AZ24SAAT.ORG

 
 
Now Reading:
“Ölənlərə qayğı” hökuməti

“Ölənlərə qayğı” hökuməti

“Ölənlərə qayğı” hökuməti

Yaxud, analoqsuz inkişafın taxta binası

Əmin olduğumuz bir həqiqət var ki, bu ölkədə sağlara qayğı göstərilmir. Bu ölkədə insanlar yalnız öləndən sonra hökumətin yadına düşür. Binalara penoplast üzlüklərin vurulmasının yanlış olduğu dəfələrlə deyilsə də, hökumət qətiyyən narahat olmadı. 15 nəfər həyatını itirdikdən sonra bu üzlüklər söküldü, cinayət işi açıldı və təbii ki, nəticədə günahkarlar vəziyyətdən yayındı. Yaxud, dənizçilər köhnəlmiş estakadanın qurbanına çevrildilər və bundan sonra hökumət əl-ayağa düşdü, itkin dənizçilərin axtarışına çıxdılar və nəticə yenə də olmadı. Bunun ardınca məcburi köçkünlərin yaşadığı binada yanğın oldu, bir ailə faciəli şəkildə həlak oldu və bundan sonra “Qaçqınkom” yeni binanın tikiləcəyi “müjdə”sini verdi. Ən son hadisə isə alpinistlərlə bağlı baş verdi. İlham Əliyevin portretini zirvəyə sancmaq üçün alpinistlər səfərbər edildi və qar uçqunu altında həlak oldular. Bugünə qədər axtarışlar davam edir və nəticə yoxdur.

Amma bütün bunlar son deyilmiş və hökumət qətiyyən bu faciələrdən dərs çıxarmayıbmış. Bugün səhər saatlarında  Respublika Narkoloji Dispanserində baş vermiş yanğında 30 nəfərin həyatına son qoyuldu. Sonradan məlum olur ki, yanğın taxta konstruksiyalı  binada baş verib. Bəli, 1.2 milyard dəyərində 54 mərtbəli bina tikməyə hazırlaşan, Neft şirkətinin, Vergilər Nazirliyinin yeni binalarına yüz milyonlar xərcləyən, Alov Qüllələri ilə qürur duyan, rayon mərkəzlərində saysız-hesabsız Heydər Əliyev kompleksləri, muzeyləri tikən hökumət, Narkoloji Dispanseri taxta binadan daş binaya köçürə bilməyib. Amma 30 nəfər həlak olduqdan sonra ölkə başçısı, nazirlər əraziyə gediblər, müvafiq tapşırıqlar veriblər. Hökumət saytları “Prezident tapşırıq verdi”, “Operativ qərar qəbul edildi”, “Həyata keçirilən tədbirlər prezidentin nəzarətindədir” başlıqlı xəbərlər tirajlayır.  Hətta Prokurorluq hadisəylə bağlı dərhal cinayət işinə başlayıb.

Həmişəki tanış mənzərədir. Hər dəfə insanlar yarıtmazlığın, səhlənkarlığın, məsuliyyətsiliyin qurbanına çevriləndə, dərhal cinayət işi başlanır, prezident işi nəzarətə götürür və bir neçə ildən sonra hər şey unudulur. Hətta həlak olanların ailələrinə böyük vədlər verilir, ilk vaxtlar yüksək vəzifəli şəxslər tərfindən ailələr qəbul edilir və qısa müddətdən sonra bütün qapılar bağlanır.

Bir daha aydın olur ki, bu ölkədə sadə vətəndaşın heç bir dəyəri yoxdur. Özlərinə milyonluq villalar, məcburi müalicəyə ehtiyacı olanlara taxta binalar rəva görürlər. Bu hadisə nə birincidir, nə də sonuncu. Ölkəmizdə belə yararsız binalar çoxdur və dəfələrlə aidiyyatı orqanlara müraciət olunsa da heç bir nəticə əldə edilmir. Amma həmin binalarda 10 nəfər həlak olan kimi hökumət “qayğı”sını göstərəcək, yeni binanın tikiləcəyi vəd olunacaq. Bu ölkədə ölməyənə qədər adamların səsi eşidilmir. Bu ölkədə hökumətin diqqətini cəlb etmək üçün mütləq ölmək lazımdı. Bu hökumət heç kimi sağ xilas edə bilmir. Bunların qabiliyyəti yalnız öz pullarını xilas etmək üçün kifayət edir. Bu qədər faciələrin baiskarı yarıtmaz idarəçilikdir, amma hökumət öz günahını gizlətmək üçün birqayda olaraq ətrafda günahkar axtarır. Növbədənkənar seçki keçirməyə tələssələr də, insan həyatını xilas etmək üçün növbə yarada bilmirlər.

Samir

 

24saat.org

Mənbə – azadliq.info

QR:  <?php the_title(); ?>

1 comment

  • 24saat

    Salam ! Mən belə bir məlumat oxumuşam ki, təqaüdə cixandan sonra 6 il fasiləsiz işləyən vətəndaşın təqaüdündə artım olmalıdır. Amma bu artım mənə şamil edilməyib. Bu barədə məlumat vermənizi xahiş edirəm. Məlumat ücün bildirirəm ki , 2006 – cı ilin iyun ayında təqaüdə cıxmışam və 2012 -ci ilin avqust ayına qədər işimi davam etdirmişəm.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.