2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

''Neftin qiyməti hökumətin ovqatına təsir edir''

Natiq Əliyev: ”Neftin 50-60 dollar civarında olması Azərbaycanı tam qane edir”

Saytların yığılması Saytlarin yigilmasi

“Azərbaycan OPEC qarşısında neft hasilatının azaldılması ilə bağlı üzərinə götürdüyü öhdəliyə tam riayət edib. Bilirsiniz ki, biz üzərimizə götürdüyümüz öhdəliyə əsasən yanvar-mart ayları ərzində gündəlik hasilatı 35 min barel azaltdıq. Biz mütəmadi şəkildə karteli bununla bağlı məlumatlandırırıq”.

Bunu APA-ya açıqlamasındaTürkiyədə səfərdə olan energetikanaziri Natiq Əliyev bildirib. Nazirin sözlərinə görə, neftin qiymətinin 50-60 dollarlıq dəhlizdə formalaşması Azərbaycanı qane edir: 

“Mən deyərdim ki, bu gün vəziyyət yaxşıdır. Biz nəyə nail olduq? Yeni ildən etibarən neftin qiyməti stabilləşib. Azərbaycan üçün mühüm olan odur ki, dünya bazarında neftin qiyməti 50-60 dollar ətrafında formalaşsın. Qiymət bundan aşağı enərsə, Azərbaycan zərərlə üzləşir. Hesab edirəm ki, neftin 50-60 dollar civarında olması Azərbaycanı tam qane edir. Bilirsiniz ki, OPEC və kartelə daxil olmayan ölkələrin nazirlərindən ibarət Monitorinq Komitəsi yaranıb. Biz işimizə buna müvafiq olaraq qururuq. Monitorinqlər bu ilin birinci yarısını əhatə edəcək. Komitə ayrı-ayrı ölkələr tərəfindən öhdəliklərin yerinə yetirilməsinə və bunun qlobal bazara təsirinə nəzarət edəcək. Mayın 19-da OPEC və kartelə daxil olmayan ölkələrin növbəti iclası keçiriləcək. Həmin iclasda Monitorinq Komitəsi hesabatını təqdim edəcək. Müxtəlif təkliflər var. Ancaq qərar konsensus əsasında qəbul edilməlidir. Mən ölkələrin adlarını çəkmək istəmirəm, amma bəzi ölkələr var ki, neft hasilatını artırır. Halbuki biz bunun əksinə nail olmaq üçün birgə səy göstəririk. Bilirsiniz ki, bu cür addımlar neftin qiymətinə mənfi təsir edə bilər. Görünən odur ki, bəzi ölkələr üzərinə götürdüyü öhdəliyi yerinə yetirmirlər. Biz neftin qiymətinin daha artmasından çox onun stabil qalması barəsində düşünməliyik. Bunun üçün tutarlı tədbirlərin görülməsinə ehtiyac var”.

Natiq Əliyev foto sosial şəbəkə
Natiq Əliyev foto sosial şəbəkə .

Nazir qeyd edib ki, neftin bahalaşması “qara qızıl” istehsal edən ölkələrin dövlət büdcələrinə müsbət təsir edib, onların milli valyutalarının möhkəmlənməsinə səbəb olub. “Şübhəsiz ki, neftin bahalaşması manata təsirsiz ötüşmür və biz bunu son proseslərdən də müşahidə edirik”, – deyə N. Əliyev əlavə edib.

Natiq Əliyevin açıqlamasını Meydan TV-yə şərh edən iqtisadçı Rövşən Ağayevin sözlərinə görə, manatın sabit olması ölkədə inkişaf və makroiqtisadi sabitliklə bağlı deyil: “Manatın hazırkı sabitliyi iqtisadi böhranın təmin etdiyi sabitlikdir, nə vaxt ki, iqtisadi inkişaf başlasa, pul təminatı artsa, manatın sabitliyini qorumaq mümkün olmayacaq”. 

İqtisadçı hesab edir ki, neftin indiki 50 dollarlıq qiymətilə hökumətin rahatlığını başa düşmək olar. Amma ölkə dollar ifadəsində kəskin şəkildə itirib: “Təsəvvür edin ki, neftin qiyməti 100-120 dollar olan 2012, 2013 və 2014-cü illərdə ölkəyə hər il 18-20 milyard dollar daxil olurdu. Amma 50 dollarlıq neftlə ölkəyə 7 milyard vəsait daxil olub. Yəni neftin qiymətinin enməsi dollar gəlirlərini 2,5 dəfə azaltsa da, hökumət devalvasiya hesabına manat gəlirlərini sabit saxlaya bilib. Ancaq bir daha deyirəm, Azərbaycanın valyuta gəlirlərində kəskin problem var. Hökumətin yanaşması isə daha çox büdcə öhdəlikləri baxımındandır”.

Rövşən Ağayev foto sosial şəbəkə
Rövşən Ağayev foto sosial şəbəkə.

R.Ağayev Dövlət Neft Fondundan Mərkəzi Banka 7,5 milyard manat köçürməni xatırladaraq bildirib ki, hazırkı manat böhran iqtisadiyyatının manatıdır, böhranın yaratdığı sabitlikdir: “Böhran nəticəsində manat kütləsi tamamilə azalıb, idxala tələbat da getdikcə azalır. 2015-ci ildə Azərbaycandan təkcə dollar aktivləri şəklində 6,3 milyard dollar vəsait çıxmışdısa, 2016-cı ildə bu rəqəm 7 milyon dollara qədər düşüb. Beləliklə, hökumət leqal kanallarla xaricə dollar axınının qarşısını alıb, manat kütləsini, büdcənin imkanlarını tam məhdudlaşdırıb və bu şərtlər daxilində Natiq Əliyevin dedikləri doğrudur. Ancaq sual yaranır, iqtisadiyyat kiçildikcə, sürətlə artan xarici borcları kim qaytaracaq? Bu gün Azərbaycanda iqtisadiyyatın pul təminatı 16-17 faizdir, inkişaf etmiş ölkələrdə isə 70-100 faiz civarındadır. Deməli, iqtisadiyyatı tamamilə pulsuzlaşdırıblar və iqtisadiyyatın valyuta tələbatı azalıb. O ölkədə ki inkişaf var, onun idxal tələbatı artır”. 

Bu iqtisadi siyasətin hansı fəsadlar doğuracağına gəlincə, Rövşən Ağayev dedi ki, böhran getdikcə dərinləşəcək, hazırda valyuta gəlirləri azaldığından bank sektoru problemlər məngənəsindədir, borclarını qaytara bilmirlər: “İqtisadiyyat inkişaf etmədiyindən bank sektoru pul qazana bilmir. Bu cür davam etsə, bank sektoru böhrandan çıxa bilməyəcək. Çünki bank sektoru iqtisadiyyata bağlıdır, gərək iqtisadiyyat inkişaf etsin, sahibkar pul qazansın ki, bu sektorda da tərəqqi olsun. Bunlar baş vermədikcə, insanlar getdikcə kasıblaşacaq və banklardakı kiçik depozitlərini də geri götürəcək, sahibkarlar da depozit qoya bilməyəcək. Nəticədə iqtisadiyyat sürətlə çökəcək, bunun ən böyük fəsadları sosial böhranın dərinləşməsində özünü büruzə verəcək. Yaxın 3-5 ildə neftin qiyməti 50 dolları ötməsə, Azərbaycanın beynəlxalq öhdəliklərinin ciddi şəkildə artması nəticəsində ciddi borc böhranı yaradacaq”.        

Neft sahəsi üzrə ekspert İlham Şaban mövcud problemin əsasında Azərbaycan iqtisadiyyatının neftdən asılı olduğunu söyləyib. 

İlham Şaban
İlham Şaban.

İ.Şaban xatırladıb ki, cari ilin birinci rübü ərzində neft hasilatı 1 milyon ton azalıb. Bunun böyük hissəsi Azəri-Çıraq-Günəşli blokunun payına düşür: “Təkcə Ceyhan limanından nəqletmə 11 faizdən azalıb, bu, rəsmi statiskadır. İkinci, Dövlət Neft Fonduna Azəri-Çıraq-Günəşlidən gələn gəlirin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 483 milyon dollar artıb və 1 mlrd 620 mln dollar təşkil edib. Baxmayaraq ki, neftin həcmləri nə qədər azalsa da, qiyməti iqtisadiyyatımızda necə önəmli təsirini saxlayır. Bu da onunla əlaqədardır ki, ötən ilin birinci rübünün qiymətlərilə cari ilin birinci rübünün qiymətləri arasında 42 faiz fərq var. Deməli, Azərbaycan iqtisadiyyatı neftin qiymətlərindən çox asılıdır. Təbii ki, neft gəlirləri hökumətin ovqatına birbaşa təsir edir”.

İlham Şaban bildirib ki, ötən il manat kütləsinin kəskin azaldılması, pul-kredit siyasətində olan sıxıntılar bütün sahələrin iflic olmasıyla nəticələndi. “Səbəb birdir: ölkə borunun gətirdiyi maliyyəyə alternativ tapmayıb”- ekspert bildirib.  

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button