2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“O məmur ki, “burda mənəm, Bağdadda kor xəlifə” məntiqi ilə davranır…”

İqtisadçı millət vəkili Vahid Əhmədov prezidentin dünənki müşavirəsində səslənən fikirlər ətrafında Moderator.az-ın bir neçə sualını cavablandırıb, onunla söhbəti oxuculara təqdim edirik:
– Vahid müəllim, prezidentin müşavirəsində səsləndirlən məqamlarla bağlı təəssüratlarınızı bizimlə paylaşmağınızı xahiş edirik.
– Cənab prezidentin dünənki müşavirəsi 3 – cü dövlət proqramının icrasının gedişinə həsr olunmuşdu. Yəni 2014-2018-ci illəri əhatə edəcək 3 – cü dövlət proqramının necə yerinə yetirilməsi, hansı istiqamətlərdə axsamaların olmasına və ya daha çox diqqət yetirilməli olduğuna həsr olunan bir iclas idi. Birinci iki proqram əsasən regionlarda infrastruktur layihələrinin həyata keçirilməsini nəzərdə tuturdu və bu istiqamətdə ötən müddət ərzində geniş miqyaslı işlər görüldüyünü hamımız gördük. Nəqliyyat, enerji təchizatı, su və kanalizasiya sistemlərinin qurulması kimi nəhəng layihələrə külli miqdarda vəsait xərcləndi və bu istiqamətdə çox genişşəbəkəli işlər həyata keçirildi. Amma bəzi rayonlarda su-kanalizasiya sisteminin tikintisində müəyyən problemlər qalmaqdadır. Ümid edrəm ki, bunlar da tezliklə həllini tapacaq. 3 – cü proqram isə regionalrda qeyri-neft sektorunun nəzərəçarpacaq dərəcdə inkişaf etdirilməsini nəzərdə tutur. Xüsusilə kəndlərdə yaşayan əhalinin məşğulluğunun artırılması, kənd təsərrüfatında genişmiqyaslı istehsal müəssisələrinin yaradılması, emal sənayesinin inkişaf etdirilməsi kimi vacib məsələlər bu proqramın əsas mahiyyətini təşkil edir. Cənab prezident çıxışında da fındıqçılığın, baramaçılığın, pambıqçılıq və tütünçülüyün inkişafı üçün atılmalı olan addımları vurğuladı.
– Amma cəmiyyətdə hal-hazırda əsas müzakirə olunan məqam prezidentin məmurlara növbəti dəfə xəbərdarlıq etməsidir.
– Bəli, cənab prezident bu məsələni də xüsusi vurğuladı ki, məmurlar xalqa işləməlidrilər.  Dövlət başçısı söylədi ki, hər kəs bilsin, eşitsin və nəticə çıxarsın: məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir, yekəxanalıq etməməlidir, hansısa qanunsuz tələb irəli sürməməlidir, özünü təvazökar aparmalıdır – özü də, ailə üzvləri də, nümunə olmalıdır, rüşvətxorluqla məşğul olmamalıdır, soyğunçuluqla məşğul olmamalıdır. Dövlət başçısı vurğuladı ki, hər bir dövlət məmurunu təyin edəndə və ya icra başçısını başqa vəzifəyə qəbul edəndə də göstərişlər verir ki, get, insanlara qulluq elə, xidmət elə, dövlətə xidmət elə, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar və onların da cəzası verilir və veriləcək. Düşünürəm ki, təkcə həmin müşavirədə iştirak edənlər deyil, bütün məmur kontingenti dövlət başçısının bu xəbərdarlığından nəticə çıxarmalı, belə deyək ki, özlərini yığışdırmalıdırlar. Konkret olaraq icra başçılarına ciddi iradlar tutuldu. Prezident tamamilə haqlıdır və icra başçılarının qanunsuz əməlləri barədə mətbuatda da vaxtaşırı yazılır, bizlərə də müraciətlər olunur. Halbuki regionların inkişafında icra başçılarının rolu artırlıb, onlarsa bundan daha çox qamarlamaq deyil, üzərlərinə düşən məsuliyyəti dərk etmək anlamında istifadə etməlidirlər. Hər bir regionun inkişafı təkcə dövlət proqramı xətti ilə yönəldilən vəsaitlər hesabına təmin oluna bilməz. İcra başçılarının özü elə bir münbit şərait yaratmalıdırlar ki, insanlar həmin rayona investisiya qoymaqda maraqlı olsun. Yoxsa indiki kimi sahibkarların cibinə girməsinlər, onların əllərini işdən soyutmasınlar, rayonlardan perik salmasınlar.
– Vahid müəllim, sözünüzün qüvvəti olaraq əhali bir şeydən narazılıq edir ki, dövlət başçısı bütün bu nöqsanları bildiyini çıxışlarında ortaya qoyur və hər dəfə xəbərdarlıq etməklə kifayətlənir. Amma icra başçıları sanki heç bir xəbərdarlığı vecinə almadıqlarını əməlləri ilə ortaya qoyurlar, cəzalanmayacaqlarına bir əminlik yaranıb onlarda…
– Düşünürəm ki, bu istiqamətdə də ciddi addımlar atılacaq. Hesab edirəm ki, cənab prezident müəyyən islahatların həyata keçirilməsini gözləyir. Struktur islahatlarının ardınca vitse prezidentlik institutu formalaşdırıldıqdan sonra çox ciddi kadr islahatlarının da aparılacağını gözləmək olar. O məmur ki, xalqa deyil, öz şəxsi mənafeyinə xidmət edir, sahibkarlara divan tutur, “burda mənəm Bağdadda kor xəlifə” məntiqi ilə çalışır, onların hamısının cəzalandırılacağını gözləmək olar.
– Az qala hər gün mətbuatda sahibkarlara divan tutulması ilə bağlı fəryadlar eşidilir, icra başçıları camaatın dərisini soyur, insanların son qəpiyinə də göz dikirlər…
– Bizə də sahibkarların incidilməsi ilə bağlı çoxsaylı məlumatlar daxil olur. Amma hesab edirəm ki, bu, prezidentin son xəbərdarlığıdır və bundan sonra bu xəbərdarlıqları görməzdən gələnlər layiq olduqları cəzaları alacaqlar. Bir daha deyirəm, cəmiyyət cənab prezidentdən çox ciddi islahatlar gözləyir. Çünki Strateji Yol Xəritəsini həyata keçirmək üçün çox ciddi kadr islahatları həyata keçirilməlidir. Elə bir saat mexanizmi ilə işləyəcək komanda formalaşdırılmalıdır ki, heç bir yerdə axsama olmasın, işlərin ahəngi pozulmasın, hardasa tormozlanma yaranmasın.
 
– Sabah Milli Məclisin yaz sessiyasının açılışı olacaq. Çıxış imkanı əldə etsəniz hansı məsələləri qaldıracaqsınız?
– Biz də bir çox qanunlarda dəyişiklik edib əlavə qanunlar qəbul etməliyik ki, yol xəritəsində nəzərdə tutulan məsələr asanlıqla həllini tapsın. Biz komitə iclaslarında da bir sıra məsələlərə baxmışıq. Biz bir sıra qanun layihələrini təqdim edəcəyik ki, onlarsız inkişafa nail olmaq mümkün deyil. Həmin qanun layihəsindən biri artıq gündəliyə daxil edilib. Hesablama Palatası haqqında qanun layihəsi gündəliyə salınıb. Daha iki qanun layihəsini təklif edəcəm. Bunlardan biri maliyyə nəzarəti haqqında qanun layihəsidir, digəri isə rəqabət məcəlləsidir. Biz bu barədə uzun müddətdir ki, danışrıq, amma hələ ki, Milli Məclisdə gündəliyə salınmayıb. Digər qanunlar da var ki, onların qəbulu həyati əhəmiyyət kəsb edir. Ümid edirəm ki, bu istiqamətdə də lazımi addımlar atılacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button