2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Niyə məhz gündəlik 8 saat işləməliyik?

Nüsrət Xəlilov

İnsan Resursları üzrə ekspert

Niyə məhz gündəlik 8 saat işləməliyik?

Saytların yığılması Saytlarin yigilmasi

Zaman qızıldan da dəyərlidir. Bu standart bir cümlə deyil. Nəzər yetirdikdə görürük ki, insanlar daim bir təlaş içində, qaça-qaç içindədirlər. Daim müəyyən işlərə, özlərinə, ailəsinə və yaxınalara zaman ayıra bilməməkdən gileylənirlər. Ona görə də zaman çox qiymətlidir. Bəs yaxşı hara gedir bu qədər zaman? Bütün insanların gündəlik vaxtı 24 saatdan ibarətdir. Necə olur ki, bəzi insanlar işləri ilə yanaşı öz şəxsi məsələlərinə zaman ayıra bilir? Bizim əsas problemimiz zamanın (time management) effektiv idarə edilməməsidir. Amma təkcə problem bu deyil. Əsas problemlərdən biri də, günün əksər və əsas hissəsini bizdən alan iş vaxtıdır. Zamanı nə qədər effektiv idarə etsən də, yenə də şəxsi həyat-iş balansını bəzən düzgün qura bilmirsən.

Maraqlı sualdır. Niyə məhz gündəlik 8 saat işləməliyik? Əgər işçi öz vəzifə öhdəliyini gündəlik 6 saata icra edə bilirsə, niyə gündə 8 saat çalışmalıdır? 8 saat üçün nəzərdə tutulmuş işin 6 saata yerinə yetirilməsi işçinin vəzifə öhdəliklərinin düzgün qiymətləndirilməməsi anlamına gələrək ona əlavə vəzifə öhdəlikləri vermək kimi başa düşülməməlidir.

Qanunvericiliyə görə gündəlik işin maksimal müddəti (5 günlük iş rejimində) 8 saatdan artıq ola bilməz. Amma, gəlin etiraf edək ki, əksər hallarda 8 saatlıq iş bizə heç də 8 saata başa gəlmir. Ən yaxşı halda 8 saatlıq iş vaxtı bizə işdən vaxtında çıxmaq şərtilə nahar fasiləsi və yola sərf edəcəyimiz zamanı da nəzərə alarsaq 10-11 saata başa gəlir. Və beləliklə günümüzün demək olar ki, yarısı iş vaxtına sərf edilir. İş yerində də normal iş mühiti yoxdursa, bu zaman ya məcburiyyətdən həmin iş yerində çalışırsan, ya da başqa iş yeri axtarmalı olursan. İş vaxtının çoxluğundan və stressindən adətən işləməkdən yaşamağa vaxt tapmır insan.

Buna əmin olun, çox saatlıq iş səmərəliliklə tərs mütənasibdir. Hər əlavə işlənən dəqiqə işçinin faydalı iş əmsalının aşağı düşməsinə və getdikcə işdən bezməsinə səbəb olur. Ona görə də əksər şirkətlərin komandası onlara loyal deyil və bir neçə ildən sonra onlar həmin iş yerini başqa bir iş yerinə dəyişirlər.

Əmək qanunvericiliyi iş vaxtının maksimal müddətini müəyyənlədirmişdir. Müəyyən edilmiş iş şəraitinin yaxşılaşdırılması və ya yüngülləşdirilməsi qanunvericilik baxımından heç bir problem yaratmır. Dünyanın bəzi ölkələrində artıq şirkətlərin bəziləri dörd günlük iş həftəsini tətbiq edir. 2018-ci ilin noyabrında Yeni Zelandiyanın “Perpetual Guardian” kampaniyası dünyada dördgünlük iş rejiminə keçən ilk şirkət olub. Bununla da onlar həftəlik iş saatlarını 37,5-dən 30-a qədər azaldıblar. İspaniya da dörd günlük, həftəlik 32 saatlıq iş rejiminə keçidə razılıq vermiş ölkələrdəndir. Adətən, Avropada işçilər həftədə 35 saat işləyir. Məsələn, Hollandiyada iş saatı həftəlik 27 saatdır. Avropada ən çox is saatı olan ölkə isə həftəlik 48 saat olmaqla Portuqaliyadır.

Rusiya, Britaniya, Avstraliya, Amerika, Almaniya v.s ölkələr də dörd günlük iş həftəsinə keçmək niyyətində olan ölkələrdəndir.

Dörd günlük iş həftəsinə keçən dünya ölkələrinin bəziləri həftəlik iş günlərinin sayını azaltsalar da, həftəlik iş saatı eyni qalaraq gündəlik iş saatlarının miqdarını artırmaqla keçid prosesini təmin etmişlər. Lakin, bəzi ölkələr isə həftəlik iş günləri ilə yanaşı, gündəlik iş saatlarının miqdarını da azaltmışlar.

Mənim fikrimə görə isə, dörd günlük iş hətəsinə keçid prosesində iş saatlarının miqdarı da azaldılaraq ümumi iş saatları azaldılmaqla səmərəliliyin artırılmasına nail olmaq olar. Araşdırmalar da göstərir ki, iş saatlarının miqdarını azaldaraq dörd günlük iş həftəsinə keçid edilmiş ölkələrdə işin produktivliyi artmış, əməkdaşların həyat səviyyəsi yüksəlmiş və stress səviyyəsi azalmışdır. Təsadüfi deyil ki, belə olan halda işçi işə həvəslə gələcək və öz vəzifə öhdəliyini qısa müddət ərzində vicdanla yerinə yetiməyə özünü fokuslayacaqdır. Bunu parkinson qanunu da təsdiq edir. Qanuna görə, bir işi siz məhz o işi görmək üçün nəzərdə tutuduğunuz vaxta yerinə yetirirsiniz. Hansısa bir işi yerinə yetirmək üçün özünüzə 1 saat zaman vermisinizsə, onu 1 saata, bir gün zaman vermisinizsə onu bir günə yerinə yetirəcəksiniz. İstər şəxsi, istərsədə iş həyatında hər bir tapşırığa “deadline” qoyulmalı və bu qoyulmuş son vaxtlara riayət etməyə vərdiş ediməlidir. Qoyulmuş bu zaman limitləri insanların faydalılığının artırılmasına səbəb olur. Odur ki, daha az gündəlik iş vaxtının müəyyən olunması əməkdaşlara da tapşırıqların daha qısa vaxt ərzində yerinə yetirilməsinə stimul yaradacaqdır.

İşçisi məmnun olmayan bir şirkətin müştərisi də məmnun ola bilməz. Ümumiyyətlə məmnuniyyət və səmərəlilik düzmütənasibdir. İşçi işə məmnun şəkildə gəlirsə, verilən məvacibdən məmnundursa, mühit onu sıxmırsa, işçi daha produktiv olacaq və əmin olun ki, müştərilərin məmnuniyyəti və işin faydalılığı artmış olacaq.

Sonda iş vaxtının azalmasının müsbət və mənfi təsirlərini sadalamaq istəyirəm:

Müsbət tərəflər

Sağlıq problemi. Məlumdur ki, ofis şəratində oturaq işlər müxtəlif xəstəliklərin səbəbi ola bilir. Bu səbəbdən, iş vaxtının azalması da bu xəstəliklərin azalmasına səbəb olacaqdır.

Stress. Stress əksər xəstəliklərin başlaması üçün ən əsas səbədir. İş vaxtı və iş yükünün gərginliyindən işçilərin stressi azalacaq və rahat şəraitdə çalışmaq da effektivliyi artıracaqdır.

“Yaşamağa” zaman ayırmaq. İş vaxtının azalması ilə insan həyatın yaınız işləməkdən ibarət olduğunu unudaraq, şəxsi və sosial həyatına da zaman ayıra biləcək. Geri qalan vaxtlarıda insan idmanla məşğul olacaq, yaradıcılıq fəaliyyətini təkmilləşdirəcək, istirahət edəcək və digər işlərinə zaman ayıra biləcəkdir.

Konfilikt səviyyəsi azalacaq. İşçinin iş yerində daha az zaman keçirməsi səbəbindən öz həyatını daha rəngarəng halda yaşa biləcək və nəticədə iş yerində və cəmiyyətdə konfilikt səviyyəsi aşağı düşəcək. İnsan özünü təyiq altında hiss etdiyi zaman agressiv olur və bu agressivlik onun iş və şəxsi həyatına siraət edir. Bu, səbəbdən rahat iş mühiti onun agressivlik dərəcəsini minimuma endirəcəkdir.

Mənfi tərəflər (əngəl törədən amillər)  

Qeyri-formal məşğulluq. Qeyri-formal məşğulluq əmək bazarında balansın pozulmasına səbəb olur. Qeyri-formal məşğulluq işəgötürənlərin iqtisadi mənafelərinə, müəssisədə əmək məhsuldarlığına, keyfiyyətli istehsal və xidmət prosesinə ziddi zərər vurur. Qeyri-formal məşğulluq dövlətin, müəssisələrin və işçilərin maraqlarının pozulmasına səbəb olur. Ona görə də qeyri-formal məşğulluq hallarının aradan qaldırılmasında, qeyri-formal məşğulluğun leqallaşdırılmasında işçilər, işəgötürənlər də dövlətlə birgə eyni dərəcədə fəal olmalıdırlar.

Normadan artıq iş saatları. Həftəlik iş vaxtının qısaldılmasına əngəl törədə biləcək mövzulardan biri də əmək bazarında işçilərin əkər hallarda nomradan artıq gündəlik işlərə cəlb edilməsidir. Bu, insanların həyat keyfiyyətinin aşağı düşməsinə səbəb olmaqla yanaşı, eyni zamanda istehsalat qəzaları və peşə xəstəliklərinin də artmasına səbəb olmaqdadır.

İş həftəsinə mütənasib formada əmək haqqının azalmaması. Əgər həftəlik iş vaxtının azalmasına mütənasib olaraq işçinin alacağı əməkhaqqı da azalacaqsa, o, öyrəşdiyi həyat səviyyəsini təmin edə bilməyəcək və boş vaxtında da başqa bir gəlir gətirən fəaliyyətlə məşğul olmağa cəhd göstərəcəkdir. Bu isə, iş vaxtının azalmasına mütənasib olaraq, səmərəliliyin artmamasına səbəb olacaqdır.

İstisna deyil ki, iş vaxtının azalması bəzi iş yerlərində mümkün olmaya bilər və mümkün olsa da effektiv olmaya bilər. Amma bir çox iş yerləri vardır ki, bu, qısa zaman kəsiyində öz effektini göstərə bilər.

Dəyərli dostlar, sizə beynəlxalq təcrübədən bəzi nümunələri və şəxsi fikirlərimi təqdim etdim. Unutmayın, işçinin işdə çox zaman keçirməsi işəgötürənə çox gəlir gətirmir. İşçinin məhsuldar və həvəslə iş görməsi işəgötürənə daha çox gəlir gətirə bilər. Əksər şirkətlərin gəlir mənbəyi onların müştəriləridir. İşçilər də şirkətin müştəriləridir. İşçi işindən məmnun olarsa, xidmət göstərdiyi müştərini də məmnun edəcəkdir.

Unutmayaq, əməkdaşını əzən deyil, dəyər verən şirkət bazarda qalıcı olar və daha çox qazanar.

Instagram

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button