SEÇMƏ

“Optimal Elektronika”nın keçmiş işçisi: „…mənimlə prinsipə düşüblər”

Yayımlandı: 24 Oktyabr 2022 15:21

Aygün Məmmədovanın şikayəti məhkəmədə araşdırılır

“Optimal Elektronika” mağazalar şəbəkəsinin Sabunçu filalının satıcısı
Aygün Məmmədova qanunsuz olaraq işdən çıxarıldığını deyir.

Şikayətçi Meydan TV-yə danışır ki, mağazada işlədiyi müddətdə keçirdiyi ağır xəstəliklə əlaqədar görmə qabiliyyətini itirib. 2022-ci ilin mart-aprel aylarında vəziyyətinin ağırlaşması səbəbilə xəstəxanadan tibbi arayış təqdim etməklə bir müddət evdə qalmağa məcbur olub.

Müalicələrdən sonra sol gözü tamamilə görmə qabiliyyətini itirib:

“Müəyyən müddətdən sonra işə qayıtmaq istədim. Rəhbərlikdən məlumat verdilər ki, mağazanın Sabunçu filialı satış az olduğu üçün bağlanır. Dedilər ki, narahat olmayın, bütün işçilər başqa filiala köçürüləcəklər. Səhhətim pis olduğuna görə mənə yaxın ünvanda işləmək sərf edirdi. Çünki on saat iş rejimim vardı, maaşım isə 276 manat idi. Düşündüm ki, buradan çıxıb, yüksək maaşı, az saatı olan iş taparam”.

Şikayətçi deyir ki, məsafənin uzaqlığını nəzərə alıb, əmək müqaviləsini öz təşəbbüsü ilə ləğv etmək qərarına gəlib:

“Ərizə yazdım ki, məni 2022-ci il mayın birindən işdən azad etməyinizi xahiş edirəm. Gözlədim, gördüm ki, ərizəmdən xəbər çıxmadı. İnsan Resursları Departamenti ilə əlaqə saxladım. Bildirdilər ki, hazırda Ramazan bayramı ilə əlaqədar əmək müqaviləsinə mayın 10-dan tez xitam vermək mümkün deyil. İnzibatçı da onlara bildirdi ki, Aygünün səhhəti yaxşı deyil. Ona görə də işə gəlmək istəmir. Onlar da dedilər ki, məzuniyyət ərizəsi yazıb, işdən gedə bilər. Mən də məzuniyyət ərizəsi yazıb, imzaladım. 2022-ci il mayın 4-dən artıq işə getmədim. Yəni mənə deyildi ki, işə gəlməyə bilərsən”.

Aygün Məmmədovanın dediyinə görə, ərizə yazandan on gün sonra “Optimal Elektronika”nın Baş ofisindən ona zəng vurub, aktiv kredit borcunu (200 manat) bağlamasını tələb ediblər. O isə pulu birdəfəyə ödəyə bilməyəcəyini söyləyib:

“2022-ci ilin yanvarında mağazada işlədiyim dövrdə müştəri kimi qardaşıma 350 manat dəyərində mobil telefon almışdım. Onun 150 manatını ödəmişdim. Mənə dedilər ki, yerdə qalan 200 manatı bağlayın, ya da
zamin qoyun. Mən də dedim ki, əgər 200 manatı bağlaya bilsəydim, telefonu nəğd alardım, zaminim də yoxdur. Bildirdim ki, telefonu müştəri kimi götürmüşəm. Siz mənə deməmisiniz ki, işdən çıxsan, krediti mütləq bağlamalısan. Belə şərt qoymamısınız”.

Şikayətçi iddia edir ki, kredit borcunu birdəfəlik ödəməkdən imtina etdiyi üçün onun əmək fəaliyyətinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi (əmək fəaliyyəti öhdəliklərini kobud şəkildə pozduğu üçün)
ilə xitam veriləcəyini bildiriblər:

Gözdən qaçırmayın:  Avropada ən kəskin tənəzzül istehsalatda hiss edilir

“Mayın 16-da evimizə bildiriş gəldi ki, siz iş buraxma edirsiniz. Zəhmət olmasa, üç gün ərzində Baş ofisə yaxınlaşın. Mən də getdim, İnsan Resursları Departamentinin direktorunun müavini Süleyman adlı şəxs
başladı ki, Aygün xanım, krediti bağlayın, yoxsa, biz sizi “Ç” bəndi ilə işdən çıxarmaq məcburiyyətində qalacağıq. Dedi ki, siz mayın 4-dən işə gəlmirsiniz. Bildirdim ki, mən məzuniyyət ərizəsi yazıb, getmişəm. O da dedi ki, bizdə heç bir məzuniyyət ərizəsi yoxdur. Onlar özləri həmin məzuniyyət ərizəsini yox ediblər. Krediti ödəmədiyimə görə mənimlə prinsipə düşüblər”.

Aygün Məmmədova deyir ki, beş aydır işsizdir. Eyni zamanda, “Optimal Elektronika” ona heç bir təzminat və ya kompensasiya ödənişi etməyib:

“İki yerə iş üçün müraciət etmişəm. İşə götürüldüyüm son anda elektron baza sistemini yoxlayıblar, həmin maddəyə görə imtina cavabı veriblər”.

Şikayətçi məsələ ilə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edib.

Məhkəminin ilk dinləmələri oktyabrın 11-də olub.

Növbəti məhkəmə prosesi oktyabrın 27-də gözlənilir.

Meydan TV “Optimal Elektronika” mağazasının Baş ofisinə dəfələrlə zəng etsə də, İnsan Resursları Departamentindən cavab verilməyib.

Vəkil Emil Mirzəyevin sözlərinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi işdən çıxarılmanın ən riskli və nəticəsinin də olduqca ağır olduğu bir maddədir.

Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə-işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsidir
ki, bu da işçinin sözün əsl mənasında ömürlük bədbəxt olması anlamına gəlir:

Emil Mirzəyevin şəxsi arxivindən

“Bu pozuntu (maddə) ilə işdən çıxarılan şəxslər əksər hallarda özünə yeni iş tapmaqda ciddi problemlərlə qarşılaşır və dezavantaj yaşaya bilirlər. Təəssüf ki, bu məsələnin yüngülləşdirilməsi ilə bağlı bizim
qanunvericiliyimizdə hər hansı bir norma nəzərdə tutulmayıb. İnsanlar çıxış yolunu məhkəmələrə müraciət etməkdə görürlər ki, əksər hallarda da bu müsbət nəticə vermir”.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov Meydan TV-yə bildirib ki, “Ç” bəndi işdən azad etmə hər an tətbiq edilmir.

Buna qədər işçiyə xəbərdarlıq olunmalıdır:

“İşə götürən əvvəlcə işçiyə xəbərdarlıq etməlidir. Son xəbərdarlıq və şiddətli töhmət veriləndən altı ay sonra isə “Ç” bəndi tətbiq edilə bilər”.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button