2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ölüyə yazılan məktubun sətiraltı gerçəkləri

Qənimət Zahid

İlham Əliyevin prezidentliyi çoxdan dəfn edilmiş birisinin cəsədindən daha gərəksizdir

Saytların yığılması Saytlarin yigilmasi

ANS-in vitse-prezidenti Mirşahin Heydər Əliyevə məktub yazdı. Daha doğrusu, Heydər Əliyevin qəbrinə. İki gündür ki, sosial şəbəkələrdə bu məktubla bağlı ictimai müzakirələrə baxıram. Müzakirələr də yoxdur, qınaqlar var, lağ var, istehza var…

Açığı, məktubu oxumamışam. Mövzu aydındır. Önəmli də deyil orada nələrin yazıldığı. Mənim üçün önəmli deyil. Amma bu məktuba istehza etmək fikrim də yoxdur. Məktubda nəyin yazılmasından asılı olmayaraq, məktubun yazılması faktının özü çox nəsnələri aydınlaşdırır. Məni də məktubun yazılması faktı maraqlandırır.

Heydər Əliyevin qəbrinə məktub yazılması faktı birinci dəfə deyil. O qəbirdən pənah uman ilk adam da Mirşahin deyil və ümumiyyətlə, mənim tanıdığım, realist Mirşahinin o qəbirdən pənah umduğunu da güman etmirəm. Heydər Əliyev övliya deyil. Müqəddəs olmayıb. Adi siyasət adamı olub və mənim dəyərləndirmələrimə görə, heç böyük siyasət adamı da deyildi. O, hətta siyasi fəaliyyətinin ən parlaq dönəmində, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu zamanlarda da böyük siyasətdə olmayıb. Bütün siyasi karyerası saray intriqları üzərində qurulan bir adam olub və elə həmin intriqalar, əlində topladığı səlahiyyətlərin sayəsində tətbiq etdiyi inzibati repressiyalar onu həmişə, bir qədər də, qorxunc edib. Amma məqsəddən yayınmaq istəmirəm və məqsədim Heydər Əliyevi təhlil etmək deyil. Sadəcə, xatırladıram ki, kifayət qədər realist adam olan, 30 ildir ki, tanıdığım Mirşahin də onun müqəddəslərdən olmadığını, qəbrinin də kəramət ünvanı olmadığın bilir. Amma o qəbrə ünvanlanan bir məktub yazır.

Sovet hakimiyyətinin zamanında əli bütün yerlərdən, bütün qapılardan və kabinetlərdən üzülən sovet adamları Vladimir İliç Leninin mavzoleyinə şikayət məktubları yazardılar. Deyəsən, Sov.İKP MK-nın, ya da SSRİ Nazirlər Sovetinin yanında xüsusi bir feldyeger bölməsi də vardı ki, mavzoley məktublarını götürüb gərək olan «Mərkəz»ə aparırdılar, oradan isə  uyğun dövlət qurumlarına dərkənarla göndərərdilər. Əlbəttə, Leninin dərkənarı ilə deyil, çünki Lenin çoxdan qol qoymaq imkanlarını itirmişdi. Vladimir Lenin sağlığında bolşevik repressiyalarının bütün çılğınlığı ilə tətbiq edilən ssenarilərə qol qoyaraq yüz minlərlə insanı öldürmüş, sürgünə və həbsxanalara yollamış birisi idi. Amma buna baxmayaraq, öləndən sonra qol qoymaq imkanları yox idi.

İndi Azərbaycanda həmin ənənənə tətbiq edilir və ölkə vətəndaşları, əlləri hər yerdən üzüləndə, Heydər Əliyevin məzarına şikayət məktubları atarlar. Doğrdudur, Azərbaycanda fanatizmin güclü olduğu çağlarda hətta Həzrət Abbbasa, Həzrət Əliyevə də dilək məktubları yazıb Kərbəla zəvvarlarının vasitəsilə göndərirmişlər. Amma  birmənalı olaraq belədir ki, Azərbaycanda dövlət məmurlarından, dövlət orqanlarından məzarlara şikayət etmək ənənəsi SSRİ zamanından qalıb. Nostalji deyil. Adətdir. Cəmiyyət şüuraltı olaraq belə hesab edə bilər ki, indiki hakimiyyət də həmin sovet hakimiyyətinin təhrif edilmiş formasıdır. Amma Mirşahin bu mövhumata inanacaq qədər  qədər sadəlövh deyil.

Mirşahin istedadlı jurnalistdir. Telejurnalistika tarixinın böyük bir hissəsi, sizin ona indiki münasibətinizdən asılı olmayaraq, «Mirşahin səhifəsi» adlana bilər. Bu səhifəni qapadan faktorlar var.

Azərbaycan indi istedadların parlamasında maraqlı olmayan bir siyasi düzənin kabusu ilə əlləşir. İstedad, zəka, parlaq vətəndaş mövqeyi kimi amillər Azərbaycan cəmiyyəti üçün haram dəyərlərdir. Ya da haram buyrulmuş dəyərlərdir. Fərq etməz. Əgər cəmiyyət ona yedizdirilən bütün haram dəyərləri halal məmnuniyyəti ilə qəbul edirsə, deməli, indi vəziyyət bu qədər bəsitdir və ya bu qədər haramdır.

Heydər Əliyevin qəbrinə məktub yazmaq ondan mədət ummaq ümidi sayıla bilərmi? Sıravi, həyatı boyu öz çəkisindən yüngül kitablar oxuyan, ya da heç oxumayan vətəndaşlar üçün o dünyadan bu dünyaya göndəriləcək kəramət  ehtimalı ümid közərtisi ola bilər. Mirşahin isə savadlı, mütaliəli, bu dünyanın və bu ölkənin cikindən- bikinə qədər çox şeyləri bilən, ölkənin tarixinin ən gərgin və ən ziddiyətli, ən qarışıq və ən bulaşıq parçalarının rənginə, çalarına qədər hər şeyi biləcək qədər zəki, ən başlıcası, informasiyalı adamdır. İnformasiya adamları avam olmurlar. O yaxşı bilir ki, Heydər Əliyevin məzarına yazılan məktublar indi heç kimə gərək deyil, hətta ştat cədvəllərinə uyğun olaraq o məktubları oxuyanlar varsa da, rüşvət almasalar, zərfə əl vurmazlar. Amma məktubu yazır. Məktubu oraya atıb bunu o qəbirlə özü arasındakı sirrli münasibət kimi saxlamır, belə bir məktubun yazıldığı barədə də xəbər yayır. Mənim marağımı məktub yox, həmin məktubun yazıldığı barədə xəbər cəlb edir. Bir də, öz dəyərlərini, həyat amalını, yaşam prinsiplərini qəbirlərə məktub yazacaq qədər endirmiş cəmiyyət. (Bu cümlənin Mirşahinə heç bir aidiyyəti yoxdur). Mirşahinin Heydər Əlyevin qəbrinə məktub yazmaqda məqsədi məktubun yazıldığı barədə xəbərin ictimailəşdirilməsidir.

İndi ictimai reaksiyalar haqqında bir neçə kəlmə qeyd etdikdən sonra, Mirşahinin məktubu barədə xəbərin niyə ictimailəşdirildiyi barədə də öz fikirlərimi qeyd edəcəm. (Subyektiv ola bilərəm). Cəmiyyətimiz öz dəyərlərindən imtina etmiş toplumdur. Şikayət kimi demirəm, faktı konstatasiya edirəm. Azərbaycan avtoritar idarəetmənin altında inildəməkdə davam edirsə, bu iniltini həyat tərzinə çevirənlərin sayı çoxdur deməkdir. Bu ölkənin vətəndaşlarına məxsus olan bütün sərvətlər talanıb, talanır və belə görünür ki, hələ bir müddət də talanacaq. Bu talanın müqabilində cəmiyyətin ziyalı kəsimi olan müəllimlər, həkimlər, elm adamları acından ölməmək üçün əl yeri qoymayacaq dərəcədə əmək haqqı alırlar. Əmək haqqı deyil, sədəqə alırlar. Vəziyyəti dəyişmək üçün, hətta öz vəziyyətlərini dəyişmək üçün neyləyirlər ? Rüşvət alırlar. Şagirdlərdən, tələbələrdən, xəstələrdən, ölüm ayağında olanlardan, doğulan körpələrdən rüşvət alırlar… Mirşahin bu işləri görmür axı!

Azərbaycan xalqının son 500 il ərzində yaratdığı bütün maddi və mədəni sərvətlər talanır. Yerinə süpürgə çəkilib. Özünün, ata- babasının, sülaləsinin talan edilən sərvətlərinə görə cınqırını çıxaran nə qədər adamı tanıyırsız ki ? Hamısı boyun əyib, hamısı sındırılıb, köğləliyi qəbul ediblər və köləliyi qəbul edənlərin fəryadı olmur, miskin iniltisi olur.

Azərbaycanda son 15 il ərzində aparılan bütün arxeoloji qazıntılar zamanı üzə çıxarılan ən qiymətli eksponatlar, Azərbaycan tarixinin ən möhkəm (və qiymətli)  dəlilləri bir ailənin evlərini bəzəyir, ya da xarici hərraclarda qara yollarla satılır. Bunu arxeologiyanın, tarix elminin bütün çinovnikləri  bunu bilir, amma onların heç birinin cınqırı çıxmır. Azərbaycanın havası qəsb edilib, suyu qəsb edilib, yerin təki qəsb edilib, cəmiyyətin min illər ərzində yaratdığı, formalaşdırdığı mənəvi dəyərlər qəsb edilib, təhrif edilir, ənənələr sındırılıb… Cəmiyyət özünün müdrik sükutundan başqa  hansı müdrikliyi nümayiş etdirib?..

Bunlar ANS-in, digər kütləvi informasiya vasitələrinin, cəmiyyətin söz haqqının parça-parça doğrandığı, qanının axıdıldığı, irininin cəmiyyətə yedizdirildiyi barbarlıqlara qarşı ictimai reaksiyanın təsviri adına bəzi epizodlardır. Əlbəttə, deyə bilərsiz ki, ANS də sındırılmışdı, başqa notlarda ifa edirdi, ictimai maraqların ifadəçisi deyildi,.. Amma axı, o da bir proses idi. Birdən- birə baş verməyən, günün birində Mirşahinin kefinin istədiyi səmtə əsdirdiyi fırtına deyildi. «500 il ərzində azərbaycanlıların yaratdığı bütün maddi- mənəvi sərvətlərə əl qoyuldu, qəsb edildi» deyərkən mən azərbaycanlıların söz haqqına edilən təcavüzləri də nəzərdə tuturam. İrad tutmaq olar ki, ANS xeyli zamandı ki, sadəcə, KİV deyildi, həm də biznes idi… Azərbaycanda minlərlə iş adamının biznesinin çökdürülməsi də həmin biznesmenlərə vurulan zərbə deyildi axı, ölkənin, onun cəmiyyətinin, insan cəmiyyətinin  iqtisadi maraqlarına vurulan amansız zərbələrdi.

Nəhayət, Mirşahin niyə Heydər Əliyevin qəbrinə məktub yazır? Bu, şikayətdən daha çox təsdiqdir. Mənim tanıdığım realist Mirşahininin qəribə etiraflarıdır.

Bu etiraflardan biri budur ki, indi Azərbaycanı dirilər idarə etmir. Diri olanlar ölkəni bu qədər böyük və dəhşətli matəmgaha çevirə bilməzdilər. Azərbaycanda diri idarəçilik yoxdur. Ölü idarəçilik var. Ölmüş, zamanı keçmiş, arxaikləşmiş, yalnız ölü qaydaları, qəbristanlıq qaydaları gətirmiş bir zümrənin qaramatı basıb ölkəni. Onlar xqlqın, ölkənin ruhunu da öldüməklə bu ölü idarəçiliyin qarmatını sıxlaşdırmaqdadırlar.  Mirşahinin bir qəbrə məktub yazması bu etirafdır.

Bu etiraflardan bir başqası budur ki, ölkədə dövlət aparatı yoxdur. Dövlət bit sistem olaraq yoxdur. Məhkəmə yoxdur. İcra hakimiyyəti yoxdur. Parlament yoxdur. Bunların hamısının təhrif edilmiş, saxta effektləri var. Bu saxta effektlərin önündə gerçək olan yalnız bir qəbirdir. Təsəvvür edin, siz də təsəvvür edin ki, prezident saxtadır, parlament saxtadır, məhkəmə bütün mahiyyəti və bütün qərarları ilə saxtadır. Amma «orda bir qəbir var» faktı saxta deyil. Orada həqiqətən də bir qəbir var və həmin qəbrin içindəki adam bu ölkəni özündən sonra bu şəkildə buraxıb gedib, özünün sağlığında yapdığı ölkə indiki saxtakarlıqların mənbəyidir. Mirşahin də bu mərhələlərin hamısını keçdi  Diri sayılan  bütün qapıların həyasızcasına çırpıldığını görüb o qəbrə şikayət etdi.

Məktubda çox şeylər yazıla bilər… Başqasının məktubunu oxumaq mənim işim deyil. Kimə yazılıbsa, qoy, o da oxusun və öz qərarını versin. Mənim üçün önəmli olan budur ki, belə bir məktub yazılıb və bu məktubu Azərbaycanın ən istedadlı publisistlərindən biri yazıb. Başqa məsələdir ki, həmin məktub ölüləri dirildəcək qüvvədə deyil. Diriltsə belə, hansı qərarların veriləcəyini dəhşətlə ehtimal edirəm. Məsələn, mənə elə gəlir ki,  bu məktubdan sonra Mirşahini daha ağır cəzalandıracaqlar. Çünki bu məktubun yazılması faktı həm də onun etirafıdır ki,  İlham Əliyevin bütün hökumətinin dəyəri, elə, İlham Əliyevin özünün prezidentliyi 14 il əvvəl ölmüş bir insanın cəsədi qədər gərəkli deyil, ondan daha gərəksizdir. Mənim tanıdığım Mirşahin realsit adamdır, onun publisitikası da hər bir sözün  bir neçə çalarını vurğulayan mənaların ifadəsidir. Əgər, o, Heydər Əliuyevin qəbrinə məktub yazıbsa, bu, şikayət deyil, etirafdır…

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button