Xəbərlər

Növbəti rus-türk müharibəsi astanada:”Kürd zolağı” poliqon ola bilər

Bir müddət əvvəl Suriyanın şimalında separatçı silahlı təşkilat kimi fəaliyyət göstərən, PKK-nın regional qolu olaraq tanınan PYD rəhbərləri Afrin bölgəsində Rusiyanın hərbi baza quracağını və onlara təlim keçəcəyini bildirmişdi.  PYD-nin bu açıqlaması özünü çox gözlətməmiş, Rusiya Müdafiə Nazirliyi tərəfindən təkzib olunmuşdu. Təkzib açıqlamasında Afrində qurulan nəsnənin hərbi başa yox, sadəcə müşahidə qərargahı olduğu vurğulanmışdı.

Strateq.az xəbər verir ki, Afrindən gələn son xəbərlər Anakaranı ciddi narahat edən bu məlumatın əsassız olmadığını təsdiqləyir.

Bildirildiyinə görə, dünən Rusiya ordusunun ilk qəfiləsi Afrinə çatıb. Rus əsgərlərini gətirən nəqliyyat karvanında silah və sursat daşıyan yük maşınları ilə bərabər 11 nəfərlik BTR-80 zirehli texnikası da yer alıb. Yerli qaynaqlar rus qəfiləsində hərbi polislərlə yanaşı, döyüş bölgələrində xidmət edən və ‘Spetsnaz’ olaraq bilinən xüsusi təyinatlı əsgərlərin də olduğunu iddia edirlər.

Rus hərbi qəfiləsinin Türkiyə tərəfindən dəstəklənən Azas Suriya Ordusunun idarəsi altındakı Əzazın təxminən 9 km. uzaqlığındakı Kafr Janneh kəndinə yerləşdiyi xəbər verilir. Maraqlıdır ki, onlar həmin kəndəki PYD-nin silahlı qanadına aid hərbi bazada məskunlaşıblar. Bu da Rusiya Müdafiə Nazirliyinin “müşahidə qərargahı”yla bağlı iddialarının həqiqəti əks etdirmədiyindən xəbər verir.

Afrin hazırda İŞİD-ə qarşı mübarizənin şiddətləndiyi Raqqadan xeyli uzaqda yerləşir. Odur ki, Münbiç, Tel Abyad kimi Raqqaya daha yaxın bölgələr İŞİD-dən tamamilə təmizləndiyi və müşahidə üçün daha uyğun yer olduğu halda, rus qəfiləsinin məhz Afrində yerləşməsi beyinlərdə bəzi suallar yaradır: Rusiya niyə sağ qulağını sol əliylə qaşımağa çalışır?

Azez2

Ekspertlər bu sualın cavabını Rusiyanın Türkiyə ilə vuruşmaq üçün kürd separatçılarına təlim keçiriləcəyi ehtimalında axtarırlar. Onların qənaətincə, Türkiyəyə yaxın bölgədə yerləşən Afrinin coğrafi relyefi də sərhəddən  sızma hallarına daha münasibdir və yəqin, Moskva da bundan faydalanmaq istəyir. Qeyd edək ki, iki ölkə arasında ciddi gərginliyə yol açan məlum təyyarə böhranı ərəfəsində də Rusiya Hələbdən Əzaza  uzanan xətt üzrə bölgəni bombalamış və Türkiyənin müxaliflərə lojistik dəstəyini kəsməyə çalışmışdı.

Ağla gələn digər ehtimal isə kürd separatçılarının əl-Babı Azad Suriya Ordusundan almaq üçün Afrində yetişdirilməsi ilə bağlıdır. Bilndiyi kimi, Afrin Suriyanın şimalında qurulması planlaşdırılan “kürd zolağı” üzərində ən strateji əhəmiyyətə malik regionlardandır. Suriyanın İraq sərhəddindən Münbiçə qədər əraziləri ələ keçirən kürd separatçılarının əsas hədəfi Afrinə qədər uzanmaqdır. Hazırda bu istiqamətdə önə çıxan yeganə maneə Türkiyənin “Fərat qalxanı” əməliyyatı çərçivəsində nəzarət altına aldığı Cerablus-əl-Bab xəttidir. Ankara da əslində kürd separatçılarının tədricən öz planlarını reallaşdırdığını, əl-Babı almaqla hədəflərini tamamlayacağını düşündüyündən məlum əməliyyata başlamış və “Kürdüstan” proyekti qarşısına Azad Suriya Ordusu vasitəsilə sipər çəkmişdi.

“Fərat qalxanı” çərçivəsində əl-Babı İŞİD-dən təmizləyən Ankaranın növbəti hədəflərinin Münbiç və ardınca Raqqa olacağını açıqlaması və bu istiqamətdə konkret addımlar atmasından sonra Suriyadakı mövcud bütün nizami ordular –Suriya Silahlı qüvvələri, Rusiya və ABŞ hərbi birlikləri dərhal hərəkətə keçmiş və PYD ilə Türk ordusu arasında sədd yaratmışdılar. ABŞ Türkiyəni Raqqaya əməliyyatından uzaq tutulacağını da rəsmən açıqlamışdı. Başı üzərində oynanan oyunlara laqeyd qalmaq istəməyən Ankara isə nəyin bahasına olursa-olsun, öz torpaq bütünlüyünü təhdid edən proyektin qarşısını alacağını bildirmişdi.

azez

Şimali Suriyada isə hazırda ən zəif həlqə Afrindir. Şərqdən əl-Bab, cənubdan İdilib bölgələri, şimaldan Türkiyəylə həmsəhrəd olan  Afrinin yeganə nəfəsliyi Hələbdir ki, bu şəhərdə isə Suriya ordusu tam oturuşmayıb. Son zamanlar mülayim müxaliflərin Dəməşqin ucqar məhəllələrində başlatdığı hərbi əməliyyatlar Suriya orudusunun başını paytaxtda qatıb və Bəşər Əsədin Afrinə gözlənilən hər hansı ASO hücumuna müdaxilə etmək imkanları azalıb. Üstəlik, Afrinin kürd separatçılarının əlində olmasına da müsbət yanaşmayan Dəməşq öz maraqlarına uyğun olmayan mübarizədə qurban verməyə də həvəsli görünmür. Tam belə bir zamanda Afrinə rus hərbi qüvvələrinin göndərilməsi və onların PYD silahlıları ilə eyni kazarmada yerləşdirilməsi Moskvanın kürd separatçılarını qorumaq niyyətilə izah oluna bilər.

Afrinə göndərilən rus hərbi qüvvələrinin ASO-nun nəzarəti altındakı Əzazın 9 km-liyinə yerləşdirilməsi yaxın gələcəkdə haranın hədəf alınacağını da gözlər önünə sərir. Xatırladaq ki, Əzaz PYD-nin əlindəki Arfinə keçiş nöqtəsi olmaqla yanaşı, həm də Türkiyənin tam sərhəddində yerləşir. Bu ərazinin ələ keçirilməsi qardaş ölkədən Suriyaya keçişlərin tamamilə kəsilməsi anlamına gələ, “Fərat qalxanı” əməliiyatının nəticələrini sıfıra endirə və türk ordusunun Suriyanın şimalında azad etdiyi əraziləri ya könüllü olaraq kürd separatçılarına buraxıb öz sərhədlərinə çəkilməsinə, ya da mühasirəyə düşməsinə yol aça bilər. Hər iki ehtimalın Türkiyə üçün qəbuledilməz olduğunu nəzərə alsaq, Ankaranın ölüm-qalım savaşına girməkdən başqa çarəsinin qalmadığı aydın olur.

Görünən budur ki, regional şərtlər və maraqlar Türkiyə ilə Rusiyanı növbəti gərginliyə, hətta savaşa sürükləyir. Müasir türk-rus müharibəsinin poliqonu isə Suriyanın şimalındakı “kürd zolağı” ola bilər.

Bəs, hər iki dövlət özlərinin indiki çətin anlarında bir-biriylə müttəfiqliyə möhtackən, sözügedən gərginliyi şərtləndirən əsas səbəb nədir? Növbəti yazılarımızda bu məsələyə aydınlıq gətirməyə çalışacağıq.

Heydər Oğuz

Strateq.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button