2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Oğlumun kürəyində dubinka, polislərin çəkmələrinin izi vardı…”

Səmayə Cəfərova: “Övladımın ölümündə günahı olan polislər cəzasız qalsın deyə, ekspertlər saxtakarlıq edir”

Ağdaş sakini Səmayə Cəfərova oğlunun ölümünə görə polisləri, bu hadisə ilə bağlı gerçəyin ört-basdır ediləməsinə görə isə prokurorluğun müstəntiqini və rəy verən ekspertləri ittiham edir.

1975-ci il təvəllüdlü İbrahim Cəfərov mayın 4-də vəfat edib. Onun ölümüylə bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma gedir, lakin hələ də cinayət işi başlanmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

70 yaşlı Səmayə Cəfərova Meydan TV-yə bildirib ki, övladı ölümündən bir gün əvvəl Ağdaş Rayon Polis Şöbəsinin baş əməliyyat müvəkkili Allahverdi Məmmədov, eləcə də şöbənin Elçin, Fəqan, Adəm və Vüsal adlı əməkdaşları tərəfindən döyülüb. Ananın sözlərinə görə, məruz qaldığı zorakılıq nəticəsində oğlunun qabırğası sınıb, ağciyəri zədələyib, plevra pərdəsi deşilib və nəticədə nəfəs çatışmazlığından vəfat edib. Lakin ekspert rəyində qaraciyər sirrozu, Hepatit səbəbindən inkişaf etmiş xroniki ürək çatışmazlığının kəskinləşməsi göstərilib.

Səmayə Cəfərova ekspert rəyinin saxta olduğunu, müstəntiqin də bundan istifadə edib oğlunun ölümünün səbəbkarlarını məsuliyyətdən kənarda saxladığını iddia edir. Onun sözlərinə görə, İbrahim Cəfərov heç vaxt qaraciyər xəstəliyindən əziyyət çəkməyib, bunu təsdiqləyən heç bir fakt yoxdur.

Hadisənin necə baş verməsinə gəlincə, ana danışır ki, ölümündən bir gün əvvəl İbrahim Cəfərov ad günü mərasimində olub, orada yeyib-içib. Axşam saatlarında evinə gələndə onu polislər saxlayıb, sərxoş olduğunu bildirərək, maşına mindirib aparmaq istəyiblər:

“Oğlum etiraz edib, deyib ki, nədir, cibimə narkotik atmaq istəyirsiz? Onu döyməyə başlayıblar. Elə döyüblər, evə gələndə kürəyində, köynəyində dubinka, çəkmə izləri vardı. Nigaran qaldım, zəng elədim ki, niyə ad günündən gəlib çıxmadı? Halsız səslə cavab verdi ki, “gəlirəm”. Həqiqətən də 3-4 dəqiqədən sonra gəldi. Gördük vəziyyəti yaxşı deyil, halsız idi, nəfəsi çatmırdı sanki. Başına gələnləri bizə danışdı. Gördüm ki, ağrıdan dayana bilmir, dedim, yatsın, sabah həkimə apararıq. Ertəsi gün toparlanıb həkimə getmək istəyirdik, gördüm vəziyyəti yenə yaxşı deyil. Gedib uzandı. Bir müddət sonra gedib baxdım ki, nəfəs gəlmir…”

Səmayə Cəfərova. Foto: Meydan TV

Bu ölüm işini araşdırmaq əvvəlcə Ağdaş Rayon Prokurorluğunun müstəntiqi Nəriman Bağırova həvalə edilib. İbrahim Cəfərovun ölüm səbəbilə bağlı iki dəfə ekspert rəyi alınıb. Birinci dəfə Ağdaş Rayon Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya şöbəsinin eksperti Nasir İsgəndərovun verdiyi rəydə göstərilib ki, ölümə səbəb qaraciyər sirrozu, Hepatit-lə əlaqədar inkişaf etmiş xroniki ürək çatışmazlığının kəskinləşməsi, ürək-qaraciyər çatışmazlığı olub. Eyni zamanda, İbrahim Cəfərovun meyiti üzərində sağ kürəkaltı nahiyyənin qançır və sıyrığı, VIII-IX qabırğarası sahədə qansızmalar, V-VI qabırğarası nahiyyənin sıyrıqlarının aşkarlanması da rəydə əksini tapıb. Həmin xəsarətlərin küt alətlə yetirilə biləcəyini qeyd edən ekspert bunun ölümün səbəbi ilə əlaqəsi olmadığını vurğulayıb.

Bu rəydən narazı qalan zərərçəkmiş tərəf təkrar ekspertiza tələb edib. Səmayə Cəfərovanın tələbilə əlavə ekspertiza təyin edilib və bu dəfə Yevlax Rayon Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya şöbəsinin eksperti Vahid Xəlilov rəy verib. Bu ekspert isə əvvəlkindən fərqli olaraq, qabırğanın sındığını da rəyində yazıb:

“Sağ kürəkaltı nahiyyənin tış hissəsinin qançırı və sıyrığı, sağ VIII qabırğanın onurğayanı xətt üzrə yerini dəyişməyən sınığı, kənarları qabırğalı, ucu sferik, uzunsov formalı bərk küt alətin təsirindən törənib, həyatidir…”

Lakin bu ekspert də həmin xəsarətlərin ölümlə əlaqəsi olmadığını rəyində göstərib.

“Ekspert bizə biz söz deyir, sənəddə başqa söz yazır. Bizə deyir ki, bir qabırğa sınıb, o birinin üstünə düşüb. Həm də ağciyərdə pərdəni zədələyib. Nəticədə ölüm hadisəsi baş verib. Bunun səs yazısı da var. Amma sənəddə yazıb ki, ölümlə əlaqəsi yoxdur. O biri ekspert ümumiyyətlə, qabırğa sınığını yazmayıb. Sual olunur: maraq nədir ki, gizlədirlər? Deməli, oğlumun ölümündə əli olan polislər cəzasız qalsın deyə, qanunlar tapdalanır, saxtakarlıq olunur”, – Səmayə Cəfərova bildirib.

O, polislərdən əlavə, həm də müstəntiqin və ekspertlərin cəzalandırılmasını tələb edir. Bu məqsədlə daxili İşlər naziri Vilayət Eyvazova, Baş prokuror Kamran Əliyevə və Səhiyyə Nazirliyinə müraciət edib.

Səmayə Cəfərovanın şikayətlərindən sonra bu iş müstəntiq Nəriman Bağırovdan alınıb. Ananın yenidən ekspertiza keçirilməsi barədə tələbilə də razılaşıblar:

“Səhiyyə Nazirliyində Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov bizi qəbul elədi, söz verdi ki, ekspertiza rəyi obyektiv olacaq. İstədiyim odur ki, oğlumun qanı yerdə qalmasın”.

Ramil Məmmədzadə. Foto: Meydan TV

Vəkil Ramil Məmmədzadə hesab edir ki, bu hadisə ilə əlaqədar çoxdan cinayət işi başlanmalıydı. Müdafiəçinin sözlərinə görə, İbrahim Cəfərov ölümündən öncə anası, qardaşıyla yanaşı, Elvin adlı qonşularına da onu bu vəziyyətə salanlar haqda danışıb, Allahverdi Məmmədovun adını çəkib:

“Allahverdi Məmmədovun həmin vaxt harada olduğunu müəyyənləşdirmək üçün telefon anten dairəsi üzrə məlumatı mobil operatordan almaq kifayətdir”.

Vəkil əlavə edib ki, üzərində izlər olan köynəyi də prokurorluğa təqdim ediblər. Ekspert onun üzərində izlər olduğunu təsdiqləsə də, kimə aid olmasını müəyyənləşdirməyib:

“Çox vacib şahidlər var, müstəntiq Nəriman Bağırov dindirməyib. Bütün bu narazılıqlarımızı Baş prokurorun qəbulunda olanda onun nəzərinə çatdırdıq”.

Ekspert rəylərində diqqətçəkən məqamlardan biri də budur ki, ailə üzvləri də, şahidlər də həmin gün İbrahim Cəfərovun sərxoş olduğunu desə də, ekspertiza rəyində onun qanında spirt aşkarlanmadığı yazılıb.

Hətta Daxili İşlər Nazirliyinin İbrahim Cəfərovun ölümüylə bağlı açıqlamasında da onun sərxoş olduğu vurğulanıb. Nazirliyin mətbuat xidməti polislərin onu döyməsi, nəticədə ölməsi haqda anasının dediklərini təkzib edib. Bu qurumdan bildirilib ki, mayın 3-də gecə saatlarında xidmətdə olan polislər sərxoş vəziyyətdə bir nəfərin yıxıldığını görüb, onu yaşadığı evə aparmağa çalışıblar. Lakin özü imtina edib: “İbrahim Cəfərovun evinə çatana qədər isə bir neçə dəfə də yıxıldığı ətrafdakı müşahidə kameralar vasitəsilə qeydə alınıb. Növbəti gün yenidən İbrahim Cəfərov saat 16 radələrində sərxoş vəziyyətdə evə gəlib yatıb. Saat 23 radələrində yaxınları onun öldüyünü aşkar ediblər”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button