2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Nazirlikdə tenderi udan şirkətin sahibi: “Mən heç adımı yaza bilmirəm, şirkət nədir?”

Yayımlandı: 4 Oktyabr 2022 00:38

“Necə şirkət rəhbəriyəm ki, evim başıma uçur?”

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəməsində məlum olub ki, əlillər üçün dərman, tibbi ləvazimat almaq məqsədilə müqavilə bağlanmış şirkətlərin hesabına köçürülən pulların bir hissəsi “otkat” olaraq, nazirliyə geri qayıdıb. Bunu oktyabrın 3-də sabiq nazirin məhkəməsində dindirilən şahidlər ifadələrində deyiblər.

Saytların yığılması Saytlarin yigilmasi

27 milyon manatlıq yeyintidə ittiham olunan Səlim Müslümovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Budəfəki məhkəmə iclasında dindirilən Əzizə Baxşıyeva “Avromed” dərman şirkətinin baş direktoru olub. O deyir ki, onun baş direktor olduğu dövrdə bu nazirliklə bir dəfə 22 min 500 manatlıq müqavilə bağlayıblar:

“Bir dəfə sosionevroloji xidmət mərkəzinə 22 500 manatlıq dərman malları satmışıq…”

O, məhkəmədə dindiriləndə “otkat söhbəti olmayıb” desə də, istintaqdakı ifadəsi yadına salınıb. Həmin ifadədə Əzizə Baxşıyeva bildirib ki, 22 min 500 manatlıq müqavilədən nazirliyə 4765 manat “otkat” qaytarıb.

Başqa bir iri dərman şirkəti – “Riyad Farm”ın direktoru Aqil Quliyev də məhkəmədə dindirilib. O bildirib ki, Dövlət Sosial Müdadiə Fonduna (DSMF) üç müqavilə üzrə ümumilikdə təxminən 500 min manatlıq dərman satıblar. Onun sözlərinə görə, böyük məbləğdə dərman alan müştərilərə məbləğin 20 faizi miqdarında əlavə dərman hədiyyə edirdilər.

Aqil Quliyevin məhkəmədə dediklərilə istintaqdakı ifadəsi arasında ziddiyyət olub. O, DTX-da dindiriləndə deyib ki, müqavilədə yazılan məbləğin 20 faizini qaytarıblar. Yəni istintaqdakı ifadəsində əlavə dərman hədiyyə etmək yox, pulun 20 faizini qaytarmaqdan söhbət gedir. Sözügedən ifadədə o da yazılıb ki, “otkat” nazirliyin İqtisadiyyat şöbəsinin rəsmisi Dəyanət Fərəcova verilib.

Aqil Quliyev istintaqda dediklərini məhkəmədə də təsdiqləyib.

Səlim Müslümovun məhkəməsində üzə çıxan hallardan biri də budur ki, nazirliyin tenderlərində qalib elan edilən şirkətlərin əksəriyyətinin bu şirkətlə, onun dövriyyəsində olan yüzminlərlə heç bir əlaqəsi yoxdur. Oktyabrın 3-də məhkəmədə dindirilən daha bir şahid Eldar Əliyev də belə şirkət sahiblərindən biridir. O bildirib ki, heç adını yaza bilmir, hərfləri tanımır.

Maştağa qəsəbəsində yaşayan Eldar Əliyevin sözlərinə görə, maddi durumu çox ağırdır, yeməyə kifayət qədər yemək tapmırlar:

“Soyuducu boşdur, evdə yumurta və quru çörəkdən başqa heç nə tapmırıq. Şirkət nədir? Necə şirkət rəhbəriyəm ki, evim başıma uçur?..”

O vurğulayıb ki, Maştağada yaşayan və bir müddət əvvəl vəfat edən Məlikhəsən adlı şəxs işsiz və yoxsul olduğunu bilərək, ona iş təklif edib:

“Bir gün Məlikhəsən mənə dedi ki, “səni işə düzəldəcəm, ayda 200 manat maaş alacaqsan”. Mən də razılaşdım. Məni maşınla aparırdı, hansısa sənədlərə qol çəkirdim. Heç şirkətdən xəbərim yoxdur. İki il ərzində mənə ayda 200 manat verilib. Sonradan Məlikhəsən dedi ki, iş bağlandı. Məlikhəsənin özünün harada işlədiyini bilməmişəm. Qəsəbədə onu quş, toyuq saxlayan kimi tanımışıq…”.

Səlim Müslümov

Keçmiş nazir məhkəmədə şahidlərin səsləndirdiyi fikirlərə heç bir münasibət bildirmir.

Səlim Müslümovun məhkəməsi oktyabrın 10-da davam edəcək.

1961-ci il təvəllüdlü Səlim Müslümov 2000-2002-ci illərdə Dövlət Gömrük Komitəsinin sədr müavini, ardınca 11 il Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləyib. 2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib. Həmin vaxt Dövlət Sosial Müdafiə Fondu da bu nazirliyin tabeliyinə verilib. O, 2018-ci ildə nazir vəzifəsindən azad edilib.

2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılan sabiq nazir 2022-ci ilin mayında ev dustaqlığına buraxılıb.

Səlim Müslümov Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) maddələrilə ittiham olunur. Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Səlim Müslümov mənimsəmə və israfetmə nəticəsində dövlət büdcəsinə vurulmuş 27 milyon manatlıq ziyanın 20 milyonunu ödəyib.

Səlim Müslümovla yanaşı, sabiq Aparat rəhbəri vəzifəsində çalışmış, “Əjdər Ol” təxəllüsüylə tanınan şair Əjdər Cəbiyev də həbs olunmuşdu. Lakin onun haqqındakı cinayət işi sonradan ayrıca məhkəməyə göndərildi. Əjdər Cəbiyev 8 il 3 ay azadlıqdan məhrum edilib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button