2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ölümü proqnozlaşdırmaq mümkün olacaq?

ABŞ-ın Qida və Dərman Administrasiyası (FDA) pasientlərin ölümü ilə nəticələnə biləcək hadisələri onların baş verməsindən saatlar öncə proqnozlaşdıra bilən alqoritmin istifadəsinə razılıq verib. Beləliklə, süni zəka səhiyyədə kəskin çatışmayan resurslara qənaətə kömək edəcək.

Həyat qurtaran proqnozlar
Yeni alqoritm pasientin həyati vacib orqanlarını daimi nəzarətdə saxlamaqla ürəktutması və tənəffüsün dayanması kimi qəfil ölüm səbəblərini öncədən göstərmək qabiliyyətinə malikdir. «Wave Clinical Platform» (Dalğa Klinik Platforması) adlanın bu alqoritmi «ExcelMedical» tibbi texnologiya şirkəti hazırlayıb.

FDA-nın bu qərarı Pittsburq Tibb Mərkəzində aparılmış silsilə tədqiqatların nəticələrinə əsaslanır.

Saytların yığılması Saytlarin yigilmasi

Platforma insanın həyati vacib orqanlarında incə dəyişiklikləri ölümə yol aça biləcək hadisənin baş verməsindən altı saatadək əvvəl qeydə ala bilir. Alqoritm xəstələr üzərində davamlı monitorinq gerçəkləşdirir ki, bunun da insan tibb işçiləri tərəfindən gerçəkləşdirilməsi, az qala, qeyri-mümkündür. Tibb xidməti sahəsində resurslar məhduddur. Bu qıtlıq xüsusilə də işçi qüvvəsinə aiddir. «Excel Medical» şirkətinin baş strateji direktoru Mary Baum «Digital Trends» saytına belə deyib:

«Bizim yetərincə həkimimiz və ya tibb bacımız yoxdur. Qocalmaqda olan əhalimiz var. Bu insanlar get-gedə daha çox xəstələnir və onların daha çox resurslara və xidmətlərə ehtiyacı var».

Yeni sistem təkcə xəstənin orqanizmindəki dəyişiklikləri nəzarətdə saxlamır, həm də onları bir-biri ilə müqayisə edir. Məsələn, qan təzyiqinin yüngülcə sıçraması özü-özlüyündə ciddi bir şeyin göstəricisi olmaya bilər. Ancaq bu hal oksigen təchizatının pisləşməsi, yaxud da xəstənin tənəffüs sayının (bir dəqiqə ərzində alıb-verdiyi nəfəsin sayı) azalması ilə birləşəndə vəziyyətin pisləşməsindən xəbər verə bilər. Bu halda ciddi hadisənin baş verməsi ehtimalı yüksəkdir.

Süni zəka təbabəti
Süni zəka hətta mövcudluğunun indiki ilk vaxtlarında belə təbabətin bir çox sahələrində fayda verməkdədir. Onun davamlı inkişafı alimlərin mürəkkəb vəzifələri daha tez yerinə yetirməsinə yardım etməklə, tibb sahəsində tədqiqatların sürətlənməsinə yol açacaq. Bəzi hallarda süni zəkanın xəstəliklərin tez və dəqiq diaqnostikasını gerçəkləşdirməsi sübuta yetirilib. Bəzi hallarda isə alqoritmlər dəqiq diaqnoz qoymaqla kifayətlənməyib, həkimlərə düzgün müalicə üsulunu müəyyənləşdirməkdə yardım edirlər.

Şübhəsiz ki, süni zəkanın tibb sahəsinə ən mühüm qatqılarından biri tibb işçilərinə məhdud resurslardan düzgün yararlanmasına kömək etmək olacaq. Kompüterlər hər hansı anomaliyaları qeydə aldıqda və alqoritmlər tibb işçilərini dərinləşməkdə olan problem barədə xəbərdar etdikdə, həkimlər öz xəstələri ilə daha çox vaxt keçirməli olduqlarını anlayacaqlar. Bundan başqa, alqoritm xəstəxanaya yeni daxil olmuş xəstənin qaçılmaz ölümünün yaxınlaşdığını göstərəndə tibb işçiləri, sadəcə, öz vaxtlarını və digər resursları başqa xəstələrə yönəldə, həmin xəstənin daha rahat şəraitdə ölməsinə imkan yarada bilərlər.

Qeyd edək ki, daha öncə aparılmış tədqiqatların nəticələrinə görə, insanların 80%-i ömürlərinin son günlərini yaxınlarının əhatəsində keçirmək istərdi.

Yeni alqoritmdən hələlik yalnız xəstəxana şəraitində istifadə ediləcək. Ancaq «Excel Medical»ın baş meneceri Lance Burton-un sözlərinə görə, şirkətin məqsədi bu yeni texnologiyanı pasientlərə bədənə taxıla bilən (qolbaq və s.) cihaz formasında çatdırmaqdır. Bu, xəstələrin bu texnologiyadan ev şəraitində də yararlanmasına kömək edəcək.

Stenford Universitetinin mütəxəssisləri də bu yaxınlarda gözlənilməyən, qəfil ölümü öncədən 90% dəqiqliklə proqnozlaşdıra bilən oxşar texnologiya üzərində işləyirlər.
azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button