SEÇMƏ

Nazir: “Səsyazısı yayılan direktora şans verdik”

Yayımlandı: 25 Noyabr 2022 16:46

Əmirullayev ictimaiyyəti bu qərarı anlayışla qarşılamağa çağırıb

“Dəfələrlə məktəblərdə problem olub və biz direktoru işdən azad etməmişik. Çünki araşdırma zamanı məlum problemin birbaşa onunla bağlı olmadığı ortaya çıxıb. Bu baxımdan biz Nəcibə Axundovaya növbəti dəfə şans verdik”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə səsyazısı yayılan direktorların bir məktəbdən digərinə yerdəyişmə edilməsi məsələsinə aydınlıq gətirərkən deyib.

“Bir hal olmuşdu ki, 45 nömrəli məktəbin direktoru başqa məktəbə təyin edilib. Direktor təyin olunanda uyğun məktəbi tapmağa çalışırıq. Məktəbin nəticəsinin aşağı getməsi həmişə direktorla bağlı olmaya bilər. Direktorla bağlı neqativ hallar olanda araşdırılır. Mənim şəxsi fikrim ondan ibarətdir ki, Nəcibə Axundovaya növbəti şans vermək səhv qərar deyil. Bütün hallarda belə olacaq deyə bir şey yoxdur. Düşünürəm ki, bu məsələdə ictimaiyyət nazirliyin qərarını anlayışla qarşılayacaq”, – nazir qeyd edib.

Nəcibə Axundova. Foto: “qafqazinfo.az”

Bu günlərdə Bakı şəhəri 45 nömrəli tam orta məktəbin (1300 şagird yerlik) sabiq direktoru Nəcibə Novruz qızı Axundovanın 34 nömrəli tam orta məktəbin (523 şagird yerlik) direktoru vəzifəsinə yerdəyişməsi edilib.

2022-ci ilin sentyabrında Nəcibə Axundovanın rüşvət aldığı iddia olunan səs yazısı yayılıb.

Direktor məktəbdə təhsil alan şagirdlərin valideynlərindən pul tələb etməkdə ittiham olunurdu.

Səs yazılarının ictimailəşdirilməsindən sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsi Nəcibə Axundovaya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi kimi sonuncu xəbərdarlıqla şiddətli töhmət verildiyini açıqlamışdı.

Qeyd olunurdu ki, səhhəti ilə əlaqədar müvəqqəti olaraq işə çıxmayan direktorun müalicəsi başa çatdıqdan sonra iş yerinin dəyişdirilməsi məsələsinə baxılacaq.

Meydan TV

Gözdən qaçırmayın:  Danışıq bitdi, Paşinyan yeni müharibə istəyir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button