2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Nensi Pelosinin Yerevana səfəri ABŞ-ın Qafqazda maraqlarını əks etdirir

Sentyabrın 17-si, Ermənistan-Azərbaycan sərhədində yaranan gərginlikdən dərhal sonra Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin başçılığı ilə ABŞ nümayəndə heyəti Yerevana gəlib. Heyət üzvləri Ermənistanın Baş naziri Nikol Paşinyanla, Milli Məclisin sədri Alen Simonyanla və müdafiə naziri Suren Papikyan daxil olmaqla digər yüksək rütbəli məmurlarla görüşüb. Ermənistana gələn Pelosi ABŞ prezidenti və vitse-prezidentindən sonra ölkəsində vəzifəsinə görə üçüncü adamdır. Elə bu səbəbdən də məlum səfər dünya KİV-in əsas xəbərinə çevrilib. Rəsmi məlumata görə, görüş zamanı “Ermənistan-Amerika münasibətləri və təhlükəsizlik sahəsində cari vəziyyət” müzakirə olunub. Hərçənd ziyarət Ermənistan üçün mürəkkəb sayılan zamanda baş tutub ki, bu da izsiz ötüşməyib. Yerevanda olan Pelosi bəyan edib ki, Ermənistan ABŞ üçün böyük əhəmiyyət kəsb edir. O, həmçinin Konqresin adından çıxış edərək, Ermənistan ərazisinin atəşə tutulmasını qətiyyətlə qınayıb. Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova bu bəyanada dərhal reaksiya verib:

“ABŞ Nümayəndələr Palatasının spikerinin sözləri obyektivlikdən uzaqdır və baş verənlərə qərəzli və birtərəfli yanaşmadır”.

Təkcə Azərbaycan bu fikirdə deyil. Türkiyənin vitse-prezidenti Fuad Oqtay Pelosinin bəynatlarını “tarixi və real faktlarla bağlı olmayan, qərəzli fikir əks etdirən, diplomatik cəhdləri sabotaj edən və tamamilə qəbuledilməz” adlandırıb. O, Vaşinqtondan dəqiqləşdirməyə hazırlaşır – Nümayəndələr Palatasının spikerinin bəyanatları ABŞ-ın Qarabağ məsələsi üzrə rəsmi mövqeyini əks etdirirmi? ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza, görünür, gərginliyi aradan qaldırmaq üçün söyləyib ki, Nensi Pelosinin bəyanatı onun son dərəcə şəxsi fikridir, belə ki ABŞ-ın xarici siyasətini prezident müəyyənləşdirir, Konqressə onun formalaşmasında iştirak edə bilər, lakin qərarın qəbul edilməsində həlledici həlqə rolunu oynamır.

Saytların yığılması Saytlarin yigilmasi

Yəqin ki, Ermənistan bu ziyarətdən daha çox şey gözləyib. Erməni analitiklər Pelosinin gəlişini ümumilikdə müsbət qiymətləndirsələr də, buna xüsusi ümid bəsləməmək lazım olduğunu da hesab edirlər. Üstəlik noyabrın 8-i Nümayəndələr Palatasına yeni seçkilər keçiriləcək və heç kəs Nensi Pelosinin öz mövqeyini qoruyub saxlaya biləcəyini bilmir. ABŞ-da bu qadının adının iri korrupsiya qalmaqalları ilə hallandığını nəzərə almaq da pis olmazdı. O və əri insayder məlumatlardan istifadə etməklə birja manipulyasiyalarında ittiham edilir. Pelosi Konqresin ən zəngin üzvlərindən biridir, onun var-dövləti təxminən 88 milyon dollar həcmində qiymətləndirilir.

Nensi Pelosi, ümumiyyətlə, yetərincə qeyri-adi siyasətçidir. O, hələ 2008-ci ildə Tibetdə çıxışları yatızdırdığı üçün ÇXR-nı tənqid atəşinə tutub və baş verənləri “dünya vicdanına meydan oxumaq” adlandırıb. Pelosi avqustun əvvəli Tayvana gedəndən sonra isə ABŞ-ın sabiq prezidenti ona “Dəli Nensi” deyib. Deyilənlərə görə, bu ziyarət təkcə ABŞ prezidentinin deyil, – o bu gedişin “o qədər də yaxşı ideya olmadığını” söyləyib, – həm də Çin hakimiyyətinin narazılığına səbəb olub. Amerika KİV-i də səfərin xüsusi nəticələrinin olduğunu sərgiləməyib. Səfər, həqiqətən də, elə bir nəticə verməyib, əvəzində Amerika-Çin münasibətlərinə ciddi xələl gətirib. Cavab reaksiya olaraq, Pekin Tayvan yaxınlığında hərbi təlimlər keçirib ki, həmin təlimlər özündə döyüş atışmalarını və qeyri-nüvə başlıqlı raketlərin buraxılmasını cəmləşdirib. Bundan başqa, Çin Tayvandan qida və kənd təsərrüfatı məhsullarının, o cümlədən təxminən 700 Tayvan balıqtutma gəmilərinin məhsullarının tədarükünü məhdudlaşdırıb. Çinin “Contemporary Amperex Technology” şirkəti, litiy-ion akkumulyatorlarının dünyada məşhur istehsalçısı bəyan edib ki, Şimali Amerikada zavod tikintisini təxirə salır. Bundan başqa, analitiklər hesab edirlər ki, səfərin mənfi potensialı ABŞ-ın Çini Rusiyaya qarşı sanksiyalara cəlb etmək cəhdlərinin üzərindən xətt çəkə bilər.

Nensi Pelosi kiçik Corc Buş administrasiyasının ən sərt tənqidçilərindən biri olub və onu “müharibə, iqtisadiyyat, energetika və s. sarıdan Amerika xalqının etimadını tamamilə itirmiş bir uğursuzluq” adlandırıb. Pelosi “Netroots Nation” mütərəqqi siyasi fəalları konvensiyasının nümayəndələri ilə görüşü zamanı “PRISM” dövlət kəşfiyyat proqramı (Pelosi bu proqramı dəstəkləyir) haqda məlumatı ictimailəşdirən Edvard Snoudeni cinayətkar adlandırdığı üçün fitə tutulub. Bu proqram elektrik əlaqə şəbəkəsi ilə ötürülən məlumatın qeyri-rəsmi şəkildə yığılmasını gerçəkləşdirir. O, təxminən 1,7 milyard telefon söhbətini və elektron xəbəri, bütün dünyada mobil telefon sahiblərinin yeri və hərəkət xəttinin 5 milyarda yaxın yazısını gerçəkləşdirir.

Hələ 2007-ci ildə, Nümayəndələr Palatasının xarici işlər üzrə komitəsi ermənilərin soyqırımını tanımağa çağırandan sonra Pelosi qətnaməni səsverməyə çıxarmaq istəyib, hərçənd prezident Buş buna qarşı çıxıb. Ankara isə bəyan edib ki, bu qətnamənin qəbul olunması Amerika-Türkiyə münasibətlərini təhlükə altında qoya bilər. Pelosi Ermənistanın tərəfdarı kimi tanınır və hətta Ermənistan-Amerika münasibətlərinin möhkəmlənməsi və inkişafı yönündə göstərdiyi xidmətlərə görə erməni hökuməti tərəfindən Şərəf Ordeninə layiq görülüb.

Belə bir sual meydana çıxır – Pelosinin səfəri ABŞ-ın rəsmi siyasəti ilə nə dərəcədə bağlıdır? İstənilən halda o, Ermənistana şəxsi sima qismində gəlməyib. Və inanmaq çətindir ki, dünya liderliyi roluna iddia edən Vaşinqton Azərbaycanla hərbi münaqişənin eskalasiyası dönəmində, üstəlik, demək olar ki, Ermənistanın müstəqillik günü ərəfəsində dövlətin üçüncü şəxsinə bu ölkəyə səfər etməyə mane ola bilməyib. Görünür, onun gəlişinin siyasi səbəbləri var. Trampın hakimiyyəti dövründə ABŞ hardasa Qafqazın, o cümlədən Qarabağın problemlərindən kənarlaşmışdı. Lakin indi onlar nəzərə çatdırırlar ki, bölgəyə münasibətdə maraqları artıb. Məlumdur ki, Yerevanda Rusiyanın, xüsusilə də Qarabağ üzrə KTMT-nın mövqeyindən narazıdırlar və öz təhlükəsizlikləri üçün fərqli zəmanət axtarırlar. Ermənistan KTMT-na Azərbaycana qarşı yardımla bağlı müraciət edib, lakin təşkilat hələ ki Qarabağa “yaranan vəziyyətin qiymətləndirilməsi” üçün yoxlama heyəti göndərib. Heyətə KTMT birləşmiş qərargahının rəisi general-polkovnik Anatoli Sidorov başçılıq edir. Bu kontekstdə Nümayəndələr Palatasının energetika və ticarət məsələləri üzrə komissiyasının rəhbəri və nümayəndələr heyətinin üzvü Frenk Pallonenin bəyanatı diqqətdən yaynmır. O deyib ki,”Vaşinqton KTMT-dan asılı olmayaraq, Ermənistanın təhlükəsizliyinin möhkəmləndirilməsinə necə kömək edəcəyini nəzərdən keçirir”.

Hazırda Rusiya ilə Ermənistan arasında münasibətərin soyuqlaşdığı hiss olunur. Rusiyalı ekspertlər belə bir sual qoyur – Ermənistan Rusiyadan üz döndərmir ki? Onlar Rusiyanın Qafqazda mövqelərinin zəifləməsi siyasətindən, sanksiyalara qarşı dayanmaq qabiliyyətinin azalmasından danışırlar. Bəlkə də bu söhbətlər Amerikanın nümayəndə heyəti ilə eyni zamanda Rusiyadan da nümayəndə heyətinin gəlşi ilə bağlıdır. Yeri gəlmişkən, Rusiya hökuməti sədrinin müavini Aleksey Overçukun rəhbərlik etdiyi nümayəndə heyəti IX Rusiya-Ermənistan bölgələrarası forumda iştirak etmək üçün təşrif buyurub. Şübhə də yoxdur ki, Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryanla görüş zamanı, digər məsələlərlə yanaşı, ümumilikdə Rusiya-Ermənistan münasibətləri də müzakirə olunub.

Prinsipial olaraq belə bir sual meydana çıxır – Pelosinin Ermənistana səfəri Bakı üçün nə kəsb edir? Vaşinqtonun Azərbaycana münasibəti bir çox halda Vaşinqtonda hansı partiyanın hakim mövqe tutmasından asılıdır. ABŞ Demokrat Partiyası erməni icması ilə sıx əlaqələri dəstəkləyir. Həmin icmanın üzvləri jurnalist dünyasında, siyasi lobbiçilikdə, biznesdə ciddi mövqeyə malikdir. Və Pelosinin səfəri bir çox halda, xüsusilə də Konqresə noyabr seçkiləri fonunda ABŞ-ın daxili siyasi gündəmi ilə bağlıdır.

Bəzi ekspertlərin fikrincə, Pelosinin Ermənistana gəlişi bu ölkə üçün xüsusi bir əhəmiyyət kəsb etmir, çünki heç kəs, məsələn, NATO-nun ən nüfuzlu üzvlərindən biri olan Türkiyə ilə münaqişə etməyəcək. Ankara ilə Vaşinqtonun arasındakı münasibətləri hazırda “pisdən də o yana” kimi xarakterizə etmək olar. Buna həm Türkiyənin Finlandiya və İsveç alyansına daxil olmağı bloklaması, həm F-35 pilotları hazırlama proqramına qayıdış tələb etməsi, həm də Türkiyənin Rusiya istehsalı olan C-400 zenit-raket komplekslərini almağa qoyulmuş sanksiyaları qaldırmağa cəhd etməsi daxildir. ABŞ tərəfdən Ermənistana silah tədarükü də şübhə altındadır. Lakin Yerevan həm ölkə daxilində, həm də beynəlxalq arenada öz nüfuzunu artırıb. ABŞ isə Moskvanın maraqları ilə hesablaşmadan hərəkətə keçməyə hazır olduğunu nümayiş etdirib. Bu kontekstdə Pelosinin Yerevana səfərini Vaşinqtonun Səmərqənddə ŞƏT sammitinin nəticələrinə reaksiyası kimi də qiymətləndirmək olar. Belə ki, həmin sammitdə Rusiya Asiya ölkələrinin, xüsusilə də Çinin dəstəyi ilə təmin olunmağa can atıb. Lakin ekspertlər, – onların arasında politoloq İlqar Vəlizadə də var, – qorxurlar ki, əgər “ABŞ erməni xəritəsini oynamağa nail olarsa, bu, həm də Azərbaycan, Gürcüstan və Türkiyəni hərbi qarşıdurma arenasına çevirə bilər”.

Digər tərəfdən, Ermənistan ABŞ ilə gələcək danışıqlarda əlavə imkanlar əldə edib. Ukrayna müharibəsində batan Rusiya hazırda Ermənistana arzuolunan şəkildə ordusunu modernləşdirməkdə yardımçı olmaq iqtidarında deyil. 2020-ci ildə Qarabağda baş vermis müharibə isə göstərdi ki, ordunun modernləşdirilməsi zəruridir. Yəqin ki, Yerevan ordusunu modernləşdirmək və yeni silahlar əldə etmək üçün ABŞ-a müraciət etmək istərdi. Ermənistanda Rusiya hərbi bazasının və Qarabağda rusiyalı sülhməramlıların mövcudluğunu nəzərə alsaq, məsələ hələ də açıq qalır. Böyük ehtimalla erməni lobbisinin Konqresə təzyiqinə rəğmən, Vaşinqton Ermənistanla Azərbaycan arasında tarazlığı qoruyub saxlamağa çalışacaq. Üstəlik Ermənistanın dəstəklənməsi Bakını Moskva ilə yaxınlaşdıra bilər ki, bu da Vaşinqton üçün arzuolunmazdır. Odur ki, Yerevanın Moskvadan tamamilə üz döndərəcəyi və KTMT ilə yollarını tamamilə ayıracağı böyük sual altındadır.

Lakin bəzi ekspertlər Pelosinin Yerevana səfəri ilə ABŞ-dakı seçkilər öncəsi xal toplamaq məqsədi güddüyünü, ya da Vaşinqtonun Rusiyanı Qafqazdan sıxışdırıb çıxarmaq arzusunda olduğunu düşünmür. Onlar Pelosinin Azərbaycan əleyhinə bəyanatlarını ABŞ-ın bütün dünyada demokratiyanı dəstəkləməsi prinsipi və Azərbaycanın daxili siyasətindən narazılığı ilə əlaqələndirir. Bununla belə, Ukrayndakı müharibəyə başı qarışan Vaşinqton çətin ki Bakı ilə münasibətlərin ciddi şəkildə korlanmasını istəsin. ABŞ-da böyük ehtimalla Azərbaycan-Ermənistan fikir ayrılığını demokratik yolla nizamlamağa üstünlük verəcəklər. Belə ki, ABŞ-ın dövlət katibi Entoni Blinkenin Nyu-Yorkda “Palace Hotel” mehmanxanasında Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla sentyabrda baş tutmuş görüşündən əvvəl verdiyi bəyanat bundan xəbər verir.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button