Now Reading:
Ölkəmiz Rəsulzadə və yoldaşlarının siyasi əqidəsi ilə idarə olunsaydı…

Anar Məmmədli

Kiçik təbrik yazacaqdım. Amma Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı vilkipediada İrəvan məsələsinə dair cümlələrə qəzəbim bu yazıya səbəb oldu.

Əvvəlcə, İrəvanın ermənilərə güzəştini gözümüzə soxub guya ki, AXC-ni aşağılamaq istəyənlərə 1993-cü ildən bu yana ölkəyə rəhbərlik edənləri aşağıdakı şəxslərlə müqayisəsini tövsiyə edirəm:
Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Həsən bəy Ağayev, Xosrov bəy Sultanov, Məmmədhəsən Hacınski, Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov, Xudadat bəy Məlik-Aslanov, Xudadat bəy Rəfibəyli, İsmayıl xan Ziyadxanov, Səməd bəy Mehmandarov və başqaları. Onlar ilk respublikanın parlamentində və hökumətində təmsil olunan ictimai-siyasi xadimlər olublar. Geridə qalan 100 illik tariximizdə heç vaxt ölkənin siyasi elitasında bu qədər idealist, cəsarətli və ziyalı insan təmsil olunmayıb. Təbii ki, bu qədər işıqlı insanı bir araya gətirməyi bacaran lider barışdırıcı və idealist biri, yəni Məhəmməd Əmin Rəsulzadə tipində siyasətçi ola bilərdi. Şəxsən mən Azərbaycan siyasi tarixində onun qədər məhsuldar, xalqçı, demokrat, praqmatik və idealist ikinci şəxsiyyət tanımıram.
Bu il Cumhuriyyətin 100 yaşı tamam olur və bu gün Rəsulzadənin 134-cü doğum günüdür, həmin dövrlə bağlı çoxlarının duymaq istəmədiyi tarixi gerçəkliyi paylaşaq.

Birinci dünya müharibəsinin sonuna yaxın Osmanlı imperiyası ərazilərini cənubda və qərbdə xeyli itirmiş, daha çox Asiya qitəsinə yerləşmişdi. Amma hələ Antanta qoşunları indiki Türkiyə ərazilərinə girməmişdi. Belə bir durumda itirilən torpaqların əvəzinə şərqdə yeni ərazilər tutmaq, Şərqi Anadoluda yaradılması planlaşdırılan “Türkiyə Ermənistanı” ərazisini azad etmək üçün Ənvər paşa və Tələt paşa hökuməti hərəkətə keçdi. Hərbi əməliyatlar 1918-ci ilin əvvəlində başlayır və çox keçmir ki, Şərqi Anadolu, indiki Ermənistan və Gürcüstanın bir hissəsi Osmanlı ordusunun nəzarətinə keçir. Bu barədə təfərrüatları hər kəs bilir, geniş yazmıram.
Martda Zaqafqaziya seymi ilə Osmanlı dövləti arasında sülh müqaviləsi danışıqları başlayır. Almaniya danışıqlarda daha çox gürcülərə havadarlıq edir. Ermənilərlə bağlı Ənvər paşa hökümətinin mövqeyi onlara dövlət yaratmağa imkan verməmək olur. Belə bir gərgin atmosferdə Rəsulzadə və yoldaşları Osmanlı paşalarına başa salmağa çalışırlar ki, Qafqazın 3/1 hissəsində oturub bütün bölgənin xəritəsini çəkmək olmaz. Nədən ki, Bakı və ətrafı, Qarabağın bir hissəsi hələ də erməni-daşnak və bolşevik qüvvələrinin işğalındadır. Ya ermənilərə dövlət yaradılması vəd edilməli, ya da Bakı və digər işğal edilmiş ərazilər azad olunduqdan sonra sülh danışıqları aparılmalıdır. Trabzonda danışıqları aparan paşalar da İstanbuldakı paşaları inandırmağa çalışırlar ki, Ermənistan dövləti qəbul edilməsə, sülh danışıqlarının nəticələrini beynəlxalq güclər (Almaniya, Sovet Rusiyası, Fransa və sair) tanımayacaq.
Rəsulzadə başda olmaqla bir qrup şəxs bütün Qafqaza səpələnmiş erməniləri bir araya toplayacaq dövlətin zəruriliyini məktubla İstanbula yazıb izah edirlər. Nəhayət, bir müddət sonra İstabuldakı hökumət mövqeyini dəyişir və Gürücstanla heç bir sərhədi olmayan Ermənistan dövlətinin yaranmasına icazə verir. Amma bu dəfə Trabzondakı paşalar özfəaliyyətlə məşğul olur. Xəlil paşanın rəhbərlik etdiyi heyət azərbaycanlıların yaşadığı ərazilər hesabına Ermənistanın siyasi xəritəsini hazırlayır, İrəvan şəhərinin də daxil olduğu Yeni Bəyazit və Eçmiədzin bölgələrini Ermənistana qatırlar. Ümumilikdə ərazi 10 min kvadrat km. olur. Ermənilər ərazinin azlığından şikayət etdikdə danışıqları aparan paşalardan Vehab bəy bildirir ki, gələcəkdə Ermənistandakı türk-müsəlman əhalini Türkiyəyə köçürə bilərlər.
Azərbaycan tərəfi isə tələsirdi. Çünki sülh danışıqarı bitən kimi Bakıya və Qarabağa doğru hərbi əməliyyatlar başlanmalı, Osmanlı da bu prosesdə iştirak etməli idi. Bu hərbi əməliyyatların tez başlaması üçün paşaları dilə tutur, İstanbula teleqramlar çəkirdilər. İkincisi, Cənub Qafqazın digər bölgələrində, xüsusən də Bakı ətrafında toplaşan erməni silahlı dəstələrini sakitləşdirib qurulan Ermənistana toplamaq üçün belə bir dövlətin mövcudluğu vacib idi.
Ermənistana paytaxt şəhərə gəldikdə, AXC nümayəndələri bunun üçün Aleksandropolu (Gümrü) təklif edirdi və İrəvanın əsasən türk-müsəlman əhalidən ibarət olduğunu bildirirdilər. Ancaq Qafqaza girmiş Osmanlı ordusunun paşalarına görə Aleksandropol hərbi qərargah üçün daha əlverişli strateji məntəqədir. Oranı mayın əvvəlində artıq işğal edərək, hərbi qərargaha çevirmiş və qətiyyən tərk etmək niyyətində deyildilər (amma Mudros sazişi imzalanandan sonra Qafqazı tərk etməli olacaqdılar). Beləliklə, Osmanlı ordusunun tələbi ilə Gümrünün əvəzinə İrəvan şəhərinin ermənilərə verilməsi razılaşdırılır. Bundan sonra 4 iyun 1918-ci ildə Osmanlı tərəfi Azərbaycan, Gürcüstan və Ermənistan respublikaları ilə dostluq sazişi imzlayır. Ancaq bu saziş heç vaxt qüvvəyə minmir, çünki Osmanlı parlamentində ratifikasiya olunmur.
İndi bu tarixi olaylara 100 il sonra hökm vermək olduqca diletant yanaşmadır.
Qafqazda 1918-ci ilin müdhiş yazında ölkəsinin yarısından çoxuna nəzarət etməyən, amma həm hərbi əməliyyatları, həm də sülh müzakirələri vasitəsilə torpaqlarında legitim dövlət qurmaq istəyən hökumətdən bəhs ediriksə, bir az ədalətli olmalıyıq.
Rəsulzadə sübut etdi ki, bir toplumun xoşbəxt və firavan olması üçün əlində olan-qalan torpaqlarda da azad və demokratik cəmiyyət qurmaq olar. Və tarix sübut etdi ki, Rusiya və İran kimi geniş əraziyə sahib olmaq və ya Ermənistan kimi son yüz ildə dəfələrlə torpaqlarını genişləndirmək hələ firavanlıq və xoşbəxtlik üçün yetərli deyil. Və bu danılmaz həqiqətdir ki, ölkəmiz son 26 ildə Rəsulzadə və yoldaşlarının siyasi əqidəsi ilə idarə olunsaydı, biz hazırda Baltikyanı ölkələrlə bir sırada durub Avropa Birliyinə (potensial) üzvlər sırasında idik.
Ruhun şad olsun, qurucu baba!

Yazı müəllifin Facebook səhifəsindən götürülüb.

azadliq.info

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.