2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Niyə Mübariz Mənsimov?

Qənimət Zahid

O, bir oliqarx deyil, iş adamıdır, milyarderdir. Bütün azərbaycanlı milyarderlər kimi Azərbaycandan kənardadır. Azərbaycanlı milyarderlərin əksəriyyəti Rusiyadadır, bilinən zəngin azərbaycanlıların da əksəriyyəti ordadır, qalanları da dünyanın başqa-başqa ölkələrində. Mübariz Mənsimov da Türkiyədə, amma biznesi həm Rusiya ilə bağlı idi, həm də Azərbaycanla və neft daşımaçılığı idi. Sonra Rusiya neft şirkətləri ilə də problemləri çıxdı, Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) ilə də. Bu münaqişələrin detalları az adama bəllidir. Hər halda təxmini mənzərə bundan ibarətdir ki, neft şirkətləri, eləcə də SOCAR Palmali ilə müqavilələrdən geri çəkilərək Mübariz Mənsimova külli miqdarda ziyan vurmuşdular və bu da böyük ziddiyətlərin əsasını qoyub.
Mübariz bəy SOCAR-a qarşı açıq çıxışlar edirdi, həm də davamlı olaraq. SOCAR isə Türkiyədə ən böyük yatırımçılardan biridir, orda 20 milyard dollara qədər gedib çıxan investisiya layihələri barədə danışır.
SOCAR Rövnəq Abdullayev demək deyil, İlham Əliyev deməkdir. Şübhəsiz, Mübariz Mənsimov da bunu bilirdi, amma açıq çıxışlarında heç zaman İlham Əliyev adını hallandırmayıb, Rövnəqi isə haqlı olaraq əcinnə qiyafəsində təqdim edib. Bu, ziddiyətlərin bir və mühüm tərəflərindən biridir, amma Mübariz Mənsimovun həbsi üçün Türkiyə hökumətinə, eləcə də prezident Erdoğana israrlı təklif və xahişlərin yeganə səbəbi deyil. Elə bu qədər də ciddi yanaşacağınız başqa səbəb də var. Bu, Mübariz Mənsimovun xeyriyyəçi milyarder obrazıdır. Mənsimov Azərbaycanla bağlı çoxlu xeyriyyəçilik aktlarının müəllifidir. Bu layihələrin bir tərəfində tanınmış azərbaycanlılar da var, heç kimin tanımadığı tələbələr də, başqaları da. Onun xeyriyyəçiliyi haqqında xəbərlər çox geniş yayıldı və bu da ona ictimai simpatiya yaratdı. Azərbaycanda ciddi sosial, tibbi problemi olan insanlar,- belələrinin sayı isə külli miqdardadır, Azərbaycan dövlətindən, ona rəhbərlik edən məmurlardan əl üzüb birbaşa Mübariz adına pənah gətirməyi daha doğru və daha faydalı saymağa başladılar.
Azərbaycanlı milyarderlərin heç birinin adı bu cür layihələrdə yoxdur. Onların hamısı olmasa da, mütləq əksəriyyəti yox yerindədir, ictimai antipatiyanın obyektləridir. Vahid Ələkbərov, Araz Ağalarov, Fərhad Əhmədov, Telman İsmayılov,.. kimi adlar sıravi azərbaycanlıya nəsə deyirmi? Heç nə demir! Ən yaxşı halda, Telman İsmayılovun vaxtı ilə bazar sahibi olduğu, bu bazarda da çoxlu sayda azərbaycanlının işlədiyi məlumdur. Araz Ağalarov «Jara» kimi şou- biznes layihələri ilə tanınır və qəbul edilir. Vahid Ələkbərovu çoxları mənəvi baxımdan da azərbaycanlı saymırlar.
Amma birdən-birə bir Mübariz Mənsimov fenomeni ortaya çıxır və iş adamı, milyarder azərbaycanlıların nəzərində xeyriyyəçi, xalq adamı, ehtiyacı olanlar üün ünvan kimi məşhurlaşır. Bu, bilirsizmi, nə deməkdir ? O deməkdir ki, istənilən sosial-siyasi fürsətdə belə bir milyarder ünvanlı xeyriyyə layihələrinin səmtini dəyişib «qlobal xeyriyyə» aktı kimi siyasi dəyişikliklərə sərmayə qoya bilər!
Bu, əlbəttə, İlham Əliyev üçün Rövnəqin söyülən, yıpranan, təhqir edilən, aşağılanan obrazından min dəfə təhlükəlidir. Koronavirusdan da təhlükəlidir. İlham Əliyevin məntiqinə görə (ki, bu dayaz ağlın məntiqidir) bütün məşhur və proseslərə təsir imkanı olan azərbaycanlılar onun ovcunun içində olmalıdırlar. Buna görə də, Mənsimov obrazını yox etmək, sıradan çıxarmaq, məhv etmək gərəkdir. O da bunu edir. Mübariz Mənsimov bir neçə günahın sahibidir:
-milyarderdir;
-İlham Əliyevlə ziddiyətə girməyə cəsarət edir;
-xeyriyyə işləri ilə uğraşır;
-bu layihələrlə azərbaycanlıların simpatiyasını qazanır və bu simpatiyadan qorxulu məqsədlər üçün istifadə edə bilər;
Azərbaycanlı milyarder, ümumiyyətlə varlı azərbaycanlı müstəqil ola bilməz, İlham Əliyevə (yaxud da Vladimir Putinə) bağlı ola bilər, bu bağlardan kənardadırsa, sıradan çıxarılmalıdır, əmlakı və biznesi əlindən alınmalıdır.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button