2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Olum, ya ölüm?

Yayımlandı: 17 Yanvar 2023 10:44

2023-cü ilin əsas sualı budur

Azərbaycan 2023-cü ilə inqilabi dəyişikliklərlə girdi. Bu dəyişikliklər AzTV-lərin 1 illik efirini doldurmağa, ekspertlərin il uzunu danışmasına yetəcək qədər mövzular verdi. Dünya Azərbaycanın necə unikal sosial dövlət modeli yaratdığını gördü. Şübhə yoxdur ki, həsəd aparanlar, bu siyasətə qulp qoyanlar tapılacaq, ancaq bütün bu yanaşmalar Azərbaycan hakimiyyətini öz yolundan, yeni əsrdə yeni sosial dövlət modelindən bir addım da geri döndərməyəcək, döndərə bilməyəcək…

Saytların yığılması Saytlarin yigilmasi

Prezidentin yeni ildə imzaladığı sərəncamla ayaq basdığımız 2023-cü ildə Azərbaycan vətəndaşları hər doğulan yeni uşağa görə 500 manat, hər ölünün dəfni üçün də dövlətdən 500 manat yardım alacaq. Əsl sosial siyasət, yeni sosial dövlət modelidir, ədalət prinsipidir, ədalətin zəfər çaldığı ildir; diriylə ölüyə fərq qoyulmur. 500 manat yetərincə böyük, həm də adamı duyğulandıran, gözyaşardıcı rəqəmdir. İnanırıq ki, qədirbilən xalqımız bu titanik addıma görə təşəkkür məktublarını prezidentdən əsirgəməyəcək, biz ilboyu bir-birinə bənzəyən və bənzəməyən o məktublarla, fəal vətəndaşlarımızın ürək sözlərilə bu saytda  tanış olacağıq…

Hər insanın dünyaya gəlişi o ailənin və doğulduğu xəstəxananın, ZAQS idarəsinin sevinci, cəmiyyətin qazancı, əhalinin say baxımından artımı isə Statistika Komitəsinə vətəndaş töhfəsidir. Ancaq uşaq doğulana qədər ailənin keçdiyi yol var axı, onu da unutmayaq. Toy xərcləri hamıya bəllidir. Xüsusilə kəlləçarxa çıxan qiymət artımından, həm də pandemiyadan sonra ən adi şadlıq evlərində belə qiymətlər 50 manatdan başlayır.

Bizsə başlayaq hamiləlikdən. Gənc ərin qulağına pıçıltıyla deyilən bu xəbər, demək olar, hər ailədə böyük coşqu ilə qarşılanır və ilk addım həkimə getməkdən başlayır. İlkin müayinənin xərci ailələrinin durumuna bağlıdır: 20 manatdan başlayır qiymətlər. İstisna hallar da var, imkansız ailələr dövlət xəstəxanasında həkimə pul vermir və oradan qarasınca deyilən qarğışlarla gedir. Özəl xəstəxananı seçənlər üçünsə hər gedişdə giriş ən azı 40-60 manat olur. Analiz-filan məsləhət görüldükdə xərclər daha da artır, yəni ortalama 200-300 manatı analizlər aparır. Sonrakı mərhələdə həkimin müəyyənləşdirdiyi qrafikə uyğun xəstəxanaya gedilir. Adətən, hamiləliyin 3-cü ayından sonra hər ay yoxlanışa getmək məsləhət görülür. Bəzən qrafikdən kənar gedişlər də olur, yəni hər hansı səbəbdən yaranan narahatlıqlar əlavə xərclərdir. Beləliklə, 9 aylıq hamiləlik dövründə ailənin ən azı 1000-1500 manat xərci çıxır; apteklərə baş çəkməyi də nəzərə alsaq.  9 ayın tamamında seçdiyiniz xəstəxanada səbirsizliklə yolunuzu gözləyirlər. Dövlət xəstəxanalarında xərclər bazarlığa bağlıdır: 400-600 manat arası xərc qaçılmazdır. Özəllərdə bu xərc 1000-1500 manatdır. İşdir ana doğuş əməliyyatı (keysəriyyə) istəyirsə, ya da buna məcburdursa, burada da xərc 1500-dən 2000 manata qədər ola bilər. Dövlət xəstəxanasındasa oğlan uşağının (bu anormal adət hələ də davam edir) şirinliyi ayrıca olur…

Xəstəxanadan evə gələndən sonra başqa xərclər – pampers, uşaq yeməyi qapını döyür. Geniş yayılmış uşaq yeməyi NAN-ın 400 qramlıq qabda qiyməti 15-20, 800 qramlıq isə 30-35 manatdır… Beləliklə, hökumətin yeni doğulan uşağa görə verdiyi 500 manatın üstünü düzəltmə layiqli vətəndaş olaraq sizin boynunuza qoyulur…

2023-cü ildə hökumətin gözündə dirilərlə birgə, dəyər qazanan həm də ölülərdir. Xeyirxah, yardımsevər hökumətimiz bu ildən bir ölünün dəfn xərcini 500 manat müəyyənləşdirib. Məntiq də var burda, qəbiristanlıqda (qəbir yerini neçəyə almaq nəzərə alınmır) bir ölünün qəbrinin qazılması, hörgüsü, torpağa verilib, qum-sement qarışdırıb üstünün basdırılması elə ümumilikdə 500 manat eləyir. Axı bundan qabaq və sonrakı xərclər var. Məsciddə yumaq, molla xərci, sonra yas xərci. Ölünü yumaq ən azı 50 manatdır. Mollanın dəfndə iştirakı 100-150 manatdır. Şadlıq evləri kimi, mərasim evlərində də qiymətlər qalxıb. Bəzən mərasim evləri şadlıq evlərini də üstələyir. Təsadüfi deyil ki, bir vaxtlar şəhərdə məşhur olan bəzi şadlıq evləri qol götürüb oynamaqla az pul qazanmaqdansa, dəsmal çıxarıb ağlamağa, yəni daha çox pul qazanmağa üstünlük verib mərasim evinə çevrilib: “Tural”, “Leyla”, “Banuçiçək”, “Laləndə” və s.

Yaxını ölənin ilk işi maşın, molla və qəbir yeri axtarışına çıxmaq olur; vaxtında yer qayğısına qalmayıbsa. Bəziləri qiymətlərin ucuz vaxtında özü və yaxınları üçün yer götürüb. Elələri də var ki, götürdüyü yeri biznesə çevirib baha qiymətə satır. Artıq yüklənmiş, yəni yer az qalan qəbiristanlıqlarda qiymətlər çox yüksəkdir. Yasamal qəbiristanlığında 3-5 min (yeri gəlmişkən, Yasamal qəbiristanlığında artıq xeyli vaxtdır başqa millətdən olanların qəbir yerini – üstə gedib-gələn olmayanların – satırlar), Qurd qapısında 2-3 min manatdır, elə Xırdalan qəbiristanlığında da təxminən bu qiymətdir. Nisbətən ucuz qəbir yerini Bakı kəndlərində tapmaq olar. Bülbülə və Əmircanda qiymət 200-400 manat aralığındadır, Zabratda isə 500-1000 manat. Mehdiabad, Maştağa, Hövsan, Günəşli qəbiristanlığında da bahalıqdır, qiymətlər 600-1500 arasındadır. Badamdar qəbiristanlığı da bahalı yerlərdəndir, son evini burada seçmək istəsən və yer tapsan, gərək 1000-2500 manatından keçəsən.

Foto: müəllifin arxivindən

Şəhər daxilində katafalkaya da 50-100 manat xərcin çıxacaq. Məsafədən asılı olaraq qiymət dəyişir.

Molla tapmaq məsələsi də bir ayrı dərddir, məsələn, Heydər məscidində qapıya elan vurulub:

“Sizdən xahiş olunur mərasimlərdə yalnız “HEYDƏR” məscidinin axund və imamlarının xidmətindən istifadə edəsiniz”.

Yəni kənardan axund, imam, molla gətirmək qadağandır. Belə çıxır ki, sən xərcin az çıxsın deyə, yaxın qohumun, dostun olan mollanı məclisinə gətirə bilməzsən; pullu, ya pulsuz. Çox güman, Allahşükür Paşazadənin də obyektlərində belə qadağalar var. Heydər və Təzəpir məscidlərində hüzr vermək üçün qiymətlər adambaşına 30 manatdan başlayır, açacağın yas süfrəsindən asılı olaraq qiymətlər yüksələ bilir.

Göründüyü kimi, bu ölkədə nə doğulmağa, nə də ölməyə stimul var, çünki hər  birinə çəkilən xərcin yanında 500 manat çox gülünc görünür; ən məsləhətlisi elə pis-yaxşı yaşamaqdır. Çalışın, salamat qalın!

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button