2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ölkə uçuruma yuvarlanırkən…

Xaliq Bahadır

Ölkə uçuruma yuvarlanırkən dövlət başçısı nəyə çalışmalıdır, nədən danışmalıdır? Qurtuluşa çalışmalıdır, qurtuluş yollarından danışmalıdır! Bizdə necədir? Bizdə ölkə durmadan uçuruma yuvarlanır, dövlət başçısı (İ.Əliyev) durmadan xalqa “şən nəğmələr” oxuyur. Bugünlərdə o, daha bir “şən nəğməsini” oxudu: “Birinci rübün nəticələri göstərir ki, Azərbaycan bütün sahələrdə çox böyük sürətlə inkişaf edir”. Azərbaycanın “bütün sahələrdə inkişafını” istəməsə yalnız ermənilər, bir də bizə sınırdaş bir sıra erməniyönlülər istəməz. Azərbaycanın “bütün sahələrdə” yox e, lap bir “sahədə inkişafı” da bizim hamımıza gərəklidir, bizim hamımızda sevinc doğurar.
Ancaq… İ.Əliyevin dediyi “bütün sahələrdəki inkişaf” bizi azacıq da sevindirmir, sevindirə bilməz – gerçəyə deyil, yalana söykəndiyinə, xalqı aldatmaq üçün söyləndiyinə görə! Çoxdan bəllidir: ölkədə böyük, önəmli bir dövlət qurumu (Dövlət statistika komitəsi), bu qurumun ortaya qoyduğu göstəriciləri gözardı edən İ.Əliyev xalqa bütünlüklə başqa, yeri olmayan “göstəricilərdən” danışır. Bu adam özü çıxışlarının birində “Azərbaycanın bütün rayonları dotasiyadadır” deyirkən, yalnız son “rüblük” çıxışında deyil, bir çox başqa çıxışlarında “Azərbaycanın bütün sahələrdə sürətli inkişafda” olduğunu bildirir.
İ.Əliyevin bir çağlar böyük hay-küylə qırmılzı lentini kəsdiyi Gəncə avtomobil-traktor, nə zavodudan nə soraq var? Bəs Mingəçevir Kompüter zavodundan? Bəs İsmayıllı Velosiped zavodundan? Bəs dünyalarca ünlü Naxçıvan Nazlıfanından?.. Eləcə də bir çox fabriklər, bir çox başqa iş yerləri… Keçirdikləri çoxsaylı saxta seçkilər kimi hamısı saxta, hamısı yalan! Ərəb işğalı dönəmində olduğu kimi, ayağı azacıq yer tutan başınıl götürüb ölkədən qaçmağa çalışır. Ölkədən qaçmayan, qaçıb gedə bilməyən çoxluq yarıölü-yarıdırı, başqa cür desək, yarımcan durumda yaşamalı olur. Sözügedən “birinci rübün” ikicə ayında 11070 adam dünyadan köçüb. (Getdikcə geniş xarakter alan özünüöldürmə faktları çoxdan quru statistika materialina çevrilib). Rəsmi statistikaya görə, son illərdə hər ay ölkədə min ailə (1000 ailə!) dağılırdı, sözügedən “birinci rübün” bir ayında 2 mindən artıq ailə dağılıb. Bunların hamısı bu dağılmış-dağıdılmış dövlətin başında duranların özlərinin də çox gözəl bildikləri kimi, işsizlik-evsizlik-dolanışıq dözülməzliyindən ortaya çıxan dağıdıcı görsənişlərdir. Bunlar istənilən xalq, istənilən ölkə, istənilən dövlət üçün dağıdıcı görsənişlərdir. Görün İ.Əliyev başda olmaqla dövlətin başında duranlar bircə yol bu görsənişlərdən danışırlarmı? Danışmırlar, danışmazlar. Nədən? Bunların hamısı onların özlərinin sosial-siyasi, mənəvi-psixoloji yaradıcılıq işləri olduğundan!
Böyük neft pullarını mənimsəməklə, yeyib-dağıtmaqla ortaya çıxardıqları tikinti-quruculuq işlərini elə hey gözə soxurlar. Xəstəxana, maktəb tkintisi xalqa sosial qayğı faktoru olaraq sırınır. Ancaq, sözügedən zavodlar kimi rejimin sağlamlıq, təhsil sistemi də öz funksiyasını gərəyincə yerinə yetirməmək baxımından çıxdaş xarakteri daşıyır. Bir ölkənin, üstəlik, Azərbaycan kimi yaranışından varlı bir ölkənin xalqı sağlamlıq dalınca qonşu ölkələrə axışırsa, bu, o ölkə hakimiyətinin SAĞLAM olmaması faktıdır. Bir ölkənin orta təhsil sistemində öyrəncilərin yüzdə 90-ı, 92-si Ana dilindən, Riyaziyatdan “2” qiymət alırsa, məni qınamayın, bu, o ölkənin başında duranların, bütün hakimiyət komandasının qiyməti deməkdir.
Belə bir uğursuz dəyər-qiymət üzündən Media özgürlüyü göstəricilərinə görə Gürcüstan 64-cü, “Ermənistan” 79-cu, Azərbaycan 162-ci yeri tutur (Rusiya 148-ci, Türkiyə 155-ci yerdədir). Bu yalnız bir rübün deyil, 24 illik bir dönəmdəki bütün rüblərin göstəricisi deməkdir – media özgürlüyünü boğmaqla uğursuzluğu ört-basdır etməyə çalışma göstəricisi!

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button