2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

“Novostroyka”larda kommunal xərclərin davası gedir

Azərbaycanda yeni inşa edilən binalarda yaşayan insanların Mənzil Tikinti Kooperativləri (MTK) tərəfindən mütəmadi olaraq istehlakçı hüququları pozulur. Adətən, tam təhvil verilməyən binalarda sayğaclaşma aparılmadığından sakinlər kommunal xərclərini əvvəlcədən müəyyən edilmiş formada ödəyirlər.

Fins. az xəbər verir ki, belə formalarda mənzil pulu sahə (kvadratmetr), adam və ya otaq sayına əsasən hesablanır. Nəticədə yeni tikililərdə yaşayan insanlar tez-tez MTK komendantlarının özbaşınalığı ilə üzləşirlər. Məsələn, MTK komendantları qanunu kobud şəkildə pozaraq borclu vətəndaşa görə borcu olmayanları da işıq, qaz və su təchizatından mərhum edirlər.

Qanunlar nə deyir?

Saytların yığılması Saytlarin yigilmasi

Bəs qanunvericiliyin tələblərinə görə istehlakçılar hansı hüquqlara malikdir? Hüquqları pozulan istehlakçılar belə hallarla üzləşdikləri zaman nə etməlidir? Bu kimi vəziyyətlər Azərbaycanda qanunla necə tənzimlənir?

Hüquqşünas Xalid Ağaliyev bildirib ki, Mənzil Məcəlləsi mənzil fondunun idarə olunmasında mütərəqqi idarəetmə üsullarının tətbiqində əsas hüquqi bazadır:

“MTK-larda ev sahibləri payçılar sayılırlar, yəni həmin binalardan ev alanların müqavilələri alqı-satqı müqaviləsi kimi bağlanmamalıdır. Bu prosesin həyata keçirilməsi qanunvericiliyə ziddir. Yeni tikilməkdə olan bina ilə bağlı alqı-satqı müqaviləsi bağlana bilməz. Yəni daşınmaz əmlak dövlət qeydiyyatından keçməyənədək alqı-satqı müqaviləsinin predmeti ola bilməz. Bu səbəbdən MTK-larla bağlanan müqavilələr evin alqı-satqısı ilə bağlı deyil, payın alqı-satqısı üzrə olmalıdır. Belə olan təqdirdə isə bina ilə bağlı verilən qərarlar tərəflərin, yəni sakinlərin hamısının razılığı ilə baş tutmalıdır”.

MTK-ların kommunal xidmətləri dayandırmalarına gəlincə hüquqşünas deyib ki, bu zaman fərdi yanaşma tələb olunur:

“Su təchizatı haqqında”, “Qaz təchizatı haqqında”, “Elektroenergetika haqqında” qanunlarda su, qaz, elektrik enerjisindən istifadə haqlarını ödəməyən istehlakçıya kommunal xidmətlərin dayandırılmaması, borcunu vaxtında ödəyən istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməsi aydın şəkildə qeyd olunub. Yəni bir istehlakçının borcuna görə digər istehlakçıları bu xidmətlərdən məhrum etmək olmaz, bu, qanunu pozmaq deməkdir. Eyni zamanda hər üç qanunda vurğulanır ki, istehlakçılara su, qaz, elektrik enerjisinin verilməsinin dayandırılması yalnız fərdi qaydada həyata keçirilməlidir”.

X.Ağaliyevin sözlərinə görə, bir nəfərin borcuna görə digərlərinin kommunal xidmətlərdən məhrum edilməsi Nazirlər Kabinetinin sudan, qazdan, elektrik enerjisindən istifadə ilə bağlı qaydalarına da ziddir:

“Nazirlər Kabinetinin sudan, qazdan, elektrik enerjisindən istifadə ilə bağlı qaydalarında hesabın istehlakçıya təqdim edildikdən sonra bir ay müddətinə tam ödənilməsi göstərilib. Yalnız bundan sonra su, qaz və ya elektrik enerjisinin verilişini dayandırmaq olar. Qanun pozuntusu ilə üzləşmiş vətəndaşlar onların su, qaz və ya elektrik enerjisinin başqalarının borcuna görə dayandırılmasının inzibati xəta olduğunu bilməlidirlər. Buna məruz qalan hər bir istehlakçının məhkəməyə müraciət etmək hüququ var”.

Binaların idarə olunmasında yeni sistem 

İqtisadiyyat Nazirliyindən bildirilib ki, mənzil-kommunal təsərrüfatı sahəsində mülkiyyətçi ilə idarəedici arasında münasibətlər bu sahədə mövcud qanunvericilik çərçivəsində, o cümlədən Mənzil Məcəlləsinə uyğun olaraq tənzimlənir:

“Belə ki, mənzil mülkiyyətçiləri yaşayış sahəsinin saxlanılması haqqını ödəməlidirlər. Bu xərclərə binadaxili və həyətyanı işıqlandırma, lift təmiri, məişət tullantılarının daşınması, bina və həyətin təmizliyi, mühafizə, işçilərin maaşı və s. xidmətlər daxildir. Qanunvericiliyə uyğun olaraq çoxmənzilli binaların idarəediciləri bina sakinlərindən bu haqqın ödənilməsini tələb edə bilərlər. Bina sakinlərinin ödəniş etmədiyi və ya ümumiyyətlə, ödənişdən imtina etdiyi hallarda idarəedici məhkəməyə müraciət edə bilər. İşıq, qaz, su kommunal xidmətləri isə abonentlə təchizatçı müəssisə arasında tənzimlənir və bu xidmətləri qanunvericiliklə müəyyən olunan hallarda yalnız təchizatçı müəssisə dayandıra bilər”. 

Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq çoxmənzilli binanın idarəetmə üsulunun seçilməsi sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı əsasında həyata keçirilir:

“Məcəlləyə əsasən, mənzil fondunun idarə edilməsi ilə bağlı üç metod (bilavasitə özləri tərəfindən idarəedilmə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti yaratmaqla idarəetmə və idarəedici təşkilat tərəfindən idarə edilmə) var. Bunlardan beynəlxalq təcrübədə ən geniş tətbiq olunanı və səmərəli hesab ediləni Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətləridir. Hazırda nazirlik binalarda yeni idarəetmə metodlarının tətbiqi, eləcə də MMMC-lərin yaradılmasının dəstəklənməsi, vətəndaşların bu sahədə hüquq və vəzifələri ilə bağlı maarifləndirmə tədbirləri həyata keçirir. Çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi ilə əlaqədar görülən işlər nəticəsində indiyədək Bakı şəhərində və Abşeron rayonunda 40-dək MMMC dövlət qeydiyyatına alınıb”.

Qanunlar pozulur, komendantlar özbaşınalıq edir

Daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov vurğulayıb ki, yeni inşa edilən bina İstismar Qəbul Komissiyasına təhvil verilmədiyi halda orada yaşamaq qəti qadağandır:

“Buna qanun da yol vermir. İlk qanun pozuntusu buradan başlayır. Qanun pozuntularının zəncirvari halqası olur. Əlbətdə, bir qanun pozuntusu olan yerdə digərləri də qaçılmaz olur. Belə olan halda da yeni tikilən binalarda yaşayan bina sakinləri MTK-ların müəyyən etdiyi komendantların özbaşınalığı ilə qarşılaşırlar. MTK-ların “ev pulu”nu ödəməyən bir və ya iki bina sakininə görə digərlərini hər hansı bir kommunal xidmətdən məhrum etməyə ixtiyarı yoxdur”.

Bu cür qanunsuzluqlardan çıxış yoluna gəlincə, ekspert  bina sakinlərinin məhkəməyə üz tutmalarını  tövsiyə edib.

“Hər hansı bir yeni tikilən binada yaşayan ölkə vətəndaşı qanunsuz olaraq kommunal xidmətdən mərhum edilə bilməz. Binaları elektrik, qaz və su təchizatı ilə üçüncü tərəf olaraq MTK-lar deyil, başqa müəssisələr təmin edir. Heç bir halda hüquqi cəhətdən komendantların özbaşına bina sakinlərini şəxs və cəm halında ödənişini həyata keçirdiyi kommunal xidmətlərin istifadəsinə qadağa qoymağa səlahiyyəti çatmır”. 

Komitə çətin durumda 

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədr müavini Rafiq Cəlilov qeyd edib ki, Mənzil Tikinti Kooperativlərində (MTK) əsas problem yeni tikilən binaların İstismar Qəbul Komissiyasına qəbul olunmamasıdır:

“ƏMDK istismara tam təhvil-təslim prosesi olmadığından həmin binalarda mənzillərin sənədləşmə işini apara bilmir. Komitə bina istismara qəbul olunanda yerində gedib sənədləşmə işini aparır”.

Kommunal xidmətlərin dayandırılmasına görə cərimələr 

İnzibati Xətalar Məcəlləsinin 279-cu maddəsinə görə, qaz, elektrik və ya istilik enerjisi xətlərini qanunsuz olaraq kəsmək, istehlakçıya yazılı bildiriş göndərmədən qazın, elektrik və ya istilik enerjisinin verilməsini dayandırmaq olmaz. Məhkəmə buna yol verən fiziki şəxsləri 200 manatdan 400 manatadək, vəzifəli şəxsləri 1000 manatdan 1500 manatadək, hüquqi şəxsləri isə 2500 manatdan 3500 manatadək cərimələyə bilər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button