SEÇMƏ

Nazirlik hakimiyyətlə dialoqda olan partiyanın qurultayını qeydə almır

Yayımlandı: 24 Yanvar 2023 16:35

AXP sədri: “Əgər qeydiyyata almasalar, məhkəməyə şikayət edəcəyik”

“Hazırda Azərbaycan Xalq Partiyasının fəaliyyəti məhdudlaşıb, mən də rəsmən sədr kimi fəaliyyət göstərməkdən məhrumam. O cümlədən, partiyanın digər səlahiyyətli orqanları havada qalıb. Bu, əslində, hakimiyyətin Azərbaycan Xalq Partiyası da daxil siyasi partiyalara qarşı təzyiqin tərkib hissəsidir”.

Bunu Azərbaycan Xalq Partiyasının (AXP) sədri, sabiq Baş nazir Pənah Hüseyn Meydan TV-yə deyib.

Pənah Hüseyn bildirib ki, 2022-ci ilin dekabrın 11-də AXP-nin V qurultayı keçirilsə də, Ədliyyə Nazirliyi qurultayın nəticələrini hüquqi fakt kimi qeydə almır.

Onun sözlərinə görə, sənədlər qurultaydan 1 gün sonra, dekabrın 12-də Ədliyyə Nazirliyinə göndərilib:

“Dekabrın 27-də bizə cavab verildi ki, təqdim edilən sənədlərə Azərbaycan Xalq Partiyasının Nizamnaməsinin 1-ci redaksiyada əsli əlavə edilməyib və Nizamnamənin 2-ci redaksiyasının titul səhifəsində, partiyanın qeydiyyat ili 1999-cu il əvəzinə 1992-ci il kimi göstərilib. Bunları düzəldib yenidən sənədləri təqdim etdik. Bu dəfə yanvarın 16-da cavab gəldi ki, titul səhifəsində vəzifəli şəxs düzgün göstərilməyib. Eyni zamanda, Nizamnamədə sıralamada uyğunsuzluq var. Bu texniki səhvləri də düzəltdik”.

“İndi isə 5000 üzvün imzasını tələb edirlər. Bu tələb qanunsuzdur. Çünki qurultayın nəticələrinin hüquqi fakt kimi qeydə alınması “Siyasi partiyalar haqqında” Qanunla deyil, “Hüquqi şəxslərin dövlət reyestri haqqında” Qanunla tənzimlənir. Digər tərəfdən, partiyalara 6 ay vaxt verilib. Biz də bu müddət ərzində üzvlərimizin sayını təqdim edə bilərik, bu istiqamətdə də işlər gedir”, – deyə P.Hüseyn əlavə edib.

Partiya sədri bildirib ki, sənədlərlə bağlı yenə müraciət göndərəcəklər: “Əgər qeydiyyata almasalar, məhkəməyə şikayət edəcəyik”.

2020-ci ildə Azərbaycan hakimiyyəti yeni siyasi konfiqurasiyanın inkişafı, iqtidar-müxalifət dialoqu adı altında 45 siyasi partiya ilə görüşlərə başladığını açıqlayıb.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev deyib ki, bu addım Azərbaycanda çoxpartiyalılığın inkişafına yönəlmiş addımlar “ali siyasi iradənin təzahürüdür” və iqtidar hər hansı amilə görə ayrı-seçkilik qoymadan bütün siyasi partiyalar ilə dialoqa və əməkdaşlığa hazırdır.

Azərbaycan Xalq Partiyası da bu dialoqlarda və görüşlərdə dəfələrlə iştirak etdiyini, təkliflər verdiyini açıqlayıb.

Bundan sonra “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi gündəmə gəlib və parlamentdə müzakirə olunub.

Pənah Hüseyn isə deyir ki, görünür, son zamanlar vəziyyət bir qədər dəyişib.

Partiya sədrinin sözlərinə görə, hökumətin siyasi partiyalarla bağlı atdığı bu cür addımları onun özünün 2020-ci ildə başladığı və dialoq adlandırdığı danışıqlar kursundan geri dönüş kimi qiymətləndirilə bilər.

Gözdən qaçırmayın:  Avropa İttifaqı Ermənistanda mülki missiya yaradır

O hesab edir ki, “Siyasi partiyalar haqqında” Qanunun nəticələri də hələ qarşıdakı illərdə daha aydın müşahidə olunacaq.

Tarixçə

Yanvarın 11-də Prezident İlham Əliyev “Siyasi partiyalar haqqında” Qanunu təsdiqləyib.

Bununla bərabər, dövlət başçısı “Siyasi partiyalar haqqında” Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsinin hazırlanması barədə də fərman imzalayıb.

6 fəsil, 30 maddədən ibarət olan yeni qanun isə qüvvəyə mindiyi üçün  3 iyun 1992-ci ildə qəbul edilmiş “Siyasi partiyalar haqqında” Qanun qüvvədən düşür.

Yeni qanuna əsasən, üzvlərin sayı 4 500-dən aşağı olan siyasi partiyalar ləğv olunacaq.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button