Now Reading:
Ölkəyə “satılır” elanı vurulubsa….

Ölkəyə “satılır” elanı vurulubsa….

Bir müddət əvvələ qədər ölkəyə “sabit ağır” diaqnozu qoyulmuşdu. İndi isə ölkənin vəziyyəti qeyri-sabit ağırdı.Yəni, sürətlə pisləşməyə doğru gedir. Təbii ki, vəziyyət ağırlaşdıqca “inkişaf mələkləri” cərimələri sərtləşdirir, qiymətləri qaldırır, ixtisarları sürətləndirir və.s Hökumət komandası arasında belə fəaliyyətə “islahat” adı veriblər. Sən demə, vəziyyətdən çıxmaq üçün vətəndaşı dalana salmaq lazım imiş.

Son dövrlər ən çox eşitdiyimiz xəbərlər cərimələrlə bağlıdır. Milli Məclisdə müzakirələr bu istiqamətdə gedir, statisik məlumatlar daha çox cərimə rəqəmlərini tirajlayır. Məlum olur ki, 1 gündə 5000- 8000 sürücünü cərimələyiblər. Ötən gün isə xəbər saytlarında məlumat yayıldı ki, avtomobilinə “satılır” yazan sürücülər də cərimələnəcək. Fiziki şəxslər üçün 50 manata qədər, vəzifəli şəxslər üçün 150-200 manat, hüquqi şəxslər üçün isə 500-2000 manat cəriməəyyən edilib.  Deyilənə görə qanun belə tələb edir. Əgər qanun belə tələb edrisə, deyəcək sözümüz yoxdur. Əslində, bizi maraqlandıran məsələnin başqa tərəfidir. Niyə ölkəni satışa çıxaranlar da cərimələnmir? Niyə, məktəbi, xəstəxananı, məhkəməni, hərbi komissralığı, seçki məntəqəsini alış-veriş yerinə çevirənlərə cərimələr tətbiq edilmir? Ölkənin üstünə “satılır” yazılıbsa, avtomobilin üstünə “satılır” yazılması niyə qanun pozuntusu sayılır?

Bu ölkədə bütün dəyərlər satışa çıxarılıb və satışa çıxaranlar ən mötəbər şəxslər kimi təqdim edilir. Avtomobilinə “satılır” yazan şəxsin boğazına çökən qanun, yüzlərlə avtomobili haram yolla əldə edənlərin boğazına çökə bilmir. Bu ölkənin məhkəməsində ədalət, məktəbində imtahan qiyməti, səhiyyəsində müalicə satışa çıxarılıb. Bu ölkənin bugünü və sabahı satışdadı. Bu qədər “satış obyekti” varsa, avtomobilinə “satılır” yazan adamı cərimələmək nəyi düzəldəcək? Vicdanını satışa çıxaranlar təltif olunursa, şəxsiyyətini arendaya verənlər alqışlanırsa, maşınına “satılır” yazanlar niyə cərimələnməlidir? Bu ölkədə ən qanuni satış edənlər, məhz maşınına “satılır” yazanlardı. Çünki, o satışdan dövlətə və xalqa zərər gəlmir. Çünki, o satışda halallıq var, bir ailənin ruzisi var və.s Amma ölkənin sükanı arxasında oturub, xalqın taleyini satışa çıxaranlara ölüm cəzası düşür. 123 milyard dollar nefti satıb, ölkəni borc bataqlığına salıblar. Özləri saysız-hesabsız əmlkaları satın alıblar, vətəndaşın qarşısına isə “böhran” elanı qoyublar.

Əgər ölkədə qanunlar işləsəydi, avtomobilinə “satılır” yazanı cərimələmək olardı. Amma qanunların futbol topuna çevrildiyi ölkədə belə cərimələr gülməli görünür. Belə çıxır ki, qanun yalnız sadə vətəndaşlar üçündü, qanunu pozmaq isə hökumətin müəqqdəs borcudur? Ümumiyyətlə, sürücülük vəsiqəsinin pulla satıldığı ölkədə, avtomobilinə “satılır” yazanların cərimələnməsi unikal hadisədi. Deməli, sürücülük vəsiqəsini satmaq olar, amma sürdüyün avtomobilə “satılır” yazmaq olmaz.

Bundan sonra sürücülər də hökumət kimi hərəkət etməlidir. “Satılır” yazmadan, satmağı bacarmaq lazımdır. İnsafən, dövlət qurumlarının üstünə “satılır” yazılmayıb, amma hamısında “satış” prosesi gedir. Həbsdə 100-dən artıq siyasi məhbus var. Məhkəmənin önünə “satılır” yazılmayıb, amma günahsız adamlara cəza biçən xeyli hakim ədaləti rahatlıqla satdı.

Bəli, xırda satışlar qanunla qadağandır, böyük dəyərləri satmağı bacarmaq lazımdı.

Ilham Hüseyn

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.