindən NMR-ə malların daşınmasına görə gömrük rüsumlarının alınması, Naxçıvanda Azərbaycanın adının çəkilmədiyi lövhələrin asılması barədə şok xəbərlər cəmiyyətdə sual yaradıb: Azərbaycan Respublikasının bu vilayətinə muxtariyyət niyə lazımdır? Müasir reallıqlarda bunun mənası varmı və bu ərazi vahid unitar Azərbaycanın tərkibinə daxil edilməklə, NMR niyə ləğv olunmasın? Turan bu mövzu ilə bağlı dosent, tarix elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Kamran İsmayılov ilə söhbət edib.

“Naxçıvanın muxtar respublika formasında statusunun saxlanmasının tərəfdarları iddia edirlər ki, bu status guya beynəlxalq müqavilələrlə təsbit edilib və bu statusu dəyişmək mümkün deyil. Onlar 1921-ci il tarixli Moskva və Qars müqavilələrinə istinad edirlər. «Mən Naxçıvanın indiki muxtariyyət statusunun  saxlanmasına tərəfdar deyiləm və bunu həmişə, indiki hadisələrdən xeyli əvvəl demişəm”, –  K.İsmayılov söhbətə başlayıb.

Sual:  NMR statusunun saxlanmasına tərəfdar olanlar  nə deyirlər?

Saytların yığılması Saytlarin yigilmasi

Cavab: Naxçıvan Muxtar Respublikasının statusunun yaranma tarixilə bağlı cəmiyyətdə yanlış fikirlər yayılıb. Birinci səhv: guya Naxçıvanın muxtariyyət statusu (respublika formasında) Moskva və Qars müqavilələrində yekun şəkildə təsbit olunub. Bu, doğru deyil. Moskva müqaviləsinin 3-cü və Qars müqaviləsinin 5-ci maddəsində Naxçıvan vilayəti “muxtar ərazi” (müqavilənin tərtib olunduğu türk dilində mətndə “özerkülke”, rus dilində “avtonomnaya territoriya”) kimi keçir. Sazişlərdə bu ərazidə konkret hansı muxtariyyət formasının tətbiq ediləcəyi göstərilmir. Dünyada muxtar ərazi statusunun müxtəlif növləri mövcuddur (xüsusi ərazi, muxtar qurum və s.). Hətta Naxçıvan muxtariyyətin müxtəlif formalarına (muxtar vilayət, Sovet Sosialist Respublikası, Muxtar Sovet Sosialist Respublikası, Muxtar Respublika) məruz qalıb.

İkinci yalnış: Naxçıvanın Moskva və Qars müqavilələrinə əsasən muxtariyyət statusu alması Azərbaycan üçün böyük tarixi nailiyyətdir. Bu, absurddur. Muxtariyyət xüsusi statusu və ya müvafiq statusa malik ərazi vahidini, bu ərazinin öz hüquq və səlahiyyətlərindən kənar öz daxili problemlərini müstəqil həll etmək hüququnu nəzərdə tutur. Bu anlayış özündə yerli (regional) özünüidarəni ehtiva edir. Muxtariyyət anlayışı uzun müddətdir ki, suverenlik və müstəqillik anlayışları ilə assosiasiya edilir. Beynəlxalq nəzəriyyədə ənənəvi olaraq hər hansı xarici hakimiyyətə tabe olmayan dövlətlər muxtar dövlətlər adlanıb. Başqa sözlə, muxtariyyət nisbi müstəqillik anlamında başa düşülüb.

Lakin Konstitusiyaya görə, Azərbaycan unitar dövlətdir. NMR sakinləri də ölkənin qalan hissəsində  olduğu kimi azərbaycanlılardır və ayrılmaq istəmirlər.

Bununla əlaqədar XX əsrin 20-ci illərinin əvvəllərində Naxçıvana muxtariyyət statusunun verilməsi faktiki olaraq xalqımızın bu tarixi ərazisinə Azərbaycanın suveren hüquqlarının məhdudlaşdırılması demək idi. Əslində, həmin müqavilələrdə Naxçıvanın Azərbaycanın ayrılmaz ərazisi kimi tanınması tarixi nailiyyət olardı.

Üçüncü yanlış fikir: Naxçıvanın muxtariyyət statusu beynəlxalq müqavilələrlə təsbit edilib, bu statusu dəyişdirmək və ya ləğv etmək mümkün deyil. Lakin NMR-in statusu dəfələrlə dəyişib.

1924-cü ildə Naxçıvan SSR Muxtar Respublika olmadan əvvəl müstəqil dövlətin müəyyən atributlarına malik idi. Naxçıvanın Türkiyə, Ermənistan, Gürcüstan, İran, Bakıda konsulluq və nümayəndəlikləri fəaliyyət göstərirdi.

1923-cü ilin fevralında III Ümumnaxçıvan Sovetlər qurultayı diyarın Azərbaycan SSR-in tərkibinə daxil edilməsi haqda qərar qəbul etdi, həmin il iyunun 16-da Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi bu qərarı təsdiq etdi. Türkiyə dövləti bu qərarları etirazla qarşıladı, 1923-cü il iyunun 25-də RSFSR və Azərbaycan SSR hökumətlərinə nota göndərərək, bu qərarların Moskva və Qars müqavilələrinə zidd olduğunu bildirdi. Əslində formal olaraq Türkiyə tərəfi haqlı idi. Çünki bu qərarlar bu müqavilələrin hərfinə (ruhuna yox) zidd idi. Çünki qeyd edildiyi kimi, Moskva və Qars müqavilələrində Naxçıvan muxtariyyəti təəssüf ki, Azərbaycanın tərkibində yox, onun himayəsi altında möhkəmlənmişdi. Buna görə də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyəti öz qərarına yenidən baxmalıydı və 1924-cü il fevralın 24-də Naxçıvan diyarının (Naxçıvan SSR) Azərbaycan SSR-in himayəsi altında olan Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsi haqda yeni qərar qəbul etməli oldu. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına yaradılması bu tarixdən rəsmən çıxarılsa da, bu tarixdən sonrakı bir çox rəsmi sənədlərdə (məsələn, 1926-cı ildə qəbul edilmiş Naxçıvan Konstitusiyası) regionun adında “sovet sosialist respublikası” sözləri işlədilib. Bütün bunlar onu göstərir ki, Naxçıvan muxtar ərazi elan edildikdən sonra onun statusu bir neçə dəfə dəyişib.

Məgər muxtariyyət statusu mütləq muxtar respublika formasında olmalıdır? Dünyada muxtariyyətin müxtəlif forma və növləri mövcuddur. Məsələn, Moldova Respublikasının tərkibində Qaqauziya xüsusi hüquqi statusa malikdir. Unitar dövlət olan İspaniya 17 muxtar respublikaya yox, muxtar icmalara (vilayətlərə) bölünür (ispan. comunidadautónoma). Müttəfiq respublika, muxtar respublika, muxtar vilayət kimi formalar sovet milli- dövlət quruculuğu sisteminin qalıqlarıdır. Nəyə görə biz buna sadiqik, halbuki, bir çox sovet eksperimentlərindən çoxdan imtina etmişik.

Sual:  “Dövlət içində dövlət”dən imtina etmək olar?

Cavab: İlk növbədə, konstitusion və inzibati-ərazi islahatlarının həyata keçirilməsi yolu ilə Naxçıvan muxtariyyətinin respublika forması ləğv edilməlidir, muxtariyyətin digər, aşağı formalarından biri tətbiq olunmalıdır.

Naxçıvanın mürəkkəb geosiyasi vəziyyətini nəzərə alaraq, mən “Naxçıvan xüsusi (özəl) regionu” adlandırılmasını təklif edirəm. Naxçıvan üçün ayrıca konstitusiyaya ehtiyac yoxdur. Onun statusu xüsusi qanun və ya statusla müəyyən edilə bilər. Hazırda Azərbaycan Respublikası Konstitusiyasının 134-cü maddəsinə əsasən, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Bir dövlətin tərkibində başqa dövlət necə ola bilər? Məsələn, Qaqauziyanın hüquqi statusu “Qaqauziyanın xüsusi statusu haqqında” Moldova Respublikası qanunu ilə tənzimlənir. Qanun Qaqauziyanı “xüsusi statusa malik muxtar ərazi qurum” kimi müəyyən edir. Biz də eyni şeyi edə bilərik. Naxçıvanın indiki statusundan imtina etmək lazımdır, bu,  bizim dövlətin siyasi-ərazi quruluşunu çətinləşdirir, müəyyən asimmetriya yaradır.

Hazırda NMR-də hakimiyyət bölgüsü prinsipi çox qəribə formada həyata keçirilir. Azərbaycan Respublikasında (əksər dövlətlərdə olduğu kimi) icra hakimiyyəti ali vəzifəli şəxsə, prezidentə məxsus olsa da, Naxçıvanda qanunverici hakimiyyətin rəhbəri ali vəzifəli şəxsdir. O, faktiki olaraq həm qanunverici, həm də icra hakimiyyətinə rəhbərlik edir.

NMR-da icra hakimiyyəti strukturlarına yenidən baxılmalı və mövcud reallıqlara uyğunlaşdırılmalıdır. İdarəetmənin optimallaşdırılması üçün daha çevik mexanizmlər tətbiq etmək lazımdır. Hazırda Azərbaycan Respublikası hökumətinin – Nazirlər Kabinetinin tərkibi və strukturu kiçik istisna olmaqla, Naxçıvanda kopyalanıb. Rəsmi statistikaya görə, 462 960 nəfər əhalisi olan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin tərkibinə 13 nazirlik, 4 komitə, 7 dövlət xidməti, 2 agentlik, 1 departament daxildir. Şişirdilmiş məmur aparatı korrupsiya üçün münbit zəmin yaradır. Ona görə də dövlət başçısının Naxçıvanda Dövlət Yol Hərəkəti Təhlükəsizliyi  Müfəttişliyinin və Gömrük Komitəsinin ləğvi barədə dövlət başçısının sərəncamları hamı tərəfindən rəğbətlə qarşılandı və bu istiqamətdə yeni qərarların qəbuluna böyük ümidlər var. Faktiki olaraq iki dövlət teleradio kanalının və bir dövlət qəzetinin (müstəqil KİV, ümumiyyətlə, yoxdur) mövcud olduğu regionda Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Mətbuat Şurası, Televiziya və Radio Şurası kimi qurumlar fəaliyyət göstərir.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonlarun yeni bölgüsü haqqında” 7 iyul 2021-ci il tarixli fərmanı böyük əhəmiyyət kəsb edir. Hesab edirəm ki, bu sənədin əsasında Azərbaycan Respublikasının yeni inzibati-ərazi bölgüsü aparılmalıdır. Bu, bürokratiyanın, dövlət xərclərinin azaldılmasına və idarəetmənin effektivliyinin artırılmasına xidmət edəcək.

24 saat” “Naxçıvan muxtariyyəti niyə ləğv edilməlidir? – Tarixçinin cavabı” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button