Loading...
Loading...
Sosial

Oqtay Gülalıyevin komaya düşməsində həkim səhlənkarlığı araşdırılacaq

İki il yarımdır koma vəziyyətində olan hüquq müdafiəçisi Oqtay Gülalıyevin bu duruma düşməsində həkim səhlənkarlığının olub-olmaması məsələsi yenidən gündəmə gəlib. Bir il öncə prokurorluq Gülalıyevi müayinə və müalicə etmiş həkimlərin əməlində cinayət tərkibi olmadığı qənaətinə gələrək cinayət işi başlanmasının rədd olunması qərarı vermişdi.

Aprelin 14-də Nəsimi rayon Məhkəməsi isə prokurorluğun həmin qərarını ləğv edib. Bu barədə AzadlıqRadiosuna vəkil Şəhla Hümbətova məlumat verib: Məhkəmə belə nəticəyə gəldi ki, prokurorluq yetərincə araşdırma aparmadan o qərarı qəbul edib. Ona görə də ləğv etdi. Həkim heyəti ilə bağlı əlavə araşdırma aparılması üçün məhkəmə materialları prokurorluğa göndərildi”.

Hüquq müdafiəçisinin ailə üzvləri “Baku City Hospital”ın həkim heyətindən şikayətçidir. Həyat yoldaşı Firuzə Gülalıyeva hesab edir ki, bu klinikada əməliyyat gecikdirilməsəydi, o, indiki vəziyyətdə olmayacaqdı. Onun sözlərinə görə, bu hospitaldan öncə Kliniki Tibbi Mərkəzdə olanda hüquq müdafiəçisinin durumu daha yaxşı olub. Onu özəl xəstəxanaya köçürəndə huşunu itirsə də, vaxtında tədbir görülməyib, əməliyyat yubadılıb.

“Hadisə baş verəndən sonra Oqtay Gülalıyev əvvəl Kliniki Tibbi Mərkəzə aparılıb. O zaman huşu yerində, danışığı qaydasında olub. Axşam saat 23 radələrində “Baku City Hospital”a köçürülüb. Orada əməliyyat 13 saat gecikdirilib. Ertəsi gün saat 12 radələrində artıq vəziyyət kritikləşəndən sonra əməliyyata aparıblar. Bu da Səhiyyə Nazirliyinin müdaxiləsi və nazirliyin göstərişi ilə Neyrocərrahiyyə Xəstəxanasından göndərilən həkimlərin sayəsində baş tutub”, – Gülalıyeva deyib.

Gülalıyevin avtomobillə vurulmasıyla əlaqədar istintaq zamanı həkim heyəti ilə bağlı da araşdırma aparılıb. Qəzanı törətməkdə suçlanan sürücü Kənan Abdullayev haqqında cinayət işi məhkəməyə göndəriləndə həkimlərlə bağlı cinayət işi ayrılmışdı. Həmin ayrılmış cinayət işinə sonradan xitam verilib.

Gülalıyevanın çoxsaylı şikayətlərindən sonra Baş prokurorun birinci müavini Elçin Məmmədov xitam qərarını ləğv edib cinayət işini təkrar araşdırma üçün Nəsimi rayon Prokurorluğuna göndərmişdi. Lakin prokurorluq bu dəfə də cinayət işi başlanmasının rədd olunması haqda qərar çıxarmışdı. Bu qərarı ailə gec aldığına görə məhkəməyə şikayət verilməsi də yubanıb.

“Baku City Hospital”ın həkimləri isə ailənin narazılığının əsassız olduğunu bildirir. Onlar iddia edir ki, O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatının gecikməsinə görə həyat yoldaşı məsuliyyət daşıyır.

Hüquq müdafiəçisinin komaya düşməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi 2019-cu il oktyabrın 29-da baş verib. Hadisəni törətməkdə suçlanan Kənan Abdullayev CM-in 263.1-1 (yol hərəkəti qaydalarının pozulması, zərərçəkmişə ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə təqsirli bilinib. Ona məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il 3 ay cəza verilib.

Gülalıyev “Baku City Hospital”da beyin əməliyyatından bir neçə gün sonra koma vəziyyətində Türkiyəyə aparılıb və bir ilə yaxın orada müalicə olunub. 2020-ci ilin noyabrında Bakıya qaytarılan hüquq müdafiəçisinin müalicəsi o vaxtdan ev şəraitində davam edir. O, hələ də komadan ayılmayıb.

Gülalıyev ölkədə işgəncələr, qanunsuz və siyasi motivli həbslərlə bağlı araşdırmalar aparır, baş verənlər haqda mütəmadi hesabatlar hazırlayıb yayırdı. Onun qəsdən vurulması haqda iddialar səslənsə də, rəsmi qurumlar da, hadisəni tərədən sürücü də bu versiyanı təkzib edib. Qəzanın ehtiyatsızlıqdan baş verdiyi bildirilib.

24 saat” “
Oqtay Gülalıyevin komaya düşməsində həkim səhlənkarlığı araşdırılacaq
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button