Loading...
Loading...
Gündəm

“Oğlum korrupsiya haqda prokurorluğa könüllü məlumat verdi, ən ağır cəza da ona kəsildi…”

Məlahət Ələkbərova: “Bizim yüksək vəzifədə adamımız, pulumuz yoxdur deyə, addımbaşı əzilməliyik? Mənim evimdə iki müharibə veteranı var…”

Gəncə sakini Məlahət Ələkbərova oğlunun ayrı-seçkiliyə məruz qaldığını deyir. 

O bildirir ki, oğlu başqa vəzifəli şəxslərlə birlikdə korrupsiya əməllərində iştirakçı olsa da, məhkəmə yalnız ona ağır cəza kəsib. 

Korrupsiya hərəkətlərində qərar verən səlahiyyətlilərə isə çox yüngül və həbsə alternativ olan cəzalar verilib.

Saxta əlillik və iş stajıyla düzəldilən pensiyalar

Məlahət Ələkbərova Gəncədə məktəblərdən birində müəllimdir. Deyir ki, evindəki üç kişidən ikisi Qarabağ müharibəsi veteranıdır. Oğullarından biri olan Elçin Ələkbərov 2010-2018-ci illərdə Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz və Nizami şöbələrində işləyib. Öncə Kəpəz şöbəsində Fərdi uçotun təşkili sektorunun müdiri olub. 2016-cı ilin noyabrından 2018-ci ilin iyununa qədər isə

Nizami rayon şöbəsində Sosial sığorta sektorunun baş məsləhətçisi işləyib. Sonra ərizəsilə işdən çıxıb. 2020-ci ilin iyunundan isə həbsdədir.

1987-ci il təvəllüdlü Elçin Ələkbərov həm də əmək pensiyası təyin edən komissiyanın üzvü kimi fəaliyyət göstərib. O, işlədiyi dövrdə Dövlət Sosial Müdafiə Fondunun həm Kəpəz, həm də Nizami şöbələrində saxta sənədlər hazırlayıb, əslində, pensiya hüququ olmayan adamlardan pul alıb, onlar üçün saxta əlillik və iş stajıyla təqaüd düzəltməkdə ittiham olunur. 
O, işlədiyi şöbənin müdiri, müavini və digər şəxslərlə əlbir olub, bu işləri görməkdə təqsirləndirilir. Bu cinayət işi üzrə ümumilikdə 7 nəfər təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılıb.

Uşaq da bilir ki, məsləhətçi heç kimdir, qərarı müdir verir”

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə Elçin Ələkbərov 6 il azadlıqdan məhrum edilib. Daha iki nəfər təqsirləndirilən şəxslərdən birinə 2 il, o birinə isə 2 il 6 ay həbs cəzası kəsilib. Qalan dörd nəfərə isə şərti cəza verilib. Hökmdə yazılıb ki, onlardan birinin qadın olması, birinin yaşı, ikisinin səhhətindəki problemlər və səmimi peşmançılığı kimi hallar nəzərə alınaraq, onlara şərti cəza verilib.

Məlahət Ələkbərova isə hesab edir ki, məhkəmənin bu cür yanaşmasında başqa amillərin rolu olub. O, Meydan TV-yə danışır ki, bu əməllərin üstünün açılmasında oğlunun birbaşa rolu var:

“Mənim oğlum özü prokurorluğa bu əməllər haqda məlumat verib. Yəni bu cinayətin üstü onun sayəsində açılıb. Prokurorluğa gedib, könüllü şəkildə etiraf edib. Ən ağır cəzanı da oğluma verdilər. Uşaq da bilir ki, məsləhətçi heç kimdir, qərar verən müdir, müavini olur. Oğlum onlarsız neyləyə bilərdi? Məhkəmənin bu cür yanaşmasından sonra kim gedib könüllü məlumat verər? Halbuki, qanun deyir, əgər şəxs özü cinayətin açılmasına kömək edirsə, ona kömək olmalıdır”.

Gözdən qaçırmayın:  27 km uzunluğunda Rus qoşunu Kiyevə yaxınlaşır

“Oğlum həbsdədirsə, onlar niyə azadlıqda olmalıdır?”

Məlahət Ələkbərovanın sözlərinə görə, yüngül cəza alan digər təqsirləndirilən şəxslərin yüksək vəzifədə çalışan qohumları var, maddi durumları da yaxşıdır. Ana əmindir ki, oğlu 6 il azadlıqdan məhrum edildiyi halda, bu adamlar yüngül cəza ilə qurtulmasında bu amillərin də ciddi rolu olub.

Foto: Meydan TV

“Mən demirəm oğluma azadlıq versinlər, onu buraxsınlar. Cinayət eləyib, cəzasını da çəkir. Mən deyirəm ki, ayrı-seçkilik olmasın. Hüququn bərabərliyi, hər kəsin qanun qarşısında bərabər olması prinsipi var. Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri və hakimləri bu prinsipləri pozdu. Bu hökm göstərdi ki, onlar hansı prinsipləri rəhbər tutub qərar veriblər. Onlar buraxılırsa, mənim oğlum niyə həbsdə qalmalıdır? Yaxud da mənim oğlum həbsdədirsə, onlar niyə azadlıqda olmalıdır? Bizim yüksək vəzifədə adamımız, pulumuz yoxdur deyə, addımbaşı əzilməliyik? Mənim evimdə iki müharibə veteranı var…”, – Məlahət Ələkbərova belə deyir.

Ana əlavə edib ki, oğlunun üç azyaşlı övladı var.

“280 manat maaşla dolana bilmirdim, ona görə…”

Elçin Ələkbərov məhkəmədə ifadəsində deyib ki, ittihamda bəhs olunan pulları rüşvət kimi almayıb. Onun sözlərinə görə, saxta sənəd düzəltdiyinə görə alıb: “Mən heç kimi aldatmamışam, dələduzluq eləməmişəm. O adamlar özləri də bilirdilər ki, bu sənədlər saxtadır. Saxta sənəd hazırlamağımın səbəbi isə problemlərimin çoxluğu idi. 2010-cu ildən 2018-ci ilə qədər işləyib, ayda cəmi 280 manat maaş alırdım. Uşaqlarımı bu maaşla necə dolandırım? Banka da kredit borcum vardı”.

O əlavə edib ki, heç kimə vəd verməyib. Çünki pensiya sistemi elə bir sistemdir ki, orada kiməsə dəqiq söz vermək mümkün deyil.

Saxta əlillik və stajla təyin olunan təqaüdlərin verilməsi nəticəsində dövlətə dəymiş ziyanı təqsirləndirilən şəxslər müştərək qaydada ödəyib. 

Məlahət Ələkbərova deyir ki, bankdan kredit, qohum-əqrəbadan borc götürüb, onlar da ziyandan ödəyiblər.

Elçin Ələkbərov haqqında hökmdən apelyasiya şikayəti verilib. Bu işə yaxın vaxtlarda Gəncə Apelyasiya Məhkəməsində baxılacaq.

Meydan TV
 

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button