Loading...
Loading...
SEÇMƏ

Niyə vergi yığımları proqnozdan artıq icra edilir?

RİK: “Qiymət artımı ən birinci səbəbdir”

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tez-tez hesabatlarında topladıqları gömrükvergi ödənişlərinin həcminin proqnozdan yüksək olduğunu vurğulayır.

Məsələn, 2021-ci ilin 11 ayında dövlət büdcəsinə 7 milyard 961,8 milyon manat vergi daxil olub. Dövlət Vergi Xidməti proqnoza 121 faiz əməl edildiyini açıqlayıb.

Həmin müddətdə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard 433,1 milyon manat olub. Ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz artan daxilolmaların proqnozdan 309,6 milyon manat artıq icra olunduğu vurğulanıb.

Ölkədə vergi və gömrük rüsumlarının proqnozdan artıq yığılması nə ilə bağlıdır?

“Resurs” İqtisadçılar Klubu (RİK) bildirir ki, ötən il də gömrük orqanının xətti ilə ümumilikdə 3 milyard 900 milyon manat vəsaitin büdcəyə qazandırılması proqnozlaşdırılıb. Yekunda gömrük orqanının xətti ilə 4 milyard 343 milyon manat vəsait toplanıb. Yəni, proqnozdan 443 milyon manat və ya 11.4 faiz daha çox. Digər tərəfdən, 2021-ci ildə Dövlət Vergi Xidmətinin xətti ilə 8 milyard 529 milyon manat vəsait toplanıb. Bu, 7 milyard 250 manat səviyyəsində təsdiq olunmuş proqnozla müqayisədə 17.6 faiz yüksək nəticədir.

“Hesablama Palatasının ötən ilin büdcəsinin icrası ilə bağlı rəyində qeyd edilir ki, 2021-ci ildə Azərbaycana idxal edilən məhsullarda ortalama bahalaşma 21.1 faizə bərabər olub. Gömrük orqanlarının topladığı vəsaitin 89 faizi qiymət artımları qeydə alınan sahələrdə müşahidə edilib. Palatanın rəyinə görə, Gömrük Komitəsinin topladığı vəsaitin 15 faizi sırf bahalaşma ilə əlaqədar formalaşıb”, – RİK-in hazırladığı hesabatda bildirilir.

RİK əlavə edir ki, Gömrük Komitəsinin ötən il topladığı ümumi gömrük yığımlarının həcminin 4 milyard 343 milyon manat olduğunu nəzərə alsaq, bu vəsaitin 651 milyon manatının sırf qiymət artımları səbəbindən formalaşdığını demək olar.

“Ötən il gömrük yığımlarının proqnozu 443 milyon manat aşdığını nəzərə alsaq, deyə bilərik ki, gömrük yığımlarının proqnozdan çox toplanması qiymətlərin artması və dolayısıyla gömrük yığımlarının da buna paralel olaraq artması hesabına baş verib”.

“Resurs” İqtisadçılar Klubunun hesablamasına görə, qiymət artımları hesabına toplanan vəsaitin (651 milyon manat) proqnozdan artıq toplanan vəsaiti (443 milyon manat) qabaqlaması onu göstərir ki, əgər yüksək inflyasiya qeydə alınmasaydı, gömrük orqanı nəinki proznozdan daha çox vergi toplayar, heç proqnoza da tam nail ola bilməzdi:

“Ötən il üzrə açıqlanan rəsmi göstəricilərdən aydın olur ki, gömrük ödənişləri kimi, vergi yığımları da, proqnozu üstələyib. Gömrük ödənişlərində olduğu kimi, vergi yığımlarının da proqnozu üstələməsinin əsas səbəbi qiymət artımından dolayı vergitutma bazasının genişləməsi ilə əlaqədardır. Qiymət artımları ilə bağlı vergilərin artması həm neft, həm də qeyri-neft sektoru üzrə özünü göstərir”.

Gözdən qaçırmayın:  Həftənin Şərhi: “Tərtər işi”nin ictimai tədqiqatı ilə məşğul olan hüquqşünas həbs edildi

RİK qeyd edir ki, ötən il büdcə gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti 40 dollar olaraq hesablanıb. Yekunda bu göstəricinin 70 dollardan yüksək olması, neft sektorunda çalışan şirlətlərin də gəlirini artırıb. Bu baxımdan, hasilatın pay bölgüsü sazişi çərçivəsində podratçı təşkilatların mənfəət vergisi 440 milyon manata qarşı, 1 milyard 45 milyon manata bərabər olub. Yəni, proqnozdan 2.4 dəfə çox.

“Ötən il toplanan ƏDV və mənfəət vergisinin artımında inflyasiya hesabına dövriyyələrin genişlənməsinin mühüm rolu var. Ötən il ölkəyə idxal edilən heyvan və ya bitki mənşəli piylər və yağlar və onların parçalanmasından alınan məhsullardakı bahalaşma 47 faizə, hazır qida məhsulları; alkoqollu və alkoqolsuz içkilər və sirkə, mineral məhsullar üzrə 35 faizə, tütün və onun əvəzediciləri üzrə bahalaşma 23 faizə, bitki mənşəli məhsullarda isə 14 faizə bərabər olub. Bu baxımdan, aydın olur ki, vergi yığımlarının da proqnozdan artıq yığılmasının əsas səbəbi məhz qiymətlərin artması ilə bağlıdır”.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button