Xəbərlər

Oqtay Əsədov həbsə gedir – SABİQ SADİQ “VURULUR”

Milli Məclisin keçmiş spikeri Oqtay Əsədov növbədənkənar parlament seçkilərindən sonra siyasi karyerasının zirvəsi sayılan parlament sədarətliyini itirəndə artıq onun qələminin qırılması barədə təəssürat yaranmışdı.

Onun Milli Məclisin iclaslarını faktiki olaraq boykot etməsi də bu təssəsüratı gücləndirirdi.

Oqtay Əsədov spiker kimi uğurlu kadr hesab edilmirdi. O, “Azərsu” ASC kimi qeyri-siyasi qurumun rəhbərliyindən Milli Məclisin sədarət kürsüsünə transfer olunanda ictimaiyyət bunu təəccüblə qarşıladı. Hər halda, o zaman Yeni Azərbaycan Partiyasından (YAP) deputat seçilənlər arasında siyasi cəhətdən daha yetkin kadrlar var idi. Həmin dövrdə yayılan məlumatlarda bildirilirdi ki, Oqtay Əsədova spiker postunun rəva görülməsi onun siyasi iddialarının olmaması ilə bağlıdır. Bildirilirdi ki, o, əslində, özünü Baş nazir postundan görmək istəyirmiş. Amma hakimiyyətin zirvəsi Artur Rəsizadəni onunla əvəzləmək məqsədəuyğun sayılmayıb.

Oqtay Əsədov 2005-ci ildə 2020-ci ilin fevralına qədər Milli Məclisin spikeri olub. Bu müddət ərzində yerinə göz dükənlər çox olsa da, o, postunu qoruya bilib. Oqtay Əsədovun islahatlar dalğasından üzüağ çıxa bilməməsi də ictimi-siyasi seqmentin müəyyən kəsimində təəccübə səbəb olub.

Göründüyü kimi olmayan Oqtay Əsədov

İslahatları iqtidardaxili ziddiyyətlərin təzahürü hesab edənlər hakimiyyətin Oqtay Əsədov kimi sözəbaxan kadrı əvəzləməsinin məntiqini anlamaqda çətinlik çəkir. Amma bir şeyi unudurlar ki, keçmiş spiker heç də göründüyü kimi sözəbaxan olmayıb.

O, spiker postunu itirəndən sonra Milli Məclisin iclaslarını boykot etməklə bunu açıq şəkildə nümayiş etdirdi. İslahatlar həm də əsasən oliqarxiyadan ibarət olan köhnə qvardiyanın sıradan çıxarılmasına hesablanan proses olduğundan Oqtay Əsədov da hakimiyyət üçün təhlükəli fiqur hesab edilirdi. Onun “köhnələr”i təmsil etməsi, islahatların, digər oliqarxlar kimi keçmiş spikerin maraqlarına uyğun olmaması, həssas dönəmdə sədaqət anlayışını arxa plana ata bilərdi. Oqtay Əsədovun kənarda saxlanılmasınn əsas səbəblərindən bir bu ola bilərdi.

HESABLAŞMA

İndi keçmiş spiker üçün ikinci mərhələ başlayıb. Son günlər Oqtay Əsədovun biznes imperiyası barədə materiallar tirajlanır. Onun Rusiyadakı qalmaqallı biznes strukturu yada salınır və bütün bunların korrupsiya hesabına yaradıldığı bildirilir. Sabiq məmurların həbs olunduğu bir dövrdə Oqtay Əsədovun da biznes imperiyasının gündəmə gətirilməsi onun üçün də həbs təhlükəsini qaçılmaz edir – baş verənlərdən gəlinən qənaət budur.

Şübhəsiz bunun siyasi səbəbləri də var. “Dövlət çevrilişi”nə cəhd barədə iddiaların səsləndirildiyi bir dönəmdə Oqtay Əsədovun da gündəmə gətirilməsi arasında hansısa əlaqələrin olduğunu ehtimal etmək olar.

Əgər bu mülahizələr ciddi əsası varsa, o zaman keçmiş spikerin də həbsinin şahidi ola bilərik.

“Oqtay Əsədov həbsə gedir – SABİQ SADİQ “VURULUR”” başlıqlı yazı “24 saat”Araşdırma Mərkəzi tərəfindən hazırlanıb

@az24saat.org – Oqtay Əsədov həbsə gedir – SABİQ SADİQ “VURULUR”

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button