SEÇMƏ

Naxçıvanda həbslər: maliyyə naziri ilə generala qarşı ittiham irəli sürülüb

Yayımlandı: 28 Noyabr 2022 13:27

Söhbət 150 milyon manata yaxın yeyintidən gedir

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Naxçıvan Muxtar Respublikasında (MR) keçirdiyi əməliyyat nəticəsində maliyyə naziri Rəfael Əliyevin həbs olunduğu bildirilir.

O da DTX-da istintaqı aparılan cinayət işi üzrə məsuliyyətə cəlb olunub. Ona qarşı da külli miqdarda mənimsəmə ittihamı irəli sürülüb, barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Söhbət 150 milyon manata yaxın yeyintidən gedir.

Rəfael Əliyev (sağdan birinci). Foto: Sosial media

DTX-nın Naxçıvan Muxtar Respublikasının (MR) Dövlət Gömrük Komitəsində noyabrın 23-də keçirdiyi əməliyyat nəticəsində həbs olunanların sayı artıb. Bundan öncə Komitənin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mansur Əsgərov həbs olunmuşdu. İki gün öncə komitənin sədri, general Səhət Həbibbəyli də saxlanılıb.

DTX-nın əməliyyatı nəticəsində Naxçıvan gömrüyündə 100 milyon manatdan çox yeyintinin üzə çıxdığı bildirilir. İddiaya görə, bu qurumda “qara mühasibatlıq” aşkarlanıb. Məlum olub ki, rəsmi elektron sistemlə yanaşı, qeyri-rəsmi hesblamalar da gedirmiş. Oradakı rəqəmlər isə rəsmi sistemdəkindən kəskin fərqlənir.

Həbs olunan gömrükçülərə qarşı külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və başqa ittihamlar irəli sürülüb.

İsa Həbibbəyli. Mənbə: AMEA

Bu işin istintaq araşdırmasını da DTX-nın baş İstintaq İdarəsi aparır.

Səhət Həbibbəyli Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin oğludur. Atası onun tutulması xəbərini təkzib etməyib.

“Mənim oğlumla, Naxçıvanda baş verənlərlə bağlı deməyə sözüm yoxdur. Hesab edirəm ki, övladla bağlı ataya sual verməyin özü etikaya sığmır”, – Həbibbəyli “gununsesi.info”ya belə deyib.

“Oğlunuz haradadır, ondan xəbəriniz varmı” sualına isə İsa Həbibbəyli ”Bilmirəm ki, haradadır, xəbərim də yoxdur” deyərək, telefonun dəstəyini asıb.

Səhət Həbibbəyli 2019-cu ilin martından Naxçıvan MR Gömrük Komitəsinin sədri idi.

Meydan TV

Gözdən qaçırmayın:  Marakanaso matəmi: 50 il cəza çəkən qapıçı, 65 il sonra ölən qəhrəman…

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button