2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Neft pulları mənasız tədbirlərlə dağıdılır”

Cəmil Həsənli SOCAR-ın 120 milyon manatlıq sponsorluğundan yazdı

Milli Şura sədri Cəmil Həsənli SOCAR-ın “Avro-2016″ya sponsorluq etməsinə münasibət bildirib. C.Həsənli feysbuk səhifəsində yazıb.

SOCAR-ın borcları astronomik həddə – 7 milyard dollara çatsa da şirkət israfçılığından qalmır. Adını kommersiya sirri qoyub uzun müddət gizli saxlasalar da, nəhayət bəlli oldu ki, xirtdəyə qədər borc içərisində boğulan SOCAR Fransada keçirilən futbol üzrə Avropa Çempionatına nə az, nə çox 120 milyon manat şabaş verib. Özü də elə bir vaxtda ki, ölkə maliyyə böhranının içində batır, iqtisadi tənəzzül günü-gündən dərinləşir, hakimiyyət qapı-qapı düşüb əlimyandıda borc pul axtarır. Ola bilsin ki, SOCAR rəhbərliyinin ölkədən xəbəri yoxdur. Çünki 40 mərtəbə ofis binası tikib buludlar arasında xamuş olduqdan sonra çətin ki, baş neft idarəsi bu millətin dərdini, borc əlində sərgərdan qalmış insanların iztirabını duysun. Avropa yay oyunlarının ölkəyə gətirdiyi fəlakətlər azmış kimi indi də 100 milyonlarla vəsait Formula-1-ə səpilir, bir 120 milyon da Avropa futbol çempionatına peşkəş edilir, multikulturalizm adı altında ölkənin vəsaitləri Azərbaycan vətəndaşına heç bir aidiyyəti olmayan mənasız tədbirlərə dağıdılır. Bir sözlə, Azərbaycan xalqından başqa hər kəsin və hamının Azərbaycan neftindən ehtiyacları ödənilir. Halbuki, bu mənasız tədbirlərə dağıdılan neft pullarının hər manatına, hər dollarına Azərbaycan vətəndaşının, şəhid ailəsinin, müəlliminin, həkiminin, pensiyaçısının, tələbəsinin, ötən il dənizdə qəza zamanı həyatlarını itirmiş neftçi ailələrinin çox böyük ehtiyacı var. Bütün bu israfçılıqları 23 il ərazisi düşmən tapdağında qalan bir ölkənin hakimiyyəti edir. Tarixin heç bir dönəmində, hətta çar Rusiyası zamanı belə, xalq ölkənin əsas sərvəti olan neft gəlirlərindən bu qədər uzaq düşməmişdi.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button