Now Reading:
”Ölkənin paytaxtında susuz yaşayırıq”

Suraxanı rayon sakini Su İdarəsindən narazıdır

“İllərdir evimizin su xətti yoxdur. Susuz yaşayırıq. Məhəlləmizə su xətti çəkirlər. Su idarəsinə zəng edib evimizə də çəkdirmək istədiyimi dedim. Bildirdilər ki, bu, öz hesabıma ola bilər. Razılaşdım, həmin ödəyəcəyim pulun müqabilində mənə qəbz verilib-verilməyəcəyini soruşanda “yox, verilməyəcək” deyildi. Deməli, idarə məndən mədənicəsinə rüşvət istəyir”, – Suraxanı rayon sakini Ruslan Hüseyn belə deyir.

O, bu barədə Meydan TV-yə yazıb. Bildirib ki, Suraxanı Su İdarəsi ondan evinə su çəkmək üçün rüşvət istəyir. Yoxsa, ödəyəcəyi pulun qarşılığında qəbz verərdilər:

“Məhəlləmizdə yer qazılıb, borular gətirilib. Evə su çəkmək əllərində heç nədir. 2018-ci ilə çatmışıq, ölkənin paytaxtında hələ də susuz yaşayırıq. Suraxanı Su İdarəsindən mənə deyirlər ki, məhəlləyə çəkilən su xəttinin Azərbaycan hökümətinə heç bir aidiyyatı yoxdur, yalnız pul verdikdən sonra xəttə qoşulmaq mümkündür”.

Şikayətçi çəkilən xəttin hökumətə məxsus olmamasını da anlaya bilmədiyini söyləyir:

“Necə ola bilər ki, sözügedən su xəttinin Azərbaycan hökumətinə aidiyyati olmasın? Evimin 150 metr aralığında yanğınsöndürənlər üçün qırmızı rəngdə olan su blokları quraşdırılıb. Əgər bu su xəttinin “Azərsu” şirkətinə və Azərbaycan hökumətinə aidiyyatı yoxdursa, yanğınsöndürənlər üçün qırmızı rəngdə olan blokları kim quraşdırıb bəs?!”

Meydan TV məsələyə münasibət öyrənmək üçün Suraxanı rayon Su İdarəsi ilə əlaqə saxlayıb. İdarənin müştərilərlə iş şöbəsinin rəhbəri Bəhram Əhmədov bildirib ki, vətəndaşa ödədiyi vəsait qarşılığında qəbz onunla müqavilə bağlandıqda verilir:

“Həmin müqaviləyə kod ödənişi edilir. Bundan sonra qəbz də verilir. Görünür müştəri nəyisə yalnış anlayıb və ya düzgün izah verilməyib. Biz onun əlaqə nömrəsini götürdük. Özü ilə əlaqə saxlayıb hər şeyi aydınlaşdıracağıq”.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.