2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Nigeriya vətəndaşı Bakıdakı özəl klinikanı ittiham edir: “Məni yaxşı müalicə eləmədilər, əllərim işləmir…”

Yayımlandı: 29 Avqust 2022 20:52

“Məni normal müalicə eləmək əvəzinə, yersiz manikür edirdilər, süni qaş qoyurdular…”

Aprelin 3-də gecə saat 3 radələrində Bakıdakı “Location” gecə klubunda partlayış zamanı ağır xəsarət alanlardan biri də Nigeriya vətəndaşı olan rəqqas Momodu Fatimah Semira olub. O, hadisədən sonra bir müddət müalicə aldığı “MedEra” hospitaldan narazıdır və bunu məhkəmədə dilə gətirilib.

Saytların yığılması Saytlarin yigilmasi

O, gecə klubundakı partlayışla bağlı cinayət işi üzrə zərərçəkmiş qismində tanınan 52 nəfərdən biridir. Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyilə baxılır.

Partlayışla əlaqədar üç nəfər təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılıb – obyekti icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulov, şirkətin təsisçisi Orxan Səfərov və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov. Adları çəkilən şəxslərdən ikisi həbsdədir, Ruslan Məmmədov isə ev dustaqlığına buraxılıb.

Avqustun 29-da məhkəmədə dindirilən Momodu Fatimah Semira bildirib ki, hadisə günü əylənmək üçün kluba getmişdi. Partlayış nəticəsində ən ağır bədən xəsarəti alanlardan biri o olub. Ötən 5 ay ərzində iki dəfə əməliyyat keçirib, lakin hələ də əllərini hərəkət etdirə bilmir.

O, ifadəsində “MedEra” hospitaldan gileylənib.

“Məni yaxşı müalicə eləmədilər. Əllərimə, ayağıma baxın, əllərim işləmir, ayaqlarım zədəlidir. Mənə ancaq ağrıkəsici verib saxlayırdılar. Bildiyimə görə, xəsarət alanlardan ən çox pul mənə xərclənib. Belə deyirlər. Amma nəticə göz qabağındadır. Məni normal müalicə eləmək əvəzinə, yersiz manikür edirdilər, süni qaş qoyurdular…”, – nigeriyalı zərərçəkmiş ifadəsində bildirib. O, yanmış əllərini və ayağını göstərib.

Təqsirləndirilən şəxslərdən Orxan Səfərovun vəkili də “MedEra” hospitaldan narazı olduqlarını vurğulayıb. Müdafiəçi məhkəmədə iddia edib ki, sözügedən hospital prokurorluq və başqa qurumların adlarını çəkərək, onları şantaj edir, pul tələb edirdi.

Vəkil əlavə edib ki, Fatimah Semiranın müalicəsi üçün indiyədək 58 min manat pul xərclənib. Bunun təxminən 21 min manatı “MedEra”da ödənilib. Lakin heç bir nəticə olmadığını görüb, zərərçəkmişi “Xətai Estetik Klinikası”na aparıblar.

“Zərərçəkmiş hazırda reabilitasiya prosesindədir. Həkimlərin dediyinə görə, əlləri tədricən hərəkət edəcək”, – vəkil bildirib.

Nigeriyalı zərərçəkmiş ifadəsinin sonunda bildirib ki, müalicəsinin tam başa çatdırılmasını və ölkəsinə qayıtması üçün biletlə təmin olunmasını istəyir.

Hadisə nəticəsində xəsarət alanların əksəriyyəti məhkəmədə dindirilib. Onlar şikayətçi olmadıqlarını deyiblər.

Zərərçəkmişlərin bir qismi isə məhkəməyə gəlməyib və ərizə göndəriblər. Ərizələrində də şikayətçi olmadıqlarını bildiriblər. Onların arasında “Bakı Lift Təmir” İstehsalat Birliyinin sabiq baş direktoru Qüdrət Şükürovun qızı Aysel Şükürova da var. Həmin gecə o da klubda xəsarət alıb.

“Location” gecə klubunda partlayış nəticəsində 1 nəfər ölüb, 37 nəfər xəsarət alıb. 14 avtomobilə, binada obyektin üstündə yerləşən 1 mənzilə və ətrafdakı 2 qeyri-yaşayış obyektinə ziyan dəyib.

İstintaq belə nəticəyə gəlib ki, hadisə mətbəxdə qaz balonunun partlaması nəticəsində baş verib.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham verilib.

Onlar ittihamları qəbul etmir, özlərini təqsirli bilmirlər.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button