2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Özbək politoloq: “Putin üçün özbək şovinizmindən yaxşı hədiyyə yoxdur”

Yayımlandı: 4 İyul 2022 13:55

“Qaraqalpaqıstanla bağlı böhran Kremlin prioritetlərini dəyişə bilər”

İyulun 1-də və 2-də Qaraqalpaqıstan Muxtar Respublikasının paytaxtı Nukus şəhərində baş verən hadisələrdə 18 nəfər ölüb, 243 nəfər isə xəsarət alıb.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumatı Özbəkistan Baş Prokurorluğu yayıb.

Hazırda xəstəxanalarda ümumilikdə 94 nəfərin müalicə aldığı qeyd olunub: “Bəzilərinin vəziyyəti ağırdır. Qurbanlar arasında hüquq-mühafizə orqanlarının əməkdaşları da var”.

Milli Qvardiyanın məlumatına görə, iyulun 1-2-də baş vermiş iğtişaşlarda iştirak etdiklərinə görə 516 nəfər saxlanılıb.

Son 4 gündə baş verən hadisələrlə bağlı Qazaxıstanın “YouTube” kanalına müsahibə verən özbəkistanlı politoloq Rafael M.Səttarov gələcək üçün bəzi proqnozlar verib.

“Tokayevin Qazaxıstanı sürətlə Kərimovun Özbəkistanına, Mirziyoyevin Özbəkistanı isə Nazarbayevizmə doğru irəliləyir”, – Rafael M.Səttarov belə deyib.

Digər özbəkistanlı politoloq Əlişir İlhamov isə “Turan”a müsahibəsində son hadisələri “şovinizmin böyüməsi” kimi dəyərləndirib:

“Hakim rejimin bu şovinist əhvalla razılaşaraq Qaraqalpaqıstanın muxtar statusunu daha da məhdudlaşdırmaq yolunu tutacağı ilə bağlı təhlükə var”.

Ancaq Ə.İlhamov təhlükəni Rusiyadan görür:

“Putin üçün özbək şovinizmindən yaxşı hədiyyə düşünmək çətindir. Axı belə bir şovinizmin qaraqalpaqlara yönəldilməsi Kremlin etnik azlıqların hüquqlarını qorumaq adı altında müdaxiləsi üçün çox yaxşı əsas verəcək. Hərçənd Putinin öz siyasəti böyük dövlət şovinizminin günahına batıb, başı özünün sərsəm “rus dünyası” ideyası ilə qarışıb”.

Politoloq hesab edir ki, Kreml Ukraynada qarşısına qoyduğu məqsədlərdən hər hansı birinə nail olsa, növbədə Özbəkistan olacaq:

“Əvvəl bu siyahıda birinci yerdə Qazaxıstan olub. Amma Konstitusiya dəyişiklikləri və Qaraqalpaqıstanla bağlı hazırkı böhran Kremlin prioritetlərini dəyişə bilər. Putin Daşkənd üzərində təsir rıçaqlarını artırmaq və ona nəzarəti bərqərar etmək üçün Özbəkistanda vətəndaş sülhünü pozmaq üçün qəfil fürsəti əldən vermək istəməz. Axı Putin belə şanslardan yararlanmaqda ustadır”.

Politoloq Özbəkistan hökumətini “nazik məftil” üzərində getdiklərini anlamağa çağırır:

“Əsl böhran şəraitində güc və repressiya üsullarına, qaraqalpaqların muxtariyyətini məhdudlaşdırmağa deyil, dialoq və məsləhətləşmələr üsuluna üstünlük vermək gərəkdir. Yalnız belə olduqda situasiyanı tədricən və səbrlə qaydasına salmaq mümkündür ki, bu da ölkənin mill maraqlarına uyğundur”.

“Şəffaf sərhədləri olan Mərkəzi Asiyanın yaradılması ilə bağlı regionda müzakirə olunan planlara təhlükə görür. Üstəlik, qaraqalpaqların muxtariyyətinin sıxışdırılması Özbəkistan dövlətçiliyinə və suverenliyinə dağıdıcı təsir göstərəcək”, – deyə İlhamov bildirib.

O, gərginliyin artmasında əhalinin yoxsulluğunun rolunu da istisna etməyib:

“Sosial-iqtisadi gərginlik, təbii ki, Qaraqalpaqıstan əhalisinin narazılığında müəyyən rol oynayır. Bura iqtisadi fəlakət zonası, içməli suyun az və keyfiyyətinin aşağı olduğu (çox sərt, yüksək duzlu) yerdir. Bunların hamısı müəyyən fon yaradan, lakin mütləq küçə etirazlarına səbəb olmayan amillərdir. Bu vəziyyətdə əsas odur ki, muxtariyyətin konstitusiya statusunun dəyişdirilməsi kimi düşünülməmiş addımlara təhrik edilməsin”.

Digər politoloq Fərhad Tolipov isə Konstitusiya Komissiyasının buraxılmasını, Konstitusiya referendumunun ləğvini, əlavə və dəyişikliklərin müzakirəsini dayandırmağı zəruri hesab edir.

Fərhad Tolipov. Foto: Alter Ego

Onun fikrincə, Qaraqalpaqıstan həmişə Özbəkistanın digər bölgələri ilə bərabər səviyyədə hesab edilib.

Əsas Qanunun yeni redaksiyasında məqsəd bu faktı Konstitusiyanın müvafiq maddələrində təsdiq etmək olub.

“Özbəkistanın müstəqillik tarixi boyu qaraqalpaqlara qarşı heç bir ayrı-seçkilik olmayıb və bunu qaraqalpaqların özləri də həmişə təsdiqləyiblər. Belə vəziyyətlərdə ehtirasları və emosiyaları oyatmaq üçün müəyyən siyasi qərarları yanlış şərh edən qaynar başlar həmişə olur. Bu dəfə də belə oldu. Prezident Qaraqalpaqıstana səfər edib və respublika parlamentində keçirilən görüşdən sonra Konstitusiyanın Qaraqalpaqıstanın suveren statusu ilə bağlı bəndlərinin dəyişməz qalması qərara alınıb. Vəziyyət stabilləşib”, – deyə Tolipov fikrini yekunlaşdırıb.

İyulun 1-də Özbəkistanın Qaraqalpaqıstan Respublikasının paytaxtı Nukus şəhərində etiraz aksiyası olub.

Etirazlara səbəb Özbəkistanın yeni Konstitusiya layihəsində Qaraqalpaqıstan Respublikasının “suverenliyi” ifadəsinin və “respublika xalqının ümumi referendum əsasında ayrılmaq hüququ” cümləsinin silinməsi olub.

Qaraqalpaqıstan Muxtar Respublikasının hakimiyyət nümayəndələri 1 iyul aksiyasını “dövlət orqanlarını ələ keçirməyə cəhd” kimi qiymətləndiriblər.

Həmçinin Özbəkistanın Daxili İşlər Nazirliyi etirazlara səbəb olan yeni qanun layihəsini “Konstitusiya islahatlarının yanlış şərh edilməsi” kimi xarakterizə edib.

Qaraqalpaq Muxtar Vilayəti 1924-cü ildə yaradılıb, 1930-cu ilədək Qazaxıstan SSR-in tərkibində olub.

Daha sonra Qazaxıstanın tərkibindən çıxarılaraq birbaşa RSFSR-in tabeliyinə verilib.

1936-cı ildə Qaraqalpaq MSSR Özbəkistan SSR-in tərkibinə daxil edilib.

Sovet İttifaqının dağılmasından sonra bölgə 1992-ci ildə Qaraqalpaqıstan Respublikasına çevrilib.

1993-cü ildə Qaraqalpaqıstan Respublikasının Özbəkistanın tərkibinə daxil edilməsi haqqında 20 illik müqavilə imzalanıb.

Müqavilə muxtar respublikanın referendum keçirməklə Özbəkistanın tərkibindən çıxmaq hüququnu təsbit etsə də, hazırda bu müddəanın ləğv edilməsi təklif olunur.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button