2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Ölü doğulan “Soçi bəyanatı”

Oktyabrın 31-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri arasında keçirilmiş görüşə ehtiyac vardımı? Bu görüş və onun nəticələrini analiz etməmişdən öncə məhz bu suala cavab axtarmaq lazımdır. Bakı və İrəvanın mövqeyi, ABŞ və Avropa İttifaqının apardığı ümidverici proses ondan xəbər verir ki, Soçi görüşü nə Azərbaycana, nə də Ermənistana lazım deyildi. Amma üçtərəfli sammitin təşəbbüskarı olan Rusiya üçün hava-su kimi lazım idi. Moskvanın İrəvandakı təmsilçisi Sergey Kopırkin bu ehtiyacı belə təsvir edir: “Görüşün Rusiyada baş tutması çox vacibdir və bu, açıq şəkildə göstərir ki, Rusiya indi digər regionlarda həll edilməli olan problemlərə və qarşısındakı vəzifələrə baxmayaraq, Cənubi Qafqazdakı vəziyyətə böyük diqqət yetirir və öz mövqeyini zəiflətmir”.

Kreml bu görüşün baş tutması və istədiyi nəticənin əldə olunması üçün xeyli diplomatik resurs və inzibati güc sərf eləmişdi. Oktyabrın 27-də Valday diskussiya klubunda Rusiya prezidenti Vladimir Putinin Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizliyi, Ermənistan ictimaiyyətini Paşinyan iqtidarına qarşı çıxmağa təhrik edən açıqlamaları ilk addım idi. Putin bildirmişdi ki, Qərb Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyacaq sülh sazişi təklif edir, “Qarabağ” isə buna razı deyil.

Oktyabrın 30-da Xankəndində keçirilən izdihamlı mitinq, oradakı separatçı rejimin Rusiyaya müraciət edərək təhlükəsizlik zəmanəti istəməsini Kremlin Qərbə və Azərbaycana ünvanlanan açıq mesajı kimi qəbul etmək olar: “Bura mənim nəzarətimdədir, bütün məsələlərə mən qərar verirəm, hər hansı sülh razılaşması mənsiz mümkün deyil!”

Saytların yığılması Saytlarin yigilmasi

Bu mesajın Xankəndindən verilməsinin əsas səbəbi Qərbin vasitəçiliyi ilə gedən danışıqlarda ümidverici notların hiss olunması ilə bağlıdır. Praqa görüşündən sonra tərəflər iki ay müddətinə sülh müqaviləsinin mətni üzərində işləyəcəklərini bildirmişdilər. Noyabr ayında Brüsseldə bu məqsədlə XİN başçılarının, sülh müqaviləsi üzrə ekspert qruplarının, sərhəd komissiyasının görüşləri və liderlərin sammiti planlaşdırılıb. 

Putinin təkid və təzyiqi ilə baş tutan Soçi görüşü Qərbin münaqişə tərəfləri ilə gözlənilən gərgin iş qrafikini pozmaq məqsədi daşıyırdı. Kreml rəhbəri, “əsas alətlər mənim əlimdədir, Rusiyasız sülh mümkün deyil və bu gün Azərbaycan və Ermənistan arasında problemlərin həlli bizim maraqlara cavab vermir” mövqeyini ortaya qoydu. 

Bəs Soçidə bu məqsədə nail olundumu? Putinin qəbul etdirdiyi növbəti üçtərəfli bəyanat sülh prosesini əngəlləyə bilərmi?

Bəyanatda Rusiya sülhməramlı kontingentinin yerləşdiyi zonada təhlükəsizliyin təmin edilməsinə əsas töhfəsi qeyd edilir, onun regionda vəziyyətin sabitləşdirilməsi istiqamətində vacibliyi vurğulanır.

“Biz güc tətbiq etməkdən və ya onun tətbiqi ilə hədələməkdən çəkinməyə, bütün problemli məsələləri BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq yalnız suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə edərək həllinə razılaşdıq”, – sənəddə bildirilir.

Azərbaycan və Ermənistan liderləri Rusiyanın bu ölkələr arasında münasibətlərin normallaşmasına, Cənub Qafqazda sabitliyin və rifahın təmin edilməsinə bundan sonra da hər cür töhfə verməyə hazır olduğunu alqışlayıblar.

Putin görüşün yekunları ilə bağlı deyib ki, heç də hər şey razılaşdıra bilməyiblər. “Əvvəllər işlənmiş mətndən bəzi şeylər çıxarmalı olduq. Buna baxmayaraq, görüşün normal keçirildiyi barədə ümumi qiymətləndirmə ilə razıyam”, – Rusiya Prezidenti vurğulayıb.

“Mən Ermənistan baş nazirinə və Azərbaycan Prezidentinə təşəkkürümü bildirmək istəyirəm ki, siz Rusiyaya – Soçiyə gəlməyə və bu müzakirələri aparmağa razılıq verdiniz. Razılaşdığımız kimi biz təmasda olacağıq, bu dialoqu davam etdirəcəyik və bu cür uzun sürən münaqişəyə nöqtə qoymaq üçün lazım olan həlləri axtarmağa davam edəcəyik”, – deyə Putin əlavə edib.

Putin “hər şeyi razılaşdıra bilmədik” açıqlaması bilavasitə Azərbaycanın mövqeyi ilə bağlıdır. Çünki İlham Əliyev masaya oturan kimi Qarabağ münaqişəsinin iki il əvvəl bitdiyini və artıq tarix olduğunu dedi. Bu, Kreml sahibinin “münaqişənin tam həlli, Qarabağın statusu gələcək nəsillər tərəfindən həll edilməlidir” niyyəti ilə ziddiyyət təşkil edir. İlham Əliyev üçtərəfli görüşdə Qarabağla bağlı müzakirə aparmaq istəmədiyini ortaya qoydu. Paşinyan isə əksinə, əvvəlcədən elan etmişdi ki, Rusiyanın təkliflərinə razıdır. Əslində Ermənistan rəhbərinin nəyə razı olub-olmaması heç nəyi həll etmir. Baş nazir bir neçə gün əvvəl partiyasının qurultayında bəyan etmişdi ki, Qarabağa Ermənistan yox, Rusiya nəzarət edir. “Biz başqa yerlərdə qəbul olunan qərarları icra edirik”, -Paşinyan vurğulamışdı. Baş nazirin sülhməramlıların Qarabağda 15-20 il qalmasına razı olması da erməni cəmiyyətindəki radikal qüvvələri və Rusiyanı razı salacaq deyilişi gözəl, amma boş ritorikadan başqa bir şey deyildi. Çünki sülhməramlılar məsələsinin müzakirə olunması üçün hüquqi əsaslar yoxdur. Bu məsələyə ancaq 10 noyabr sənədində göstərildiyi müddətin bitməsinə 6 ay qalmış baxmaq olar. 

Paşinyan hökuməti Qarabağla bağlı Rusiya üçün ən vacib addımı da Soçi görüşündən bir gün öncə atmışdı. Belə ki, Ermənistanın 2023-cü il dövlət büdcəsindən Qarabağ ermənilərinə dotasiya davam edəcək və bu məqsədlə 360 milyon dollar vəsait ayrılacaq. Qarabağdakı ermənilərin maliyyə probleminin həlli hazırda dünyanın təcridi ilə üzləşən, üzərinə əlavə yük götürmək niyyətində və iqtidarında olmayan Moskva üçün ən mühüm məsələlərdən biridir. 

31 oktyabr bəyanatının 2020- və 2021-ci illərdə qəbul edilmiş üçtərəfli mövqe sənədləri arasında prinsipial fərqlər mövcud deyil. Amma həmin dövrlərdəki Rusiya ilə hazırkı Rusiyanın regiondakı nüfuzu arasında kəskin fərq var. Ukraynaya qarşı işğalçı müharibə Qarabağ problemi üzrə əsas vasitəçinin imkanlarını xeyli məhdudlaşdırıb. Bir il əvvəl proseslərə müdaxilə edə bilməyən Qərb isə indi Azərbaycan və Ermənistanı razı salacaq sülh müqaviləsi ətrafında danışıqlara cəlb edilib. Rusiya bu prosesi öz maraqlarına qarşı böyük təhlükə görür və Qərbi regiondan çıxarmaq üçün vasitələr axtarır. Soçi görüşü və ondan əvvəlki bəyanatlar da Putin hakimiyyətinin variasiyalarından biridir. 

Əgər hətta 10 noyabr, 11 yanvar üçtərəfli bəyanatları belə, ABŞ və Avropa İttifaqının prosesə qoşulmasına və tərəfləri qane edəcək sülh variantlarını müzakirə etməsinə mane ola bilməyibsə, zəif Rusiyanın basqı ilə imza atdırdığı Soçi bəyanatı vəziyyəti ümumiyyətlə dəyişə bilməyəcək. Artıq Kremlin bu prosesi durdurmaq imkanları yoxdur, son cəhdləri də uğursuzluğa məhkumdur.

Turqut

24 saat” “Ölü doğulan “Soçi bəyanatı”” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button