2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Öz qutumuza sahib çıxaq

Yaxud, bizim “evet” və “hayır”ımız nədən ibarətdir
Bir müddət əvvəl sosial şəbəkələrin gündəmini metroda öpüşənlərə təpk vuran jurnaslitin statusu zəbt etdi. Hansı səhifəni açsaq, hansı statusa baxsaq, məlum hadisəyə münasibətin şahidi olurduq. Bu statusla bağlı karikaturalar çəkildi, lətifələr qoşuldu, yazılar yazıldı və.s Hamı öpüşən gənclərin hüquqlarının pozulmasını, onlara qarşı zorakılığı pisləyir, müasirliyin keşikçisi kimi çıxış edirdi. Açığı, bu statusun altında alovlu şərhlər yazan adamların əksəriyyəti mənim üçün qeyri-səmimi görünürdü. Çünki, bu adamlar bütün dəyərlərin təpikləndiyi, zorakılığın normaya çevrildiyi, müsariliyin təhdid olunduğu bir ölkədə yaşayırlar və bütün bu eybəcərliklərlə barışıblar. Hansısa müxalifət funksionerinin vəhşicəsinə döyülməsinə, hansısa qadının polis dəyənəyinə tuş gəlməsinə, ölkənin monarxiyaya çevrilməsinə, hər gün insanların haqqının tapdanmasına susan adamlar, gənclərə təpik vurulmasına dözə bilmirdilər. Əlbəttə, gənclərə təpik vurulmasını, təhqir edilməsini heç kim müdafiə etmir və bu yanlış addımdır. Amma bu ölkədə minlərlə gəncin həyatı qaralıb, minlərlə gənci səfalətlə, zillətlə öpüşməyə məcbur ediblər və adekvat reaksiya müşahidə olunmayıb. Əgər həmin statusa qarşı olan hücumlar, ölkədəki eybəcərliklərə qarşı olsaydı, bugün demokratk bir ölkədə yaşayardıq. Təəssüf ki, bizim vətəndaşlıq mövqeyimiz, etirazımız öpüşmə, qucaqlaşma məsələlərində aktivləşir.
İndi də, Türkiyədəki referendumla bağlı sosial şəbəkələrdə etirazları, aqressiv şərhləri, həyəcanlı statusları görürük. Əlbəttə, Türkiyə qardaş ölkədir, bu ölkədə hər hansı neqativ halların baş verməsinə üzülürük və Türkiyəni həmişə müsəlman dünyasına layiqli bir model kimi görmək istəyirik. Amma referendumda “evet”, yoxsa “hayır” çıxacağına bu qədər həssas münasibət, Ərdoğanın, Kılıcdaroğlunun, Bahçelinin mənfi və müsbət tərəflərinin bu qədər incəliklə müzakirə olunması mənə qəribə görünür. Axı, Azərbaycan vətəndaşları üçün qutudan “evet” çıxması təəccüblü olmamalıdır. Əvvəla, uzun illərdi bizim seçki qutusundan korrupsiya, saxtakarlıq, ədalətsizlik, səfalət, böhran, əjdaha, div çıxır və biz seçki qutusundan əlimizi üzmüşük. İkincisi, 7 ay əvvəl Azərbaycanda da referendum keçirildi və ana qanunmuzun atasını yandırdılar. “Monarxiyaya yox” şüarıyla mitinq keçirilən ölkənin vətəndaşlarının Türkiyəylə bağlı dərin təəssüfünü başa düşə bilmirəm. Guya, Türkiyədə qutudan “hayır” çıxsaydı, Azərbaycan hökuməti avtoritarizmə tövbə edəcəkdi?
Türkiyə böyük dövlətdi və inanırıq ki, türk xalqı özündə güc tapıb dəyərlərə sahib çıxacaq. Yəni, biz Türkiyə üçün əriştə kəsməyə girişməyək, Azərbaycan üçün umac ovmağa cəhd edək.
Yaşadığmız ölkədə bütün dəyərlərə “hayır” , bütün dəyərsizliklərə “evet” deyilib. Biz zorakılığın, tənəzzülün, hüquqsuzluğun məğlub olduğu Azərbaycan qurmağa çalşmalıyıq. Təminatlı gələcəyi olmayan gəncin, sərbəst öpüşmək imkanı olsa nə dəyişəcək? Yaxud, Azərbaycanın qutusuna haram qatılıbsa, Türkiyənin qutusundan “hayır” çıxması vəziyyətimizi düzəldə bilərmi?
Öz qutumuza sahib çıxmalıyıq. Seçmək hüququ olmayan gəncin, sevmək hüququ da əlindən alınacaq. Azərbaycanı nümunəyə çevirməyə çalışaq ki, bütün dünya bizim seçki qutumuzdan sitat gətirsin.
İlham

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button