2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Nüşabə Məmmədli: “Məni “xalq düşməni” elan edib, sürgünlə hədələdilər…” 

Mayın 19-u və 20-si, iki gün Gəncə Dövlət Dram Teatrı Bakıda qonaq olacaq. Musiqli Teatrın binasında Gəncə teatrının rejissoru Əsgər Əsgərovun quruluşunda Nüşabə Məmmədlinin “Cavad xan” dramının tamaşası oynanılacaq. Yəni, tamaşanın Bakı premyerası olacaq. 

Premyeradan öncə “Cavad Xan” tarixi dramının müəllifi, jurnalist-publisist, yazıçı-dramaturq Nüşabə xanım Məmmədli fikirlərini Pressklub.az oxucuları ilə bölüşür.

– Qələm tutmağa jurnalistikada başlamısınız, Gəncədə qəzet redaktoru olmusunuz. Ona görə də əvvəla, ustad həmkarımla həmsöhbət olmağımdan məmnunam… 

Saytların yığılması Saytlarin yigilmasi

– Çox təşəkkür edirəm. Mən də sizin məqalələrinizi məmnuniyyətlə oxuyuram.

– Sağ olun. Nüşabə xanım, Cavad xan hadisəsi yaradıcılığınızın ana xəttini təşkil edir desəm, yanılmıram ki? Bu dramdan əvvəl də onun haqqında “Yaşıl otlar cücərir” adlı hekayəniz, sonra “Cavad xan” adlı kitabınız çap olunub. 

– Doğrudan da “Cavad xan” mənim ən baş əsərimdir. Ailəmizdə həmişə onun kultu olub. Atamın ulu babası Əsəd Mirzə Cavad xanın dəftərxanasında işləyib. Mənim əcdadlarım Azərbaycanın möhtəşəm tarixinin həm şahidləri, həm iştirakçıları olub. Uşaqlıqdan eşidirdim Cavad xan haqqında deyilənləri. Atamın, sonlalar isə varlığından hər zaman qürur duyduğum qardaşım Mürşüd Məmmədlinin danışdıqları beynimdıə həkk olunurdu. 

Yadımdadır, 1981-ci ildə mən Cavad xanı yuxumda gördüm. Gördüm ki, o mənə bir kitab uzadır. Mən bu kitabı əlimə götürmək istəyəndə kitab quma dönür, az qalır yerə səpələnsin. Cavad xan onu tutur, səpələnməyə qoymur və kitab şəkilində onu mənə uzadır. Mən bu kitabı əlimə alıram və yuxudan oyanıram. Onda anladım ki, mən Cavad xan haqqında əsər yazmaliyam. Və yazdım da. Əvvəl dram əsəri, sonra hekayə və ən nəhayət, roman. Pyeslə bağlı çox əziyyət çəkdim. Hətta mənə rəğbət bəsləyən adamlar da Cavad xanı düşmən bilirdi, tariximizdə qara ləkə sanırdılar. Sovet ideologiyası öz işini görmüşdu. Mən sanki mənəvi terrora məruz qalmışdım. Naəlac qalıb, vaxtilə Gəncədə rəhbər olmuş, Mərkəzi Komitənin ideoloji katibi işləyən, çox vətənpərvər və millətsevər insan olan Həsən Həsənova göndərdim “Cavad xan” dramını. Göndərəndə dedim ki, əsərim pis olsa, onu tullayın. Yaxşı olsa, kömək etməyinizi xahiş edirəm. Həsən müəllim məni Gəncədən tanıyırdı. Onda mən “Kirovabadski raboçi” qəzetində jurnalist idim. Bir neçə gündən sonra mən ona zəng etdim, o da əsəri bəyəndiyini bildirdi və müdafiə edəcəyini dedi. Çox sevindim. Ancaq əsər 1991-ci ildə Gəncə Dövlət teatrında tamaşaya qoyuldu. Onda mənə həm də xatirini çox istədiyim teatrşünas, mədəniyyət nazirliyində idarə rəisi işləyən Elmira Əliyeva dəstək verdi.

Səhv etmirəmsə, sizin yazdıqlarınız Azərbaycan ədəbiyyatında Cavad xan haqqında ilkin mənbədir. Bəs, siz mənbəni, tarixi faktları hardan öyrəndiniz, yəni hansı mənbədən tapdınız? Yalnız arxivlərdə işlədiniz, yoxsa Gəncə camaatının ağızdan-ağıza keçən hekayələri də vardı?

– Dediyim kimi, Cavad xan haqqında söhbətlərdən və bir də Dubrovinin “İstoriya voynı russkix na Kavkaze” kitabından. Mən qürur duyuram ki, ilk dəfə böyük qəhramanımız Cavad xan haqqında əsəri mən yazmışam.

Cavad Xanla qohumluğunuz yoxdur ki?

– Xeyr, heç bir qohumluğum yoxdur.

Gəncə teatrında “Cavad xan”ın tamaşası 1991-ci ildə də səhnələşdirilib. Hansı quruluş daha ürəyinizcədir? 

– Hər ikisi yaxşı tamaşadır. 1991-ci ildə qardaşım Mürşüd Məmmədli Polad Bülbüloğlundan xahiş etdi ki, “Cavad xan” əsəri tamaşaya qoyulsun. Elmira Əliyeva da çox dəstək oldu bu işdə. Mürşüd həyatım boyu mənə dəstək olub. İlk kitabımı da Bəxtiyar Vahabzadəyə o çatdırdı. Bəxtiyar müəllim də mənə xeyir-dua verdi. 

Niyə onun haqqında film sizin əsəriniz əsasında çəkilmədi?

– Sabir Rüstəmxanlı mənim “Cavad xan” romanımı oxumuşdu. Film çəkilməzdən qabaq mənə zəng edib, dedi ki, əsəri heyranlıqla oxuyub və bu əsərdən istifadə etmək istədiyini dedi. Mən də ona dedim ki, əgər istifadə edəcəksə, onda qoy ssenaridə mənim də adım olsun. Razı olmadı. Aramızda qalmaqal yaşandı.

Sabir Rüstəmxanlı Cavad xan haqqında romanında sizin əsərdən faydalanmışdı?

– Məncə, Sabir müəllim romanda mənim əsərimdən istifadə etmədi.

Sizin çox önəmli ictimai fəaliyyətiniz də var, 90-cı illərdə yaratdığınız “Tomris” cəmiyyəti indi də yaşayır?

“Tomris tərəqqi uğrunda” içtimai birliyi indi də fəaliyyət göstərir. Müharibə vaxtı yaralılara, şəhid ailələrinə yardım edirdik.

İstər jurnalistikada, istər ədəbiyyatda, onunla bağlı da mədəniyyət sahəsində fəxri adınız, mükafatlarınız var. Sizə elə gəlmir ki, Gəncədə – əyalət şəhərində yaşamağınız fəaliyyətinizi məhdudlaşdırır, yaxud bir az arxa planda saxlayır?

Mən hesab eləmirəm ki, Gəncə əyalət şəhəridi. Gəncə respublikamızın qərb paytaxtıdır, Mərd paytaxtıdır. Bir də ki, əyalətçilik təfəkkürdə, beyində olur. Mənim üçün Gəncə ən əziz yerdir. Burda mən rahatam.

Gəncənin tarixi adının qaytarılması üçün ilk dəfə təkliflə çıxış edən də siz olmusunuz. 

– 1987-ci il fevralın 13-də Azərbaycan Jurnalistlər İttifaqının qurultayı idi. Rəyasət Heyətində, rəhbərliyin arxasındakı sırada oturmuşdum. Qabaqda birinci katib Kamran Bağırov, MK katibi Ramiz Əhmədov, Jurnalistlər İttifaqının sədri Hacı Hacıyev əyləşmişdilər, mən onlara yaxın idim. “Kirovabadskiy raboçiy” qəzetinin redaktor müavini işləyirdim. Moskvadan nümayəndələr vardı, mətbuatla bağlı səlahiyyətli şəxslər idi. Hacı müəllim mənə dedi ki, istəyirik Zuğulbada jurnalistlər üçün ev tikdirək, bu məsləni siz qaldırsanız, yaxşı olar. Dedim, yaxşı. İçimdə elə bil, üsyan qalxdı ki, axı, mən Gəncənin adını özünü qaytarılması ilə bağlı çıxış etmək istəyirdim. Mənim babam 1920-ci ildə Gəncə üsyanında şəhid olub. Bu üsyan tariximizə qızıl həriflərlə yazılıb. Bolşevik diktaturasına qarşı ən böyük üsyan olub, 30 minə yaxın şəhid vermişik üsyan zamanı. Kirov o qətliamı törədənlərdən biridir və onun adının şəhərimizə verilməsi şəxsən mənə təhqir idi. 

Mənə söz veriləndə dedim ki, Gəncəli tarixi şəxsiyyətlərimiz çoxdur, amma onların doğma şəhərinin adı xəritədə yoxdur. İstəyirəm ki, Gəncənin adı özünə qaytarılsın, o bizim mənəvi paytaxtımızdır. Gurultulu alqış səsləndi. Yerimə əyləşməmiş Kamran Bağırov əlini masaya çırpdı və dedi ki, siz kimi alqışlayırsınız, aramızda xalq düşməni əyləşib. Dedi, bu düşməni hardan, kim bura yönləndiribsə, onu aydınlaşdırıb, lazımı cəzanı verəcəyik. Çox odlu çıxış etdi, zal bayaqkından da gurultulu alqışladı. Bir-iki nəfər də qalxıb çıxış etdi ki, Nizami Gəncəvi özü sağ olsaydı, şəhərin adının Kirovabad olmasını istəyirdi. İnanın, qulağım küy içində idi, başım fırlanırdı. Qulam Məmmədliyə Allah rəhmət etsin, qalxdı ayağa, kövrələ-kövrələ dedi ki, 20-ci illərdə bizim Fitnə adlı qızımız olub, onu Sibirə sürgün ediblər. Mən istəmirəm bu qızımızı Fitnənin gününə salaq. 

Fasiləyə çıxanda yazıçı Xalidə Hasilova, Məmməd Alim yanımda idi. Çox dəstək gözlədiyim bir yazıçı şığıdı üstümə ki, sənə ayıb olsun, o nə çıxış idi etdin. Bilmirsən ki, bizə mədəniyyəti, Nizami Gəncəvini Rusiya bağışlayıb, onlara borcluyuq? 

O hadisədən iki ay qabaq Qazaxıstanda etirazlar olmuşdu, ora qoşun yeridib qırmışdılar camaatı. Məni Qazaxıstana bağladılar ki, guya sürgündə qohumlarım var, onların tapşırığı ilə işləyirəm. Hətta 1981-ci ildə İmzamzadə məzarlığında dəfn olunmuş atamın məzarını açmaq istədilər, komissiya gəlmişdi, həqiqətən atası burda dəfn olunub, yoxsa Qazaxıstanda yaşayır hələ. 

Qayınanam Ömər Faiq Nemanzadə ilə qohum idi, onların qohumları orda sürgündə olmuşdular, mən onları heç tanımırdım. Öz ailəmdən orda heç kim olmayıb. Cinayət işi açmaq istəyridilər mənə. Onda Bəxtiyav Vahabzadə gəldi Gəncəyə, iclas çağırdı, yığdı hamını, dedi Nüşabənin xətrinə dəyənin anasını ağladaram. Haqqımda xoş sözlər dedi. Xəlil Rza da çox kömək oldu mənə. Gəldi Gəncəyə, özümü arxalı hiss etdim. Anladım ki, hamı zombiləşməyib, o zalda bu adamlar olsaydı, məni təkləyə bilməzdilər. Nə isə, keçdi o günlər. 

Çox təsirləndim, Nüşabə xanım. Babanızın yolunu bu formada davam etdirmisiniz, var olun.  Keçək, yaradıcılığınıza. Əsərləriniz müxtəlif dillərə tərcümə olunub, amma Azərbaycanda lazımı qədər geniş yayılmır, niyə?

– Bunu bilmirəm.

İndi nə ilə məşğulsunuz, nə üzərində işləyirsiniz?

Hazırda bizim istiqlalçı şairimiz Əhməd Cavad haqqında dram əsəri üzərində işləyirəm. Və bu əsəri tamamlamaq üçün böyük Allahdan möhlət istəyirəm.

Ramilə Qurbanlı

24 saat” “Nüşabə Məmmədli: “Məni “xalq düşməni” elan edib, sürgünlə hədələdilər…” ” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button