2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Norveç Azərbaycanda səfirliyini bağlayır

Gürcüstanda isə yeni səfirlik yaradır

Norveç hökuməti Azərbaycandakı səfirliyinin bağlanması haqqında qərar qəbul edib. Bu barədə Norveç Xarici İşlər Nazirliyi məlumat yayıb.

Norveç XİN başçısı Eriksen Soreydenin açıqlamasına görə, iki ölkə arasında münasibətlər Norveçin Türkiyədəki səfirliyi vasitəsilə həyata keçiriləcək. Bakıda baş konsulluq fəaliyyət göstərəcək.

Bununla belə, rəsmi Oslo Gürcüstanda səfirlik açılması barədə qərar qəbul edib. Bu qərarı şərh edən Soreyde bildirib ki, Gürcüstan Cənubi Qafqazda Norveçin əsas tərəfdaşıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Bu zaman o qeyd edib ki, Gürcüstanda həyata keçirilən islahatlar onu “Avropa qurumları və Avroatlantik qurumlarla yaxınlaşdırıb”.

Eriksen Soreyde
Eriksen Soreyde

Onun fikrincə, Gürcüstanda səfirliyin mövcudluğu hökumətin “bütün regionda hadisələrin inkişafını daha yaxşı müşahidə etməsinə” imkan verəcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva “Report”a deyib ki, Norveçin Azərbaycanda səfirliyini bağlaması qərarı təəssüf doğurur, lakin, bu, Norveç hökumətinin qərarıdır.

“Azərbaycan Norveçlə hərtərəfli xoş münasibətlərə malikdir. Bu ölkənin ən iri enerji şirkəti olan “Equinor” (əvvəlki “Statoil”) 1990-cı illərdə Azərbaycana gələn ilk xarici şirkətlərdən biridir və “Əsrin müqaviləsi”nin iştirakçısı olub. Norveçli vikinqlərlə azərbaycanlılar arasında qədim əlaqələr və bağlılığın mövcudluğu nəzəriyyəsinin müəlifi – Norveçin tanınmış alim-etnoqrafı Tur Heyerdal Azərbaycanın böyük dostu olub. İki ölkə arasında müxtəlif sahələrdə çoxsaylı və faydalı layihələr həyata keçirilib. Bizdə olan məlumata görə, hazırda Norveç tərəfi Azərbaycanda öz təmsilçiliyini konsulluq fəaliyyəti vasitəsilə saxlamaq niyyətindədir. Lakin bu təmsilçiliyin yalnız fəxri və ya diplomatik konsulluq statusunda həyata keçiriləcəyi hələlik tam aydın deyil”, – Azərbaycan XİN-in rəsmisi vurğulayıb.

Leyla Abdullayeva
Leyla Abdullayeva

Leyla Abdullayeva Azərbaycanın İsveçdə səfirliyinin bağlanması barədə yayılan informasiyalara da aydınlıq gətirib: “Biz hər hansı bir yerdə, o cümlədən Azərbaycanın İsveçdəki səfirliyini bağlamaq niyyətində deyilik”.

XİN rəsmisi bildirib ki, Azərbaycanın İsveçdəki səfirliyini bağlayacağına dair məlumatlar həqiqəti əks etdirmir:

“Bir kərə yüksələn bayraq, bir daha enməz” prinsipi suveren və müstəqil dövlətlər üçün mühüm əhəmiyyət kəsb edir. Əksinə, Azərbaycanın həyata keçirdiyi çox fəal xarici siyasəti və beynəxalq birlik tərəfindən artan hörmətini nəzərə alaraq, xaricdəki nümayəndəliklərimizin sayını hətta daha da artırmaq niyyətindəyik”.

***

Hikmət Hacıyevin yadına Steynar Gil düşüb

 “Norveçin Azərbaycanda səfirliyini bağlaması sıradan bir haldır”

Norveçin Azərbaycanda səfirliyinin bağlanması məsələsinə xüsusi bir əhəmiyyət vermirik.

Bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir vəziflərini icra edən Hikmət Hacıyev Trend agentliyinə müsahibəsində deyib.

O qeyd edib ki, hər bir ölkə öz xarici siyasətini müəyyən edərkən səfirlik və ya digər statuslu diplomatik nümayəndəliyin açılması və ya bağlanması barədə qərar qəbul edir.

“Norveçin Bakıda akkreditə olunmuş səfirliyinin fəaliyyətini dayandırması Norveç hökumətinin öz işidir. Bu, sıradan olan adi bir haldır və bizdə hər hansı təəssüf doğurmur”.

H.Hacıyev Norveçin keçmiş səfiri Steynar Gili də yada salıb.

“Əvvəlki illərdə Norveçin Azərbaycanda səfiri işləmiş Steynar Gil adlı şəxs diplomatik protokol qaydalarına uyğun gəlməyən və diplomatik münasibətlər haqqında Vyana Konvensiyasını pozmaqla fəaliyyət göstərərək Azərbaycan və Norveç arasındakı əlaqələrə böyük zərbə vurub. Həmin şəxs səfir statusunu daşıdığı halda, Azərbaycanın daxili işlərinə müdaxilə etməyə cəhdlər göstərib və ikitərəfli əlaqələrlə məşğul olmaq əvəzinə müxalifətin mitinqlərində iştirak edərək digər bu qəbildən olan qeyri-legitim fəaliyyətləri həyata keçirib”.

Onun sözlərinə görə, nəticə etibarilə bu, ona gətirib çıxardı ki, Azərbaycan hökuməti onun ölkəmizdən çıxarılması haqqında məsələləri müzakirə etməyə başlamışdı.

“Yekunda Norveç hökuməti onu vaxtından əvvəl geri çağırdı. Azərbaycan heç bir dövlətin daxili işlərinə qarışmır və öz daxili işlərinə də digər dövlətlərin qarışmasını heç zaman qəbul edə bilməz”.

***

Norveçin Azərbaycanda səfirliyi bağlayıb, əvəzində Gürcüstanda diplomatik nümayəndəlik açması çoxlu suallar yaratdı. “Turan” İnformasiya Agentliyinin təhlilində bu suallara cavab axtarılıb.

Təhlildə deyilir:

Norveç XİN noyabrın 9-da 1998-ci ilin iyulunda Bakıda diplomatik missiyasının açıldığı gündən etibarən Cənubi Qafqazda krallığın yeganə diplomadik nümayəndəliyi olan Azərbaycandakı səfirliyinin 2019-cu ildən etibarən bağlandığını elan edib. Bu regionda Norveçin diplomatik mərkəzi Gürcüstana köçürülür. Norveç-Azərbaycan münasibətləri Norveçin Ankaradakı səfirliyinin yurisdiksiyasına verilir.

Azərbaycanda, bunu hakimiyyətin adından demək olmaz, amma cəmiyyət üçün bu xəbər gözlənilməz oldu. Bununla bağlı heç bir ilkin məlumat olmamışdı. Hətta səfirliyin bağlanması haqqında məlumat özü Norveçin Tbilisidə səfirlik açılması haqqında daha müfəssəl bəyanatı kontekstində səthi verilmişdi.

“Gürcüstan Avrasiya regionunda bizim əsas tərəfdaşlarımızdan biridir. Uzun illər o, islahatlar yolundan gedib, bu islahatlar onu Avropa qurumlarına və Avroatlantik qurumlara yaxınlaşdırıb. Norveç maraqlarının və Cənubi Qafqaz ölkələri ilə əlaqələrimizin ümumi qiymətləndirməsinə söykənərək, Norveç Gürcüstanda səfirlik açmaq qərarına gəlib. Tbilisidə daimi nümayəndəlik sayəsində bizim bütünlükdə regionda hadisələrin inkişafını müşahidə etməyimiz rahat olacaq”, – deyə xarici işlər naziri İne Eriksen Sereyde bildirib.

Və daha sonra deyib: “Eyni zamanda Bakıdakı səfirlik bağlanacaq. Ankaradakı səfirlik Norveçin Azərbaycanla münasibətlərinə görə də cavabdeh olacaq. Amma Norveç Bakıda fəxri baş konsulluq yaratmağı planlaşdırır. Norveçin Cənubi Qafqaz təmsilçiliyində bu dəyişikliklər 2019-cu ildə həyata keçiriləcək”.

Azərbaycan hakimiyyəti Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri səlahiyyətlərini icra edən Leyla Abdullayevanın şəxsində Norveç hökumətinin bu qərarı ilə bağlı təəssüfünü bildirib.

Beləliklə, xanım İne Eriksen Sereydenin qısa, amma məzmununa görə həcmli bəyanatı Norveçin bu qərarı qəbul etməyə vadar etmiş motivləri və regionda məqsədləri haqqında ehtiyatlı, amma informasiya boşluğu şəraitində zəruri olan nəticəni çıxarmağa imkan verir.

1. Norveç səfirliyi Avropa dəyərləri və Avroatlantik əməkdaşlıq sisteminə tranzaksiya həyata keçirən Gürcüstana köçürmək qərarına gəlib, bu ölkədə sonuncu prezident seçkiləri də bunu göstərib. Gürcüstanın avropalılaşmasına dəstək Cənubi Qafqazın Avroatlantik məkana çəkilməsində lokomotiv rolu oynayan əsas və mühüm amilə çevrilir.

2. Norveçlilərin öz maraqlarını və CQ ölkələri ilə əlaqələrini qiymətləndirməsi qərarın ikinci əsasıdır və o, iki amillə bağlıdır: 1) Ermənistanda bu ilin yazında start götürmüş islahatların Gürcüstan ssenarisi Oslonun Ermənistan islahatlarında daha fəal iştirakını tələb edəcək, 2) bu, səfirliyin Bakıda yerləşdiyi şəraitdə daha az səmərəli olardı və müəyyən dərəcədə Norveç diplomatlarının fəaliyyət azadlığını məhdudlaşdırardı.

3. Norveç XİN-in Avropayönlü Gürcüstana daha çox yer verilən və Azərbaycanda diplomatik missiyanın bağlanması quru şəkildə qeyd edilən bəyanatının forması Norveç tərəfin rəsmi Bakı ilə demokratik islahatlarla bağlı dialoqu davam etdirməyi səmərəsiz və perspektivsiz hesab etdiyini göstərə bilər. Məsələnin bu tərəfi həmişə Norveç-Azərbaycan münasibətlərində əngəl olub.

Norveçlilərin azərbaycanlılarla Avropa norma və dəyərləri sisteində energetika, mədəniyyət, ictimai və təhsil layihələri vasitəsilə münasibətlər qurmaq cəhdləri heç bir nəticə verməyib. Və demək olar ki, hazırkı qərar Gürcüstan, Ermənistan və Azərbaycanın siyasi vektorlarının uyğunsuz şəkildə inkişafı kontekstində illər ərzində yaxınlaşıb. Azərbaycan getdikcə daha çox mütləq avtoritarizm qurulması istiqamətinə yuvarlanır.

Norveç siyasətinin zərbəçi qüvvəsi – “Statoil” şirkəti – Azərbaycanın təməl neft kontraktı olan AÇG-nin iştirakçısı, hələ 2013-cü ilin dekabrında Azərbaycandan qazın Avropaya nəqlini nəzərdə tutan “Transanadolu” qaz kəmərinin (TANAP) tikintisi layihəsində iştirakdan imtina edib və “Şahdəniz” qaz layihəsində 10%-lik payını satdığını bəyan edib. 2014-cü ilin mayında şirkətin səhmdarları Azərbaycandakı neft-qaz layihələrindən çıxmaq haqqında qərar qəbul ediblər. 2015-ci ilin aprelində “Statoil” “Şah-dəniz Azərbaycan” yatağında 15,5 faizlik payını satıb. (qaz tədarükü üzrə Azərbaycan şirkətinə (12,4 faiz) və Cənubi Qafqaz qaz kəməri şirkətinə (15,5 faiz), Malayziyanın “Petronas” neft-qaz şirkətinə).

Bu neft-qaz qərarları Azərbaycan hökumətinin vətəndaş cəmiyyətinə təzyiqi və demokratiyanın məhdudlaşdırılması səylərini artırdığı zaman qəbul edilib. Eyni zamanda həm yüksək rəsmi səviyyədə, həm də rəsmi Bakı və Norveç demokratik fondları səviyyəsində demokratiya problemləri ilə bağlı danışıqlar aparılıb, onlar, son hadisələrdən göründüyü kimi, nəticəsiz və perspektivsiz olub. 2018-ci ilin mayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) və Norveçin Equinor qrupuna daxil olan “Statoil Azerbaijan”-ın mayın 30-da neft-qaz sərgisi zamanı Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” yatağı üzrə Risk-Service (RSA) Sazişi və yenə Xəzərdə “Əşrəfi-Dan Ulduzu-Aypara” üzrə kəşfiyyat, işləmə və hasilat (PSA) Sazişi imzaladığını nəzərə alsaq, ola bilər ki, bunlar təsadüf idi.

Amma bu, həm də Norveçin CQ-da öz energetika və siyasi maraqlarına sərhəd qoymağı, energetika maraqlarını Azərbaycanda layihələr vasitəsilə, siyasi maraqlarını isə Gürcüstanda fəallığını genişləndirməklə təşviq etməyi qərara aldığına dəlalət edə bilər. Qarabağ münaqişəsi ilə əlaqədar Gürcüstanın 90-cı illərin əvvəllərindən həmişə Azərbaycan və Ermənistanın iştirak etdiyi Cənubi Qafqaz layihələrinin təşviqi üçün əlaqə yeri olduğunu nəzərə alsaq, üç ölkənin qeyri-formal ictimai əlaqələrinin genişləndirilməsi xəttini davam etdirmək çətin deyil, Qərb, o cümlədən Norveç də bunda maraqlıdır.

Azərbaycanla münasibətlərə görə Gürcüstan deyil, Ankara səfirliyinin cavabdeh olacağı faktı da buna dəlalət edir. Praktiki olaraq, Norveçin Tbilisidəki missiyası Azərbaycan hakimiyyəti ilə əlaqə saxlamayacaq. Bu missiyanı qismən fəxri baş konsul, bəlkə də Azərbaycanda Equinor-un şəxsində, öz üzərinə götürəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button