2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Neft ölkəsinin sürünən yoxsulları

– Azərbaycanda qeyri-sığorta əsaslı pensiya (pensiya hüququ qazana bilməyən şəxslərə təyin edilən qocalığa görə müavinət) məbləğinin mütləq yoxsulluq həddi hesab olunan məbləğə nisbəti 46,6 faiz təşkil edir. Qonşu Gürcüstanda həmin göstərici 109 faiz, Ermənistanda isə 39 faizdir.

– Azərbaycanda uşaqların cəmi 16,9 faizi ən azı bir sosial müdafiə (səhiyyə xaric) tədbirilə əhatə olunub. Həmin göstərici Qazaxıstanda 57,4 faiz, Gürcüstanda 48,1 faiz, Ermənistanda 30,2 faiz təşkil edir. Dünya üzrə orta göstərici 26,4 faiz.

– Yeni övlad dünyaya gətirmiş qadınların Azərbaycanda cəmi 16 faizi hökumətin sosial müdafiə proqramı ilə əhatə olub. Bu nisbət Qazaxıstanda 44,2 faiz, Ermənistanda 61,6 faiz, Gürcüstanda 26 faizdir. Dünya üzrə orta göstərici 45 faiz. 

Saytların yığılması Saytlarin yigilmasi

– Azərbaycanda aztəminatlı əhalinin 13,4 faizi sosial yardım proqramı ilə əhatə olunur. Həmin göstərici Qazaxıstanda 74,2 faiz, Gürcüstanda 93 faiz təşkil edir. Dünya üzrə orta göstərici 29 faiz. 

Bu statistika Beynəlxalq Əmək Təşkilatının 2022-ci ilin yanvarında açıqladığı Qlobal Sosial Müdafiə Hesabatındandır. Sənəddə 10 müxtəlif indikator əsasında sosial müdafiənin effektiv təşkili üzrə ölkələrarası müqayisə təqdim edilib. Təşkilat Azərbaycan və Ermənistanın adını xüsusi olaraq vurğulayaraq, qeyd edir ki, pensiya yaşına çatmış yaşlı əhalinin pensiya sistemi ilə əhatə səviyyəsi son 20 ildə kəskin şəkildə aşağı düşüb. Səbəb kimi sığorta əsaslı pensiya sistemi ilə bağlı tələblərin sərtləşdirilməsi, effektiv məşğulluq sisteminin qurulmaması göstərilir.

Əhali yoxsulluğa sürüklənir

Statistikaya nəzər yetirərkən belə bir sual ortaya çıxır: iqtisadi imkanları və büdcə gəlirlərinə görə regionun lideri olan Azərbaycanda əhalinin sosial müdafiəsinin Ermənistan və Gürcüstandakından zəif olmasının səbəbi nədir?

Son illər qlobal miqyasda ərzaq qıtlığı və kəskin bahalaşmadan doğan narahatlıqlar fonunda sosial-iqtisadi durumun pisləşməsi daha qabarıq görünür. Xüsusilə pandemiya və ondan sonrakı dövrdə cəmiyyət arasında bu cür suallar çox populyardır. Əsas narazılıq isə İqtisadiyyat Nazirliyinin büdcə siyasətindəki yanlışlıqlardan, o cümlədən iqtisadi inkişafa və əhalinin güzəranının yaxşılaşdırımasına yönəldilməli olan vəsaitlərin sahələr üzrə bölüşdürülməsində və idarə olunmasında yol verilən səhvlərdən, büdcə pullarının şəxsi və qrup maraqlarına xidmət etməsindən, vətəndaşlarının sosial təminat hüquqlarının məhdudlaşdırılmasına yönəlik addımlarından qaynaqlanır.

İqtisadçı ekspert Rövşən Ağayev Azərbaycanda sosial müdafiə sisteminin qonşu ölkələrdən zəif olmasını bir neçə amillə izah edib. O, Pressklub.az-a açıqlamasında bildirib ki, birinci səbəb hakimiyyətin seçdiyi sosial siyasət modeli ilə bağlıdır. Onun sözlərinə görə, inkişaf etmiş ölkələrdə sosial müdafiə xərcləri büdcədə ən yüksək paya sahibdir və orada sosial müdafiə modeli daha üstün tutulur. Azərbaycan kimi keçid ölkələrində sosial müdafiə modeli fərqlidir və bu, daha çox hökumətin əhalinin sosial təbəqələrinə nə dərəcədə həssas yanaşmasından asılı olur: “Bu baxımdan, Azərbaycan hökumətinin 44 günlük müharibəyə qədər olan davranışı ilə sonrakı davranışı ciddi şəkildə fərqlənir. Hökumət hərbi əməliyyatlarda qazanılan uğurlardan əvvəl cəmiyyətə münasibətdə daha həssas idi. Həssaslıq o dərəcədə idi ki, hətta sosial şəbəkələrdə gedən müzakirələr hökumətin davranışlarına ciddi təsir göstərə bilirdi. Müharibədən sonra isə hökumətin sosial siyasət prioritetləri dəyişib. İndi hesab edirlər ki, Vətən müharibəsi şəhidlərinin və qazilərin ailələrinə münasibətdə daha həssas yanaşma kifayət edər. Bu, hökumətin sosial siyasət xəttində çox qabarıq şəkildə görünür. Ölkə başçısının çıxışlarında da daha çox şəhid ailələrinə və sağlamlığını müharibədə itirmiş şəxslərə münasibətdə sosial müdafiə sisteminin işləməsinin vacibliyi önə çəkilir, digər kateqoriyalardan aztəminatlı ailələrin isə sosial müdafiəsi sanki arxa plana keçib”.

Yarıtmaz nazirlər, yoxsa siyasi sistemin strateji yanaşması?

Ekspertlər bu tip problemlərdən doğan narazılıqları daha çox dövlətin iqtisadi strukturlarına və sosial müdafiə qurumlarına rəhbərlik edən şəxslərin yarıtmaz siyasəti ilə əlaqələndirirlər. Hətta büdcə vəsaitlərinin sahələr üzrə bölüşdürülməsi və idarə olunmasında şəxsi və qrup maraqlarının daha üstün tutulduğuna dair ittihamlar da tez-tez səsləndirilir. Rövşən Ağayev də büdcə vəsaitlərinin bölüşdürülməsi və idarə olunmasında ciddi qüsurların olduğunu təsdiqləyir. Amma onun fikrincə, bu məsələlərdə ayrı-ayrı məmurların, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi və digər nazirliklərin rolu böyük deyil: “Bu, daha çox siyasi sistemin özünün mahiyyətinə və xarakterinə bağlı olan yanaşmanın təzahürüdür. Fundamental səbəb odur ki, Azərbaycanda peşəkar şəkildə işlənmiş əhatəli sosial müdafiə sistemi yoxdur və hökumət bu problemin köklü həllinə çalışmır. Problemi həll etmək istəyirlərsə, sosial müdafiə strategiyasının təməlində iki vacib istiqamət dayanmalı idi – işləyən əhaliyə və işsiz vətəndaşlara münasibətdə. Çünki Azərbaycanda “işləyən yoxsulluq” anlayışı, ümumiyyətlə, yoxdur. Halbuki bu, proqram və strategiyalarda əksini tapmalıdır. Elə insanlar var ki, işləsələr belə, onların maaşı özünün və ailəsinin yoxsulluq həddindən yuxarı yaşamasına kifayət etmir. Məsələn, 4 nəfərlik ailənin cəmi bir üzvü işləyir, 500-600 manat maaş alır, amma bu vəsaiti adambaşına bölsək, görərik ki, aylıq qazanc ailənin hökumətin təsdiqlədiyi yaşayış minimumu səviyyəsində yaşamasına imkan vermir. Ona görə də hökumət işsiz əhali, 18 yaşadək olan ailə üzləri ilə yanaşı, işləyən yoxsullar təbəqəsini də nəzərə almalı, bu qəbildən olan insanlara münasibətdə işlək sosial müdafiə sistemi qurmalıdır. İşsiz vətəndaşlara gəlincə, hökumət hesab edir ki, işləməyən insanları məşğulluq proqramlarına cəlb etməklə onları yoxsulluq həddindən çıxarmaq olar. Amma məşğulluq siyasəti ilə yoxsulluqla mübarizə və onlara müavinətin verilməsi sosial müdafiə sisteminin tamamilə fərqli istiqamətlərdir. Elə insanlar var ki, ixtisasına və peşəsinə uyğun iş tapa bilmir, hökumət məşğulluq xidməti vasitəsilə onlara daha aşağı maaşlı iş təklif edir. Bu insanlar ixtisasına və sağlamlığına uyğun olmayan məşğulluqdan imtina etdikdə onlara hətta yoxsulluq müavinəti də verilmir. Belə yanaşma kökündən yanlışdır və hökumət bu hüquqsuzluğu aradan qaldırmalıdır”. 

Yoxsulluğu aradan qaldırmaq istəyiriksə…

Rövşən Ağayev hesab edir ki, ümumiyyətlə, hökumətin yoxsulluq anlayışına münasibəti kökündən dəyişməlidir. Ekspertin fikrincə, “Kim yoxsuldur?” anlayışı qanun və sosial müdafiə proqramlarında doğru-düzgün təsbit olunsa və onun əhatə dairəsi obyektiv meyarlar əsasında müəyyənləşsə, Azərbaycanda 400-500 min nəfərə deyil, daha çox vətəndaşa yoxsulluq müavinəti verilməsi qaçılmaz olacaq. 

Rövşən Ağayev sosial narazılıqların regionlarda daha çox olmasının səbəbini də məhz sosial müdafiə sisteminin obyektiv meyarlara əsaslanmaması ilə izah edir. Onun sözlərinə görə, iri şəhərlərdən fərqli olaraq, regionlarda yaşayan əhalinin mütləq əksəriyyəti kənd təsərrüfatı sahələrində çalışır və onların demək olar ki, hamısı pay torpaqlarına sahibdir. Amma 4 nəfərlik ailəyə düşən torpaq sahəsinin cəmi 1 hektardan da azdır. Belə olan halda, 1 hektar torpaqda hansı məhsulu əkib-becərməsindən asılı olmayaraq, ailənin bir illik qazancı onun yoxsulluq həddindən çıxmasına imkan vermir. Qanunvericilikdə isə sahəsinin həcmindən asılı olmayaraq, pay torpağı olan vətəndaşlar məşğul əhali kateqoriyasına aid edir və heç bir halda onlara yoxsulluq müavinəti verilə bilməz. Bu isə həmin insanların faktiki olaraq yoxsulluğa sürüklənməsi deməkdir. Çünki qazandıqları məbləğ kifayət qədər kiçik olur, dövlət onlara hər hansı sosial dəstək vermir və nəticədə on minlərlə ailə yoxsulluq şəraitində yaşamağa məhkum olur. 

Aztəminatlı ailələrə verilən müavinətlərin həcminin aşağı olmasına gəlincə, Rövşən Ağayevin fikrincə, son illər sosial narazılıqların daha qabarıq şəkildə görünməsinin bir səbəbi də məhz bununla bağlıdır: “Reallıq ondan ibarətdir ki, xüsusilə son iki ildə həm ölkə daxilində, həm də qlobal miqyasda yüksək templi inflyasiya mövcuddur. Yəni, qiymətlər çox sürətlə atır, amma hökumətin sosial ödənişlərlə bağlı indeksasiyası inflyasiya tempindən geridə qalır. Nəticədə əhalinin real gəlirləri aşağı düşür, nominal gəlirlər inflyasiyanın yeminə çevrilir və sosial vəziyyət daha da pisləşir. Sosial ödənişlərin dəyərinin aşağı düşməsi yoxsullaşmaya daha çox təsir göstərir”. 

E.İsazadə

24 saat” “Neft ölkəsinin sürünən yoxsulları” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button