2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Oyunlara xərclənən haqqımız

Səadət Cahangir

Böhranın boğazımıza dirəndiyi bir vaxtda yüz minlər də İslam Həmrəylik oyunlarına getdi. Oyun dividentləri ilə bağlı nağıllara çoxdan qarnımız tox. Guya bu oyunlar ölkəmizi dünyada tanıdıb şöhrətləndirirmi.. Ölkəmizin “şöhrətlənməsinə” onsuz da ehtiyac yox. Bu hakimiyyət o “şöhrət” üçün əlindən gələn hər şeyi edib. Qazanc söhbəti də lap Əzrayılın uşaq paylaması məsələsinə bənzəyir. Allah xatirinə, bizimkinə toxunmasın, onunkunu istəmirik! Hər kəs bilir ki, bu oyunların təpiyi bir yerdə mütləq dönüb onun ayağına dəyəcək. Gerçək bir fakt. İki gün əvvəl tanınmış bloqqer Orxan Adıgözəlin FB səhifəsində etdiyi bu paylaşım hər şeyi açıq ortaya qoyur: “Başınızı ağrıtmaq kimi çıxmasın, deməli, bu gün İslamiadanın bağlanış mərasimi olacaq. 1-ci qrup əlilliyimə görə aldığım 140 manat 1 həftəyə yaxındır pensiya kartıma yüklənməyib. Bu təkcə məndə belə deyil. Minlərlə əlilliyi olan vətəndaş öz pullarını ala bilmir. Pul da kı, pul ola. Dilənçi payı. Hələ 2-ci və 3-cü qrup əlilliyi olan vətəndaşların vəziyyəti daha ağırdır. Onların 50-60 AZN-lik təqaüdləri, ümumiyyətlə, 2 aydır verilmir. İslamiadada isə 1ci yeri tutan idmançıya 150 min AZN, həmçinin həmin idmançının baş məşqçisinə 75 min AZN verilir…”

Saytların yığılması Saytlarin yigilmasi

Orxanın bu paylaşımına yazılan rəylərin birində də müəllimlərin dərdi ortaya tökülüb. “Bu gün müəlliməm deyir “maaşımızdan kəsiblər.” Verdikləri 5-10 manat maaşdan da kəsirlər. Üstəlik insanın baxdığı anası, 2 övladı, ailəsi var..hansı günümüzə yaraşır…” Aylardır müavinətlərin, təqaüdlərin gecikməsi və dövlət büdcəsindən əməkhaqqı alanların maaşından tutulmalar kimsəyə sirr deyil. Bunu yaxın çevrənizdəki insanlardan özünüz də dəqiqləşdirə bilərsiniz. Hətta oyunlar ərəfəsində ölkə kitabxanalarında çalışan yüzlərlə insanı 2-3 aylıq “özhesabına” məzuniyyətə yola salıblar. Bilirsiniz, “özhesabına” da o deməkdir ki, o aylarda maaş, filan olmayacaq. Təbii, adamlar böyük işlərlə məşğuldur. Oyunun birini yola verib, o birini başlayırlar. Qonağın birini yola salıb, o birini qarşılayırlar. Qarşıdan da Formula 1 yarışları gəlir. Toparlanıb elliklə onu yola vermək lazımdır. Dost var, düşmən var. Biz burda havaya rəng-rəng fişənglər buraxıb, atəşfəşanlıq etdikcə ermənilərin bağrı partlayır. Qoy partlasın! Sıçrayışlı inkişafımızı gözü götürməyənlərin gözü çıxsın! Nə qədər gülünc günlərə qalmışıq, deyilmi?

Bu oyunlar bitməyəcək, biləsiniz. Neçə ki, siz haqqınızın zorlanmasına susacaqsınız, bitməyəcək. On illərdir milyardları havaya sovurub ölkəni böhran girdabına salanların oyunlarına alət olmaq, zülmünə qatlanmaq, ərköyünlüyünə dözmək alın yazısımı? Deyil, heç də deyil. O qəpik-quruş da, onun gecikməsi də, kəsilməsi də sənin taleyin deyil. Onu dəyişmək, haqqına sahiblənmək, etiraz etmək sənin öz əlində. Bu, sənin ana südü kimi halal haqqın. Bu, sənin konstitusiya ilə müəyyən olunmuş hüququn. Bu, sənin ölkən, torpağın, millətin, ailən qarşısında borcun. Oyunlardan, oyunçulardan, yalanlardan, yalançılardan bezmədinmi? Qalx, haqqına sahib çıx, Azərbaycan insanı! İnsan kimi yaşamaq sənin də haqqındır axı.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button