2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Nizami Cəfərov: “Bundan sonra Türkiyədən Moskvaya göndəriləcək notalar ayrı məzmunda olacaq”

24 saat.org Atatürk Mərkəzinin rəhbəri, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü və millət vəkili Nizami Cəfərovla müsahibəni təqdim edir.

– Nizami müəllim, Türkiyə-Rusiya münasibətlərində yaranan indiki mərhələ haqqında fikirləriniz nədən ibarətdir?

– Mən bu məsələlərin mahiyyətində durmuram. Cənab Ərdoğanın Putinə göndərdiyi məktubla bağlı müxtəlif fikirlər söylənilir, fərqli izahlar olur. Gah deyirlər Türkiyə prezidenti üzr istəyib, gah deyir ki, qətiyyən üzr söhbəti yoxdur. Ancaq hər halda yaxşı olan budur ki, Türkiyə-Rusiya münasibətlərində gərginlik və soyuqluq aradan qalxır. İndi məsələnin hansı məzmunda və şəkildə olmasından asılı olmayaraq münasibətlərin yaxşılaşması pozitiv hadisədir. Çünki Rusiyanın Türkiyəyə, Türkiyənin isə Rusiyaya ehtiyacı var. Xüsusilə, türkiyəli iş adamları üçün Rusiya ilə münasibətlərin yaxşı olması çox əhəmiyyətlidir. Eyni zamanda bütövlükdə türk dünyası üçün də, münasibətlərin normal olması mühüm əhəmiyyət kəsb edir. Nəzərə alın ki, Rusiya ərazisində çoxlu sayda türk xalqları yaşayır və onların Türkiyə ilə yaxın əlaqələri var. Tarixi baxımdan bu əlaqələr inkişaf etməlidir. Hələ mən iqtisadi, maliyyə, ticarət, turizm və digər məsələləri demirəm. Türk xalqlarının qarşılıqlı mədəni əlaqələrini inkişaf, birliyi təmin etdirmək istiqamətində Türkiyə-Rusiya münasibətlərinin normal olması çox vacibdir.

Saytların yığılması Saytlarin yigilmasi

– Uzun illər Azərbaycan parlamentində Türkiyə ilə dostluq qrupunun sədri olmuşunuz, Türkiyə siyasətini və elitasını daha dərindən tanıyan birsiniz. Sizcə, Ərdoğanın prezident Putindən üzr istəməyə dəyərdimi?

– Vallah mən bir şeyi bilirəm. Türkiyə prezidenti öz qürurunu qoruyan bir adamdır. Mən onun insana ikinci və üçüncü dərəcəlik gətirmə mənasında üzr istəməsinə inanmıram. Çünki Ərdoğanın xarakteri elədir ki, üzr istəməz. Ancaq münasibətlərin yaxşılaşdırılması üçün çalışar. Bu münasibətlərin nə dərəcədə vacib olduğunu isə yuxarıda qeyd etdik.

-Sizcə, niyə prezident Ərdoğan hadisədən dərhal sonra deyil, qırıcının vurulmasından 7 ay sonra Kremlə məktub yazaraq münasibətlərin yaxşılaşdırılması arzusunu ifadə edir?

– Görünür siyasi münasibətlər, əhval-ruhiyyə məsələsi, qarşılıqlı güc nümayiş etdirmək ovqatı olub. Əgər qırıcının vurulmasından dərhal sonra münasibətləri yaxşılaşdırmaq cəhdi olsaydı, onda sual olacaqdı ki, təyyarəni niyə vurmusan. Odur ki, belə hallarda bir qədər gözləmək lazım gəlir. Bu hadisənin təbiəti ilə bağlıdır. Ola bilsin ki, Rusiyanın özündə də, buna qədər müəyyən yumşalma getdi. Əlbəttə ki, Rusiya qırıcısının hərəkəti qəbuledilməz idi. Söhbət dövlət başçıları səviyyəsindən deyil, hərbi münasibətlər səviyyəsindən gedir. Mən inanmıram ki, Rusiya dövlət başçısı öz təyyarəsinə razılıq verərdi ki, Türkiyə hava məkanını, sərhədini pozsun. Görünür burada müəyyən anlaşılmazlıq mühiti də yaranmışdı. Bu da, vaxt tələb etdi ki, münasibətləri aydınlaşdırsın. Beynəlxalq siyasətdə belə hallar gözlənilən və qəbul ediləndir. Çünki heç zaman hansısa kritik məqam zamanı tərəflərdən heç biri özünün qürurundan keçərək məsələni qaydasına salmaq barədə düşünmür. Bu standartdır.

– 2014-2015-ci illərdə Rusiya qırıcıları baltik ölkələrinin sərhədlərini dəfələrlə pozublar. Ərdoğanın məktubundan sonra Rusiyaya məxsus qırıcılar daha Türkiyənin sərhədini pozmağa cəhd etməyəcək?

– İnanmıram. Məncə, həm Türkiyə, həm də Rusiya krizisə səbəb olan olaydan dərs götürüb. Yəni bir tərəf dərs götürdü ki, belə “xırda münaqişələr” nələrə gətirib çıxara bilir. Digər tərəf də, anladı ki, bu hansı səviyyədə gərginliklər yarada bilər. Odur ki, tərəflər bu məsələdə daha həssas olacaq və davranacaq. Bəli, mümkündür ki, indiyə qədər belə hadisələr olmuşdu, dəfələrlə baş vermişdi və bunun üzərindən sükutla keçilmişdi. Beləcə bu hadisələr gündəmə gəlməmiş, müzakirə edilməmiş və gərginlik yaratmamışdı. Ancaq “Su-24” təyyarəsinin sərhədi pozduğuna görə vurulması artıq gərginlik yaratdı. Bu elə bir göstəricidir ki, tərəflər bundan sonra faktla hesablaşacaq. Bundan sonra Türkiyənin hava sərhədini pozan Rusiya təyyarəsini Ankara vurmasa belə, Moskvaya göndəriləcək notalar artıq ayrı məzmunda olacaq. Odur ki, bundan sonra hər iki tərəf anlayacaq ki, son olay ciddi məsələdir.

– Aydındır ki, Türkiyənin Avropa Birliyi ilə münasibətləri gərgindir, ABŞ-dan istədiyi dəstəyi ala bilmədi, Alman Bundestaqının son qətnaməsi də ortadadır. Sizə elə gəlmirmi ki, bu hallar Ankaranı Moskva ilə münasibətləri yoluna qoymağa vadar etdi?

– Əlbəttə, bu variantda düşünülməlidir. Ancaq mən güman etmirəm ki, Türkiyə Avropa Birliyinin üzvü olmaq, bir Avropa dövlətinə çevrilmək iddiasından əl çəkə. Burada məsələ həddən artıq qütbləşə bilməz. Türkiyə bu qütbləşməyə gedə də bilməz. Çünki Türkiyənin Rusiya ilə münasibətlərində də daima problemləri olub. Odur ki, Türkiyənin Avropa ilə körpüləri tam yandıraraq Rusiya ilə münasibətləri düzəltmək xəttini seçməsi ağlabatan deyil.

– Ancaq daxili siyasi faktorlar-PKK, Suriyada PYD və buna qərb ölkələrinin dəstəyi məsələsi də var…

– Şübhəsiz ki, bu təsirlər var. Bundan da çox məsələlər mövcuddur. Hər halda Türkiyə dünya siyasətində daha ayıq, daha çevik iştirak edir. Xüsusilə, türk dünyası yaranandan bu yana Türkiyənin dünyada, xüsusilə regiondakı siyasəti aktiv fazada olub. Özü də, bu siyasətin arxasında həm əhali amili, həm də iqtisadi-maliyyə gücü dayanıb. Ancaq heç cür inanmaq olmaz ki, Türkiyə Avropadan imtina edərək bundan sonra Rusiyaya doğru yön alır. Bu əsla mümkün deyil. Əslində Türkiyə balanslaşdırma ilə xarici siyasətini davam etdirəcək və mən ümid edirəm ki, uğurlarda əldə olunacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button