"Növbə sizindir, cənab VK rəsmiləri, suallarımı cavablandırın” - 24 saat xəbərlər
Now Reading:
“Növbə sizindir, cənab VK rəsmiləri, suallarımı cavablandırın”
Full Article 2 minutes read

“Növbə sizindir, cənab VK rəsmiləri, suallarımı cavablandırın”

Anar Bağırov Adil İsmayılov

“Dünən məni Vəkillər Kollegiyasının (VK) İntizam komissiyasına dəvət etmişdilər. Çağrılmağımın səbəbləri barədə yaxın günlərdə ətraflı yazacam, indilik məni istəyənlərin narahatçılığına heç bir əsas olmadığını deməklə kifayətlənirəm. Fikirləşdim ki, getmişkən maraqlandığım sualların cavabını da alaram. Sədrin və aparatının rəhbərinin xarici səfərdə olduğunu öyrənəndən sonra onun müavinləri Aydın Axundov və Pərviz Ələkbərovla görüşmək qərarına gəldim”.

Az24saat.org xəbər verir ki, bu sözləri tanınmış vəkil Adil İsmayılov sosial şəbəkədəki səhifəsində yazıb. O bildirib ki, Vəkillər Kollegiyasında onu çox mehriban qarşılayıblar:

“Dedilər ki, bura sənin evindir, hətta çay verdilər,  amma suallarımı yalnız rəsmi müraciət edəcəyim təqdirdə, cavablandıracaqlarını bildirdilər. Eyib etməz, rəsmi müraciət də edəcəm, onu da burada paylaşacam. Mənə də müəyyən sualları oldu, bəzi şaiyələrə aydınlıq gətirməmi istədilər. Gördüm ki, barəmdə kifayət qədər informasiya toplayıblar. Bütün suallarına yerindəcə cavab verdim”.

Vəkil deyib ki, onun fəaliyyəti ilə bağlı gizlədəcək heç bir şeyi yoxdur:

“Orda dediklərimi burda da paylaşıram. Vəkili və təsisçilərindən biri olduğum “Adil İsmayılov və partnyorları” vəkil bürosu illərdir mənim şəxsi mülkiyyətimdə olan mənzildə (mülkiyyəti təsdiq edən sənəd şərh bölməsində) fəaliyyət göstərir. Hazırda büroda 14 nəfər vəkil fəaliyyət göstərir. Yanvar ayında vəkillərin hər birindən 130 (yüz otuz) manat pul tutulub. Bildiyim qədər bu, Bakı şəhərində yerləşən bürolar arasında ən aşağı məbləğlərdən biridir.

Bunun 52 (əlli iki) manatı üzvlük haqqı kimi VK-ya verilib. Qalan 1092 (bir min doxsan iki) manatın 730 ( yeddi yüz otuz) manatı əmək haqqı fondudur. Yerdə qalan 362 (üç yüz altmış iki) manat isə kommunal və cari xərclərə sərf olunmuşdur. Ofisin təmirini həmişə şəxsi vəsaitim hesabına etmişəm və vəkillərdən icarə haqqı almamışam. Beləliklə, mən büromuz barədə tam məlumat verdim, kimin nə sualı varsa versin, cavab verməyə hazıram”.

Sonda isə Adil İsmayılov VK-dan hesabat istəyib: “İndi növbə sizindir, cənab VK rəsmiləri, gizlədəcək bir şeyiniz yoxdursa, əlinizi vəsiqənizin üstünə qoyub, suallarımı cavablandırın”.

Qeyd edək ki, vəkil Adil İsmayılov VK və rəhbərliyini tənqid edən statuslar yazaraq, konkret suallarla müraciət edərək, cavab istəyib.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

 

Input your search keywords and press Enter.