SEÇMƏ

Neftçilər yenə “Xəzəriaşə”dən şikayətçidir

Yayımlandı: 15 Noyabr 2022 13:30

“Məcbur edirlər ki, yalnız onların baha qiymətə təqdim etdikləri yeməklərdən yeyək”

“Noyabrın 1-dən bütün işçilərə tapşırıblar ki,”Xəzəriaşə” MMC-yə məxsus yeməkxanada qidalanaq. Yeməkxananın təklif elədiyi qida keyfiyyətsizdir, üstəlik qiymət də yüksəkdir”.

Bunu Meydan TV-yə “Azneft” İstehsalat Birliyinin “28 May” adına Neft və Qaz Çıxarma İdarəsinin işdən çıxarılma qorxusu ilə adlarının açıqlanmasını istəməyən əməkdaşları bildiriblər. Neftçilərin sözlərinə görə, MMC ilə NQÇİ rəhbərliyi arasında razılaşma olduğu, bununla bağlı əmr verildiyi deyilir.

“Guya, yataqxanada təhlükəsizlik tədbirləri baxımından belə bir qərar verilib. Amma qərar veriləndən öncə yeməyin keyfiyyəti və qiymətlə bağlı şikayətlər təmin olunmayıb. Baxmayaraq ki, bir neçə dəfə yeməyin keyfiyyəti ilə bağlı narazılıq olub, fotolar paylaşılıb”, – neftçilərdən biri deyib.

“Dəfələrlə yeməyin keyfiyyəti ilə bağlı şikayət etmişik. Amma şikayətimizə baxan olmayıb. Əksinə indi məcbur edirlər ki, yalnız onların baha qiymətə təqdim etdikləri yeməklərdən yeyək. Neft sahəsi yeganə yerdir ki, neftçilərdən başqa hamını düşünürlər”- işçilər deyiblər.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhramanlı Meydan TV-yə bildirib ki, rəhbərlik etdiyi təşkilata bununla bağlı çoxsaylı müraciətlər daxil olub. Bildirilib ki, Çilov adasında işçilərə məcburi qaydada “Xəzəriaşə”nin yeməkxanasında qidalanmalarına göstəriş verilib.

“Ümumiyyətlə, “Xəzəriaşə” ən çox şikayət edilən qurumlardan biridir. Amma neftçilərin qidalanması yenə də onlara həvalə edilir. İllər ərzində bir dəfə də olsun, hansısa neftçinin bununla bağlı şikayəti təmin edilməyib, əksinə hər dəfəsində işçilər günahkar çıxarılır”,-hüquq müdafiəçisi deyib.

Qəhrəmanlı deyib ki, neftçilərin şikayəti qidalanma ilə bitmir. İşçilərin gediş-gəliş problemi də olduğu kimi qalır:

Foto: Mirvari Qəhrəmanlının şəxsi profilindəndir

“Çilov adasına gediş-gəlişi çətindir. İşçilər yalnız nadir hallarda, məsələn, güclü külək zamanı vertolyotla gedib-gələ bilirlər. Gəmiylə gediş-gəliş isə biabırçı vəziyyətdədir. İşçilər deyirlər ki, səhər saat 8-də Zığ limanına toplaşırlar. Saat 9-10 arası çıxmalı olan gəmi hər dəfə 12-ə qədər yubanır. İşçilərə ayrılan “Üfüq” gəmisi də 4 saata gedir, üstəlik neftçilər saatlarla limanda gözləməli olurlar”.

Qəhrəmanlı bildirib ki, Neft Daşlarında çalışanlar da işə gedib-gəlməkdə problemlə qarşılaşırlar. Neftçiləri daşıyan Qara Qarayev gəmisi işçilərlərlə birgə “Xəzəriaşə”nin mallarını da daşıyır. Neftçilər hər dəfə Neft Daşlarına gedib qayıdanda 2 saata yaxın malların yüklənməsini gözləyirlər. Neft Daşlarından geri qayıdanda da “Xəzəriaşə”nin konteynerlərinin boşalmasını gözləyirlər:

“Hansı ki, bu məsələ daha əvvəl də müzakirəyə çıxarılıb, SOCAR rəhbərliyinə şikayət ünvanlanıb. Amma digər şikayətlər kimi buna da əhəmiyyət verilməyib. Neftçilərin dərdlərini heç kim dinləmir”.

Gözdən qaçırmayın:  Medvedev: “Biz belə bir BMT olmadan da yaşaya bilərik”

Sovetlər dönəmində fəaliyyət göstərmiş Fəhlə Təhcizat İdarəsinin bazasında yaradılmış və illərdir dənizdə çalışan neftçiləri yeməklə təmin edən “Xəzəriaşə” MMC ilə bağlı uzun müddətdir şikayətlər səsləndirilir.

Hətta “Xəzəriaşə”nin öz işçiləri də iş şəraitlərindən,əmək haqlarının aşağı olmasından və digər problemlərdənn şikayət etmişdilər.

SOCAR-dan məsələ ilə bağlı sorğuya cavab verilməyib.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button