Loading...
Loading...
Gündəm

“Onların yeri tarixin zibilxanasıdır” – İlham Əliyevin andiçmə mərasimində çıxışı

“Seçkilər zamanı çıxış edən antimilli qruplaşmalar artıq marginallaşıb. Bu seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur”.

24saat.org xəbər verir ki, bunu prezident İlham Əliyev andiçmə mərasimində deyib. “Azərbaycan xalqı bir daha xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə öz yerini göstərdi. Seçkilərdən əvvəl və sonra onların təşkil etdikləri yığıncaqlar bir daha göstərdi ki, Azərbaycan xalqı xaricdən idarə olunan qrupların Azərbaycanda hansısa mövqeyə sahib olmasına heç vaxt imkan verməz”.

“Namizədlərin çıxışlarında kifayət qədər kəskin tənqidi fikirlər səslənib”

O qeyd edib ki, son 15 ildə Azərbaycanda siyasi mübarizə mədəniyyəti istiqamətində də müsbət meyllər müşahidə olunur. Dövlət başçısı bildirib ki, prezident seçkiləri kampaniyası bunu bir daha göstərir: “Namizədlərin çıxışlarında kifayət qədər kəskin tənqidi fikirlər səslənib. Mən bunu alqışlayıram, müsbət hal kimi qiymətləndirirəm. Bu, siyasi mübarizənin düzgün istiqamətdə inkişaf etməsindən xəbər verir. Prezident seçkiləri kampaniyası zamanı namizədlər tərəfindən qaldırılmış məsələlərə diqqətlə baxılacaq, dəyərli təkliflər nəzərə alınacaq ”.

O, seçkilərdə göstərilən yüksək etimada görə Azərbaycan xalqıma təşəkkür ediyini deyib. Dövlət başçısı bildirib ki, həmişə Azərbaycan xalqının dəstəyini hiss edib və hiss edir: “Bu dəstək mənə güc verir, mən bu dəstəyə arxalanıram. Xalqımızı əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəm”.

“Seçkilər ədalətli, şəffaf şəkildə keçirilib”

Prezident İlham Əliyev bildirib ki, prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib: “Azərbaycan xalqı görülən işlərə yüksək qiymət verib, inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs verib. Seçkilər ədalətli, şəffaf şəkildə keçirilib. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçki günü yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşür. Bu, bir daha göstərir ki, seçkilər xalqımızın iradəsini, fikirlərini əks etdirir. Mən 2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqımıza müraciət edərək demişdim ki, əgər xalq mənə etimad göstərərsə, ulu öndər Heydər Əliyevin siyasətinə sadiq qalacam, bu siyasəti davam etdirəcəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi. Mən də öz növbəmdə öz sözlərimə əməl etdim”.

İlham Əliyev əlavə edib ki, Azərbaycan son 15 il ərzində uğurla inkişaf edib:

“Bundan sonra da demokratik inkişafla bağlı səylərimizi artıracağıq və gələcək fəaliyyətimizdə də bu istiqamət önəmli yer tutacaq. Azərbaycan xalqı birlik, həmrəylik nümayiş etdirib. Bizim gələcək fəaliyyətimiz üçün milli ideologiyamız əsas rol oynayır. Azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar olub. Azərbaycan xalqı vahid milli ideya ətrafında birləşir və ölkəmiz çox uğurla inkişaf edir”.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda dinlərarası, millətlərarası münasibətlər nümunəvi xarakter daşıyır:

“Azərbaycanda yaşayan bütün dinlərin, xalqların nümayəndələri mehribanlıq şəraitində bir ailə kimi yaşayır və bundan sonra da yaşayacaq. Bizim siyasətimiz və cəmiyyətin istəkləri bu istiqamətdə atılacaq addımları da şərtləndirəcək. Azərbaycan ölkə daxilində dinlərarası və millətlərarası münasibətlərin tənzimlənməsində çox böyük uğurlara nail olub. Biz son 15 il ərzində dünyaya bunu nümayiş etdirmişik. Təkcə ona görə yox ki, özümüzü göstərək. Ona görə ki, dünyada da müsbət meyllər üstünlük təşkil etsin. Əfsuslar olsun ki, son 15 ildə dünyada bu istiqamətdə çox təhlükəli proseslər cərəyan edir. İslamofobiya, ksenofobiya, ayrı-seçkilik artıq bəzi ölkələrdə dövlət siyasətinə çevrilir. Başqa dinlərin, millətlərin nümayəndələrinə mənfi münasibət göstərilir. Ona görə biz çalışmışıq və bundan sonra da çalışacağıq ki, öz nümunəmizi göstərərək sübut edək ki, multikulturalizm yaşayır və yaşamalıdır. Eyni zamanda biz öz milli-mənəvi dəyərlərimizə sadiqik və ona bağlıyıq. Təsadüfi deyil ki, 2016 və 2017-ci illər Azərbaycanda “Multikulturalizm” və “İslam Həmrəyliyi” illəri kimi elan olunub”.

“Vətəndaşlarımızın yaşayış səviyyəsi daha da artacaq”

İlham Əliyev deyib ki, növbəti illərdə çox ciddi islahatlar aparacağıq və əminəm ki, vətəndaşlarımızın yaşayış səviyyəsi daha da artacaq.

O bildirib ki, Azərbaycan yoxsulluğa qarşı mübarizədə çox böyük uğurlara imza atıb: “Yoxsulluq 50%-dən 5,4 faizə düşüb. Azərbaycanda işsizlik 5 faiz səviyyəsindədir. Baxmayaraq ki, son 15 ildə əhalinin sayı 1,5 milyon artıb, iş yerləri də təxminən o səviyyədə artıb. İş yerlərinin yaradılması məsələsini daim diqqətdə saxlayacağıq. Yeni iş yerlərinin yaradılması üçün daha çevik siyasət aparmalıyıq”.

Gözdən qaçırmayın:  Jitomir bombardumandan sonra - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
Prezident qeyd edib ki, son 15 ildə sosial məsələlərin həllinə xüsusi diqqət yetirilib:

“Maaşlar 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Sosial infrastruktur yaradılır. Ümumiyyətlə, sosial siyasət daim diqqət mərkəzindədir. Bir də demək istəyirəm ki, gələcək fəaliyyətimdə də Azərbaycan vətəndaşının maraqları, rifahı daim diqqət mərkəzində olacaq”.

Məcburi köçkünlərlə bağlı məsələyə toxunan dövlət başçısı bildirib ki, onlarla bağlı məsələləri unutmayacağıq və bu məsələlər həmişə uğurla həll edilir: ” Məcburi köçkünlər üçün100-ə yaxın qəsəbə salınıb. 280 -290 min məcburi köçkün yeni evlərlə təmin edilib. Bundan sonra da bu istiqamətdə səylər davam etdiriləcək. Məcburi köçkünlərin məişət problemləri, məşğulluq məsələləri daim diqqət mərkəzindədir və gələcəkdə də bu yolda addımlar atılacaq”.

“Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparılır, bundan sonra da aparılacaq”

İlham Əliyev korrupsiya ilə mübarizə məsələsinə də oxunub: “Azərbaycanda mövcud olan müsbət demoqrafik dinamika tələb edir ki, iş yerlərinin yaradılması prosesi daim getsin”.

Dövlət başçısının sözlərinə görə, nəzərə alınmalıdır ki, indi dünyada və Azərbaycanda yeni texnologiyalar tətbiq olunur və bu texnologiyalar bəzi hallarda insan əməyini aradan qaldırır: “Yeni texnologi müəssisələrin yaradılması bizim planlarımıza daxildir. Biz yeni iş yerlərinin yaradılması ilə bağlı daha çevik və səmərəli siyasət aparmalıyıq”.

Prezident qeyd edib ki, Azərbaycan son illər ərzində intellektual məhsulun ixracatçısına çevrilib:

“Asan Xidmət” artıq başqa ölkələrdə tətbiq olunur, bizim təcrübəmiz öyrənilir. Bu, ictimai xidmətlər sahəsində bir inqilab idi. Bu, sosial layihədir, çünki insanlara xidmət göstərir. 13 “Asan Xidmət” mərkəzimiz var, bu ilin sonuna qədər onların sayı 15-ə, gələn ilin sonuna qədər 20-ə çatacaq. İndiyə qədər “Asan Xidmət” mərkəzlərində 20 milyona qədər müraciətə baxılıb. “Asan Xidmət” mərkəzlərində xidmətləri bəyənmə əmsalı 100 faizə yaxındır. Bu, bir daha bizim niyyətimizi, siyasətimizi göstərir.

Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparılır, bundan sonra da aparılacaq. Həm inzibati, cəza tədbirləri, həm də ən böyük effekt verən sistem xarakterli, institusional tədbirlər görülür. “Asan Xidmət” onlar arasında xüsusi yer tutur. Azərbaycan vətəndaşları görürlər ki, biz tədricən bu qurumun funksiyalarını genişləndiririk”.

Tərcümeyi-hal

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb.

1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil alıb. MDBMİ-ni bitirdikdən sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub.

1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb və 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub.

1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.

1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. Ümummilli lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib.

1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib.

1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir.

1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.

2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib.

2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Bununla əlaqədar deputat səlahiyyətlərinə xitam verilib.

İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib.

2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.

Evlidir. Üç övladı, beş nəvəsi var.

Təltiflər və fəxri adların siyahısı:

24saat.org

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button