2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSEÇMƏSosial

Ölkədə intihar ovqatı hakimdir!

Bizim “ağıllı” və “nəcib” intiharlar

 

Vaxtım və dərdim – daha doğrusu, problemim çox olanda bulvara gedirəm. Ora vaxtı dəyərləndirmək və dərdi düşünüb bir qərara gəlmək baxımından vazkeçilməz bir yerdir. Təbii ki, Bakı bulvarını başqa məqsədlərlə istifadə edənlər və orada fərqli profilli işlər görənlər də var. Hacıbala Abutalıbovun öz bulvarı, Əli Əsədovun öz bulvarı və s. var, amma zövqlər və rənglər müzakirə olunmaz deyiblər. Hacıbala Abutalıbovun etdiklərinə qalsa, gərək mən hər dəfə bulvarda intihar edəm. Adam bu ağacları, bu bitkiləri, bu çiçəkləri haradan, hansı fəlsəfə ilə yığıb bura töküb, bilinmir. Bu, nə zövq, bu, nə həyəcan?!

Saytların yığılması Saytlarin yigilmasi

Bu gün bulvarı bir az fərqli gördüm. Havadan zatən zəhrimar yağır, o başqa. Amma havanın belə olmasının bir yaxşı tərəfi də var ki, bulvarda adam çox az olur belə olanda. Rahat olursan, rahat çırpına bilirsən problemlərinin girdabında.

Amma bu gün bulvarı fərqli edən həm də o idi ki, burada hər addımda polis dayanmışdı. Hər künc-bucaq polis idi. Dənizə doğru uzanan mənasız yolda da polis gördüm və yaxınlaşıb niyə burada durduğunu soruşdum. Dünən baş verən intihardan xəbərim yox idi. Cavan polis olayı mənə danışdı…

Dünən 34 yaşlı bir gənc adam özünü “morvağzal” tərəflərdə dənizə atıb intihar edib. Həyatını xilas edə bilməyiblər – o ayrı məsələdir ki, hanı hər yerdə adamın gözünə girən Kəmaləddin Heydərovun “xilasediciləri” – ona görə də şəhərin polis rəhbərliyinin birbaşa tapşırığı ilə bulvar polislə doldurulub. Mən dənizə uzanan mənasız yolun tam dənizə baxan tərəfində idim. Tək idim. Özümü ata bilərdim və bu polis məni xilas edə bilməzdi. Ona bunu deyəndə, boynunu çəkdi: “Allah eləməsin, dayı!” “Barı, dənizdə üzə bilirsənmi, polis qardaş?” dedim. “Belə də, dayı, çulumu sudan çıxarıram…” Deməli, burada dayanan polislər heç düz-əməlli üzə də bilmirlərmiş?! O zaman siz kimi xilas edəcəksiniz, qardaşlar?!

 

***

 

İntiharlar çoxalıb ölkəmizdə. Bir zaman biz sağlam həyatla və uzunömürlü insanların yaşadıqları “Günəşli” ölkə olmağımızla fəxarət hissi keçirərdik. Bu, artıq keçdi, indi intihar edənlər ölkəsi olduq. İntihar dərdlərin və problemlərin qovuşuğunda başını götürüb kimsəni incitmədən həyatdan getməkdir. Onun müxtəlif formaları olur. Ailə problemləri, sosial-məişət problemləri, iqtisadi çətinlik və s. növləri var intiharın. Amma düşünürəm ki, ölkəmizdə artıq bunların heç biri baş vermir. Azərbaycan böyük – çox böyük güclərin iri bir poliqonudur. Burada elə bir idarəetmə hakimdir ki, millət toplu olaraq intihar havasındadır. Bax, bu, artıq bizim bildiyimiz ənənəvi intihar ovqatı deyil. Bütün ölkə intihar düşünür, nazirindən polisinə, sıravi vətəndaşından elmi aşıb-daşanlara qədər.

 

***

 

Mövludun intiharından sonra elə bil özüm ölmüşdüm. Bilənlər bilir, mən ölümləri – hələ tanıdığım yaxın adamların ölümlərini çox pis keçirirəm. Mövludla tanışlığımızın ömrü çox deyildi. Murad Köhnəqala tanış eləmişdi məni. Bir dəfə oturub yeyib-içmişdik. Elə həmin tanışlıq görüşündəcə Murad onu hirsləndirmiş, o da masanı tərsinə çevirib getmişdi. Sonra neçə dəfə mənə zəng elədi, üzr istədi, “boş ver, önəmli deyil” dedim. Mən zatən gənclərin çox azad olmasını sevirəm, onların elə xırda-para hərəkətlərini önəmsəmirəm. Sonra daha Mövludla görüşmədik. Mən getdim həbsə. Arada haralardasa işlədiyini, sonra evləndiyini duydum. Sonra elə oldu ki, həbsdən çıxası oldum. 1-2 dəfə zəng edib məni oturmağa dəvət etdi. Vaxtım olmadı. Bu gün-sabaha sala-sala bir də eşitdim ki, Mövlud özünü 17-ci mərtəbədən atacaq qədər böyüyüb. Və… onun ölümü məni yerlə bir etdi. Dostlar mənə başsağlığı verməyə başladılar…

Mövlud tək deyil. Bir müddət bundan əvvəl bu ölkənin gül kimi 5 balası qazdan zəhərlənib öldü. Ondan 1-2 gün əvvəl Sumqayıt yolunda gəncəcik 6 tələbəmiz dünyasını dəyişdi. Eşitdim ki, bir müəllim məktəbin həyətində özünü asıb. Oxudum ki, tanınmış bir psixoloq özünü öldürüb. Bir Qazi özünü yandırıb öldürdü. …Hər gün bu ölkədə insanlar durub-dururkən intihar edirlər. Cavan öldürür, qoca öldürür. Ölkədən, onu idarə edənlərdən “çıt” yox. Mən əslində, hər ölənlə bir o qədər də ölürəm. Və… fərqindəyəm ki, bu, həm də ölkənin böyük bir poliqona çevrilməsinin və ölkəboyu yaranan intihar ovqatının nəticəsidir.

Bizi idarə edənlər bizim poliqon olmaqdan çıxmağımıza çalışmırlar…

 

***

 

Bu intiharlara “ağıllı”, “tərbiyəli”, “namuslu” deməyimin səbəbi var. İntihar da ağıllı, tərbiyəli, namuslu olarmı, deyə düşünə bilərsiniz? Olar, təbii ki. Çünki indi bizim böyük “təcrübə laboratoriyası”nda “Pavlovun itləri” rolunu oynayan vətəndaşlarımız özlərini başqa cür kökləmirlər. Onlardan bu dünyadan getmək istəyənləri sadəcə başını götürüb gedirlər. Bu qədər namusludur, xeyirxahdır bu ölkənin vətəndaşları. Onlar hətta ölümləri ilə də ölkələrini çətinə salmır, arxasınca problem buraxmırlar. Amma Allah qorusun, bir gün tərsi olsa necə olar? Türkiyədə, Yaxın Şərqin qan qoxuyan səhralarında, lap elə mədəni bildiyimiz, amma “vəhşi” dediyimiz Avropada olduğu kimi, intihar edən özünə 5-10 kq da partlayıcı bağlayıb, ölmədən öncə bəzi məkanları “ziyarət”ə girsə və özünü elə oradaca Tanrısına qovuşdurmaq istəsə, nə olar? O zaman bu ölkədə qanın və qan qoxusunun qarşısını almaq olarmı?

Mən çox istəyirəm ki, Azərbaycanı idarə edənlər bir az yuxularına haram qatsınlar. Mən yaxşı bilirəm, bizi idarə edənlər hansı ovqatın daşıyıcılarıdır. Onlar bu ölkəni yadların ayaqlarının altında “təcrübə laboratoriyası”na çevirdiklərinin bəlkə də fərqindədirlər, bəlkə də deyillər. Amma bir gün intihar edən tək özünü deyil, özü ilə bir neçə nəfəri də aparmaq eşqinə düşsə, o zaman Azərbaycan ciddən bambaşqa olacaq.

Biriləri birilərinə ölkədə intihar ovqatının yarandığını izah etsin.

Məndən deməsi…

 

İ.S. İntihar edənlər haqqında adətən sonra “ağıllı” fikirlər yürüdənlər çox olur. “İradəsiz idi”, “möhkəm olmadı” arqumentlərini gətirirlər. Onlar əksinə, çox iradəli, güclü və möhkəm adamlardır. Kim canına qıya bilər ki?! Yalnız möhkəm və iradəli insanlar!

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button