2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Oğurlanmış qızıllar, açılmayan gizlinlər…

Sabiq məmurun var-dövlətinə kim qəs edib?

Özünün 50 kiloqram qızlının oğurlandığını iddia edən və bu oğurluğa görə yaxın qohumunu məşhər ayağına çəkdirən sabiq dövlət məmurunun adı indi hamıya məlumdur. Topladığı sərvətin mənbəyi hələ də bilinməyən həmin məmur – Çingiz Nərimanoviç (?) Baxşiyev cəmi bir neçə ay əvvəl nəqliyyat nazirinin müşaviri vəzifəsindən istefaya gedib.
Lakin heç kim sahib olduğu sərvətin əsas hissəsini onun Azərbaycanda dövlət qulluğunda çalışdığı on üç il il əzində əldə etdiyini düşünmür. Çünki bu gizli milyonçunun doğma vətənə uzun illər yaşayıb-işlədiyi Qırğızıstan Respublikasından varlı-hallı bir adam kimi qayıtdığı və dərhal da ölkəmizin nəqliyyat xidmətində aparılan “islahatlar”a qoşulduğu bildirilir. Bu islahatlarda “milyonçu məmur”un hansı rol oynadığı və nəqliyyat xidmətinin inkişafı üçün nələr etdiyi barədə konkret faktlar olmasa da, “islahatlar”ın gedişində onun öz şəxsi mülkiyyətini xeyli zənginləşdirdiyi aşkarlanıb.
Bir sıra internet-media resursları hələ bu ilin aprel-may aylarında Çingiz Baxşiyevin özünə və övladlarına məxsus olan, həmçinin yaxın qohumlarının, o cümlədən həbsə atdırdığı Rövşən Əhmədovun adına rəsmiləşdirdiyi çoxsaylı mülklərin, torpaq sahələrinin və biznes obyektlərinin siyahısını açıqlayıb. Bu siyahılarla tanış olmaq üçün sabiq məmurun adını “internet axtarışı”na vermək kifayətdir…
Amma onu da deyək ki, həmin axtarışın nəticələri göz önündə təkcə özünün gizli “bacarığı” ilə milyonlar qazanan və durmadan sərvətini artıran var-dövlət hərisinin deyil, həm də bağlamalara yığıb saxladığı külli miqdarda qızıl-zinət əşyasını torpaq alta gizlədən, oğlu və kürəkəni zərərli vərdişlərin aludəsi olan, yaxın qohumunu natəmiz biznes əməliyyatlarına cəlb etmək üçün hər cür təhdidə əl atan, adı ölüm işində və keçmiş MTN quldurları ilə əlaqədə hallanan miskin bir insanın obrazını canlandırır. Yəqin ki, belə bir tale – maddi baxımdan varlıykən daxilən yoxsul, ruhən pərişan olmaq əyri yollarla pul-para qazananların, mal-mülk sahibi olanların hamısı üçün ümumi bir bədbəxtlikdir.
Maraqlı bir nüans da diqqətdən kənarda qalmır: təbii gözəlliklərinə görə Mərkəzi Asiyanın İsveçrəsi sayılan Qırğıstanda Çingiz Nərimanoviçin konkret hansı işlə məşğul olduğu, maddi imkanlarını necə genişləndirdiyi barədə məlumat, demək olar ki, yoxdur. Hər halda bu adam nə İssık-Kulun sahilində turizm şəbəkəsi qurub, nə də Tyan-Şan dağlarının yamaclarında heyvandarlıq kompleksi yaradıb. Yalnız gümanlar, ehtimallar var: riskli, təhlükəli, biznes haqqında…
Hər halda adam hansı yolla olur-olsun varlanıb, qazandıqlarını da qırğızlara etibar etməyərək Bakıya dönüb və əvvəllər düz-əməlli vətəndaşlıq edə bilmədiyi müstəqil dövlətimizdə də özünə rahat və hörmətli vəzifə taparaq – yox, “vətənə xidmət” deməyə çətinlik çəkəcəyik – daha çox öz ailəsinə xidmət etmək barədə düşünüb… Vətənə xidmət təkcə hansısa rəsmi kürsüdə əyləşib dövlət büdcəsinin xərclənməsində iştirak etməklə  məhdudlaşmır. Vətənə xidmət – həm də həmvətənlərə xidmətdir… İndi məhkəmlərdə oğurlanmış sərvətinin davasını döyən Çingiz Nərimanoviç, əslində, özünü cəmiyyətə  torba-torba qızılları başqalarının evində və ya torpaq altında gizlədən var-dövlət hərisi kimi deyil, humanist aksiyaların fəal iştirakçısı, səxavətli filantrop, ən nəhayət, milli iqtisadiyyatın inkişafı üçün çalışan bir iş adamı kimi tanıtdıra bilərdi.
Təəssüf ki, belə olmayıb…
Son günlər isə Çingiz Nərimanoviçin personası yenidən KİV-in diqqət mərkəzindədir. Bu dəfə artıq Bakı Ağır Cinayətlər Məhkəməsində baxışa çıxarılmış məlum “oğurluq işi” ilə əlaqədar… Kişi illərlə gözdən-könüldən uzaq saxladığı “xəzinə”sinin sanballı bir hissəsini ələ keçirməkdə günahlandırdığı əmisi nəvəsi Rövşən Əhmədovu ədalət mühakiməsinə çəkdirib.
Buna necə nail olub – bir özü bilir, bir də istintaqçılar. Çingiz Nərimanoviç iddia edir ki, qohumunun ələ keçirdiyi 800 min manatlıq daş-qaşın 695 min manatlığı onun özünün, 55 min manatlığı bir qızının, 50 mini də o biri qızının olub. Məhkəmənin noyabrın 16-da keçirilən hazırlıq iclasında müttəhimin vəkili Adəm Məmmədov müdafiə etdiyi şəxsin həbsdən buraxılması barədə vəsatət qaldırıb, ona qarşı irəli sürülmüş ittihamın cəfəngiyyat olduğunu bildirib. Vəkilin sözlərinə görə, istintaqın yeganə sübutu Çingiz Nərimanoviçin ifadəsidir. Belə çıxır ki, “milyonçu”nun sözü haqq-ədalətdən üstündür!
“Cinayət işi”nin ictimaiyyətə açıqlanan təfərrütlarında isə çox ilginc məqamlar var. Belə ki, R.Əhmədov saxlayıb gizlətmək üçün ona verilmiş  qızıl-zinət dolu bağlamaları bu ilin fevral ayında sahibinə qaytarmaq istəyib. Lakin Çingiz müəllim bağlamaları qızı Fatmanın evinə aparmağı tapşırıb, orada isə əmanəti, sahibinin razılığı ilə, kürəkəni Ayaz qəbul edib. Bu sadə “əməliyyat”ın zibili düz iki ay (!!!) sonra çıxıb və əmanətə xəyanət etmədiyi barədə R.Əhmədovun heç bir and-amanı onu həbsdən qurtara bilməyib. Hərçənd, adi müfəttiş işləyən əminəvəsinin imkanlı və vəzifəli qohumdan əlavə nələrsə qoparmaq istəyinə düşərək özünə göstərilən hədsiz etimaddan (Çingiz Nərimanoviç qızıllarını da, gizlinlərini də neçə illərmiş ki, R.Əhmədova etibar edirmiş) sui-istifadəyə yol verməsi ehtimalının üstündən birmənalı olaraq xətt çəkmək çətindir…
Lakin iki ay ərzində əmənətin kürəkənin əlində olması gerçəkliyinə həm Çingiz Nərimanoviçin, həm də istintaqın əhəmiyyət verməməsi xeyli düşündürücüdür. Deyək, ata qızına və kürəkəninə güvənir, onlardan şübhələnmir. Bəs həqiqəti aşkara çıxarmalı olan istitaqın bu fakta münasibəti necədir?.. Yaxud Çingiz Nərimanoviçin şübhəli biznesi haqqında ictimaiyyətə məhz R.Əhmədov vasitəsilə açıqlanan məlumatlarla bağlı araşdırmalar aparılıbmı?..
Bu müəmmalı “qızıl oğurluğu” və “açılmayan gizlinlər”lə ilə bağlı ictimaiyyəti maraqlandıran suallar çoxdur. Noyabrın 22-də davam etdiriləcək məhkəmənin gedişində təkcə yeni-yeni faktların deyil, həm də sualların ortaya çıxacağı gözlənilir. Cavablar necə olacaq?.. Gözləmək lazımdır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button